Mümkünsüzləri mümkün etmək... - Qandi mübarizəsi

11-03-2016, 18:58
Oxunub: 580
"Əvvəlcə səni görməzdən gələrlər, sonra sənə gülərlər, sonra səninlə savaşarlar və sonra sən qalib gələrsən"


Qandi XX əsrə damğasını vurmuş ən böyük şəxsiyyətlərdən biridir. İngilis tacının mirvarisi sayılan Hindistan, məhz Qandinin mübarizəsi və göstərdiyi əzm nəticəsində müstəqilliyə qovuşdu.

O dövrdə ingilis qüdrəti o qədər böyük idi ki, yer üzündə yaşayan hər 4 insandan 1-i kraliçanın təbəəsi idi. Britaniya İmperiyası öz maraqlarını dünyanın dörd bir tərəfində müdafiə edəcək qədər qüvvətli idi. Bu dövr tarixdə “Pax Britannica” olaraq adlanır.

Belə bir şəraitdə Hindistanda Çörçilin deyimi ilə desək “yarıçılpaq hind yoxsulu” Qandi öz xalqını azadlığa daşımağa çalışırdı. Bununla birlikdə qeyd etmək lazımdır ki, o, öz mübarizəsini Hindistanda yox, o zamanlar Britaniya torpaqları olan Cənubi Afrika koloniyalarında başlamışdı. 1893-cü ildə ora yollanan Qandi, elə burada ilk dəfə qeyri zorakı mübarizə fəlsəfəsini - satyaqraxanı ortaya qoydu.

Satyaqraxa - sözlük mənası olaraq, həqiqət əzmi, həqiqətdə möhkəmlik deməkdir. Satyaqraxanın əsas məqsədi qarşıdakını dost və müttəfiq etməkdir. Vicdanlara səslənmək zor tətbiq etməkdən daha effektivdir. Zorakılıq özü ilə yalnız zorakılıq gətirə bilər, qeyri zorakılıq fəlsəfəsi isə bu zülm dairəsini qırmağa və bəşəriyyəti sülhə çıxarmağa qadirdir.

Bir çoxları bəlkə də düşünə bilər ki, qeyri zorakılıq zəiflərin mübarizə vasitəsidir. Lakin bu, əsla belə deyil. Vicdanlı olmaq və vicdanlara səslənmək yalnız güclü insanların xüsusiyyətidir. Özünə qalib gələ bilməmiş, heyvaniliyindən arına bilməmiş insanlar isə öz mövqelərini yalnız zor işlədərək müdafiə etməyə çalışırlar. Satyaqraxa isə həqiqətin işığı ilə qidalandığından, onu heç bir zor gücü məğlub edə bilməz. Qüdrətli Britaniya İmperiyası belə onun qarşısında dayan bilmədisə, inanın mənə, heç bir tiran onun qarısında qüvvət sahibi deyil. Düşünün ki, siz Tanrını müdafiə edirsiz, heç yolunuzdan dönərdinizmi? Çünki vicdan Tanrıdır, hər birimizin daxilindəki Tanrı.

Qandinin təliminə görə satyaqraxanı qəbul etmiş insan 4 əsas əhd verir:

1. Həqiqət yolundan dönməmək;
2. Qeyri zorakılıq və sevgi;
3. Mənəvi təmizlik, ola bildiyincə arzuları və nəfsi boğmaq;
4. Mülkiyyətdən imtina etmək;

Bu 4 əhdinə sadiq insan get-gedə güclənəcək, ruhi dünyasında intizam yarada biləcək. İntizam isə qələbəyə gedən yolda ən böyük yardımçıdır. Unutmayın, Qandi deyir:

"Əvvəlcə səni görməzdən gələrlər, sonra sənə gülərlər, sonra səninlə savaşarlar və sonra sən qalib gələrsən".

Səid Əlizadə
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti