TQDK: 3 nəfər başqasının yerinə imtahan vermək istəyib

14-03-2016, 10:37
Oxunub: 583
Bu gündən etibarən imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ölkənin bütün peşə liseylərinin (cəmi 45) sonuncu sinfində təhsil alan şargirdlər üçün buraxılış imtahanı keçirib.

Etatist.com TQDK-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, imtahan 24 şəhər və rayonda (Bakı, Gəncə, Şəmkir, Gədəbəy, Qazax, Tovuz, Sumqayıt, Abşeron, Şamaxı, Qax, Bərdə, Göyçay, Kürdəmir, Zərdab, Şirvan, Sabirabad, Biləsuvar, Salyan, Saatlı, Lənkəran, Cəlilabad, Quba, Qusar, Xaçmaz) təşkil olunub.

İmtahanlar bütün mərkəzlərdə eyni vaxtda - saat 12:00-da başlayıb və 2 saat 45 dəqiqə davam edib. İmtahanların idarə olunması üçün TQDK-da operativ qərargah fəaliyyət göstərib, gün ərzində imtahan mərkəzləri ilə müntəzəm əlaqə saxlanıb və imtahan prosesinin gedişinə nəzarət olunub.

"Qərargaha verilən məlumata görə 3 nəfər şagird imtahan binasına mobil telefonla daxil olmağa, 3 nəfər isə buraxılış zamanı başqasının yerinə imtahana girməyə cəhd etdiyi üçün imtahandan kənarlaşdırılıb və bu hallarla bağlı yerində akt tərtib olunub", - TQDK-dan bildirilib.

Bu gündən etibarən imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq və nəticələr yaxın günlərdə elan ediləcək.

Şagirdlər imtahan nəticələri haqqında məlumatı TQDK-nın internet saytından və ya iş nömrələrini bütün mobil operatorlardan 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti