XİN: Ermənistanın təxribatları vəziyyəti gərginləşdirmək məqsədi güdür

11-03-2016, 19:05
Oxunub: 690
"Məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması təmin olunmalıdır"


"Azərbaycan Müdafiə Nazirliyinin məlumat verdiyi kimi 10-11 mart tarixlərində cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə təxribat-diversiya əməliyyatının törədilməsinə cəhd göstərilib. Ermənistan tərəfindən qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca təxribat-diversiya əməllərinin törədilməsi, iriçaplı silahlar, o cümlədən qumbaraatan, minaatan və digər ağır atəş vasitələri tətbiq edilməklə, atəşkəs rejiminin intensiv şəkildə pozulması mütəmadi xarakter daşıyır".

Bunu Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev cəbhədə vəziyyətin gərginləşməsini şərh edərkən deyib.

O qeyd edib ki, Ermənistan qoşunların təmas xətti boyunca mülki Azərbaycan əhalisinin kütləvi şəkildə yaşadığını bildiyi halda, məsuliyyətsiz şəkildə, qəsdən ağır atəş vasitələri ilə mülki şəxslər və onların mülkiyyətini hədəfə alır: “Ermənistan bu kimi təxribat əməlləri ilə qəsdən vəziyyəti gərginləşdirmək, münaqişənin həllində irəliləyişə nail olunmasına imkan verməmək, qeyri-davamlı və qəbuledilməz olan “status-kvo”nu saxlamaq və Azərbaycan ərazilərinin işğalını davam etdirmək məqsədi güdür. Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində mövcudluğu münaqişənin həllinə başlıca maneə olaraq, vəziyyətin gərginləşməsinə və insidentlərin baş verməsinə səbəb olan əsas amildir”.

H. Hacıyev bildirib ki, münaqişənin davamlı və uzunmüddətli həllinə nail olmaq üçün BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ regionu və digər işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və tamamilə çıxarılması, habelə məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması təmin olunmalıdır. “Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmayana qədər cəbhədə yaranmış vəziyyətə görə bütün məsuliyyət tam şəkildə rəsmi İrəvanın üzərinə düşür”, - deyə o vurğulayıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti