Yadlaşma - Səbəbləri və nəticəsi

12-03-2016, 17:30
Oxunub: 3189
Bəlkə də biz təhlükənin fərqinə varmırıq, amma artıq tamamilə anonimlik və real həyatdan qopmayla qarşı-qarşıyayıq


Karl Marks başda olmaqla bir çox mütəfəkkirlər kitablarında iqtisadi vəziyyətin, sənayeləşmənin və kapitalizmin insanın yadlaşmasına gətirib çıxardığını qeyd ediblər. Təbii ki, yadlaşmanın əsas səbəblərindən biri də budur, amma bu, yeganə səbəb deyil və bütün cəmiyyətlər üçün keçərli deyil.

Yadlaşmanın başqa səbəbləri də var və bunun hansı cəmiyyətdə baş verdiyinə xüsusi nəzər yetirmək lazımdır. Çünki, hər bir xalqın öz dəyərləri, tələbatı, ehtiyacı, keçdiyi tarixi proseslər və özünəməxsus düşüncəsi var. Məsələn, əgər Qərb üçün yadlaşmaya əsas səbəb kimi sənayeləşməni, kapitalizmi göstərmək olarsa, bizim cəmiyyət üçün bu keçərli deyil. Hər şeydə olduğu kimi bu prosesdə də xalqımız “analoqu olmayan” bir yol keçib. Qəribəsi budur ki, yadlaşmanın qarşısını almaq üçün ortaya çıxmış bir ideologiyanın tərəfdarlarının idarə etdiyi dövlət, bizim yadlaşmamızda ən böyük rolu oynayıb. Təbii ki, söhbət SSRİ-dən gedir.

Düşünən insanla kütlə insanın yadlaşmasında, duyğusuzlaşmasında və laqeydliyində çox böyük fərqlər olur. Hər biri bu yadlaşmanı tamamilə fərqli yaşayırlar. Deyə bilərik ki, kütlənin yadlaşmasında ən böyük rolu, iqtisadi vəziyyət, siyasi sistem, ideologiya və ya “zamanın ruhu” oynayır. Məsələn SSRİ dövrü xalqımızda “özlüyümüzə”, dəyərlərimizə, milliliyimizə, mədəniyyətimizə (bunun olması şübhəlidir – E.Ə) qarşı bir yadlaşmaya, laqeydliyə səbəb oldu. Biz tarix boyu bu 70 ildə olduğu qədər heç bir zaman asimilyasiyaya, deqradasiyaya uğramamışdıq. Təbii ki, bunun günahını təkcə SSRİ-nin də üzərinə atmaq doğru olmazdı, çünki biz 500 ildir ki, özümüzə yadlaşa-yadlaşa gəlirik. Öz dəyərlərini, mədəniyyətini, qısacası özlüyünü itirmiş xalqlar isə çox asanlıqla müxtəlif mədəniyyətlərin, ideologiyaların təsirinə düşür. Elə müstəqillik dövrümüzdə də bu deqradasiyanın davam etdiyini (hətta daha sürətlə) müşahidə edə bilərik.

Qarabağ müharibəsindəki məğlubiyyət, bu mənada bizə ən böyük zərbələrdən biri oldu. Çünki SSRİ-dən yeni ayrılmış bir toplum olaraq o zaman hələ çox şeyə ümidimiz və ən əsası xəyallarımız vardı. Qarabağ savaşında məğlub olmamız isə özgüvənimizlə bərabər həm ümidlərimizi, həm də xəyallarımızı itirməyimizə gətirib çıxardı. Xəyalları, hədəfləri olmayan bir toplum isə deqradasiyaya məhkumdur, çünki onun dünyagörüşündə ən böyük rolu həm də bu amillər oynayır. Diqqət yetirsək məhz Qarabağ savaşından sonra bizim xalq olaraq heç nəyə vahid bir baxışımız qalmadı. Nə vətənə, nə millətə, nə dövlətə, nə dinə, nə mədəniyyətə bir prizmadan baxa bilmədik və bilmirik. Xalq isə o zaman bir olur ki, onun bu şeylərə konkret bir baxışı olur əksəriyyət olaraq. Bu əksəriyyət isə elə xalqın özüdür. Bu mənada yəqin ki, görülməli olan işlərdən biri də istər təhsil vasitəsiylə, istərsə də başqa vasitələrlə olsun, xalqın anlayacağı dildə bu şeylərin aydınlaşdırılmasıdır. Çünki, elə məhz xalq arasında ən çox işlənən bu sözlər əslində xalqın özü üçün tam müəyyən deyil. Buna görə də bütün bunlarla yanaşı xalq tərəfindən “yaşadılan” bütün dəyərlər bu qədər saxta və sadəcə dildə yaşanır. Çünki mahiyyət müəyyən deyil.

Qarabağ müharibəsinin ardınca gələn urbanizasiya (o hər zaman anonimlik gətirir, çünki demək olar ki, bu zaman heç kimi tanımır) isə bizi hər şeydən yadlaşdırdı. Ümumiyyətlə şəhərləşmənin getdiyi bütün ölkələrdə, hətta Yaponiya kimi ÖZ mədəniyyəti, dəyərləri, fəlsəfəsi olan bir ölkədə belə dəyərlərə, mədəniyyətə və özlüyünə qarşı bir yadlaşma baş verir. Çünki adətlər, əxlaq, mədəniyyət anonimliyi sevmir. Anonimliyin olduğu yerdə bunlar qalmır, daha çox fərdləşmə gedir ki, bu da toplumun ölümü deməkdir. Bir çox sosioloqların fikrincə, anonimlik olduqda, yəni, fərdi onun nəsliylə, şəxsi reputasiyasıyla, ailəsinin reputasiyasıyla qiymətləndirmək mümkün olmadığı yerlərdə kütlə, “cinayətkar kütləyə” çevrilir. Cinayət isə burada əxlaqdan və s. xalqın dəyərli saydığı şeylərdən kənara çıxmaqdır.

Fransız sosioloqu Jan Bodriyarın fikrincə, XX əsrdə insanları ticarət mərkəzləriylə, bəyaz əşyalarla, mebellərlə, televiziyayla və s. bu tip məişət əşyalarıyla özünə yadlaşdırıblar. Yəni insan artıq bütün ideallarını, dəyərlərini tərk edərək evinə hansısa bu tip əşyaları daşımaq üçün yaşayan bir varlığa çevrilib. Təbii ki, Bodriyar haqlıdır, lakin həmin dövr bizim tariximizdə SSRİ zamanında təsadüf etdiyinə görə və o “bolluq” bizdə olmadığına görə müəyyən qədər bundan yan keçə bilmişik. Lakin, dövrümüzdə bütün dünyanı sadəcə virtual varlığa, illuziyaya çevirən virtual dünyadan yan keçə bilmədik. Bəlkə də biz təhlükənin fərqinə varmırıq, amma artıq tamamilə anonimlik və real həyatdan qopmayla qarşı-qarşıyayıq. Virtual dünyanın ən böyük təhlükəsi isə ondadır ki, kütləyə urbanizasiyanın gətirdiyi anonimlikdən qat-qat böyük anonimlik bəxş edir. Bu isə öz növbəsində artıq “özlüyün” qalmış son hissələrini də parça-parça edir. Və beləliklə... postmodern dünyaya xoş gəlmisiz...

Ən təhlükəlisi isə odur ki, hər zaman bütün cəmiyyətlərdə, xalqın ən üstün təbəqəsi, düşünən və yaradan insanlar da (xüsusən də bizdə) bu virtual dünyanın köləsinə çevrilirlər. Artıq narazılıqlar da, etirazlar da, yaradıcılıq da virtual dünyada olur. Bunun isə heç bir nəticə verməyəcəyi həqiqəti danılmazdır. Əgər nələrisə dəyişmək, inkişaf etdirmək və ya zehniyyət dəyişmək (daha doğrusu yaratmaq) istəyiriksə, müəyyən qədər bu virtuallıqdan, anonimliyin bəxş etdiyi məsuliyyətsizlikdən, Qərb sivilizasiyasının gətirdiyi fərdiyyətçilikdən “yadlaşmalıyıq” ilk öncə...

Elvin Əliyev
Etatist.com
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti