Vüqar Gülməmmədov: “Hesablama Palatası fəaliyyətini gücləndirib”

7-03-2016, 13:12
Oxunub: 1445
Dövlət borclarının və qeyri-vergi gəlirlərinin təhlili ilə bağlı analitik fəaliyyətin yekunlaşacağını bildirib


“Hesablama Palatası nəzarət tədbirlərinin əhatəsini artırmaq məqsədilə fəaliyyətini  gücləndirib”.

Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Azadinform-un sualını cavablandırarkən deyib. Onun sözlərinə görə, dövlət başçısının ölkədə qeyri-neft sektorunun inkişafı və iqtisadi sistemin şaxələndirilməsi, stabil iqtisadi artımın təmin edilməsi və əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı dövlət qurumlarına verdiyi tapşırıqlarla yanaşı maliyyə nəzarətinin gücləndirilməsi üzrə müəyyən etdiyi mühüm vəzifələrin icrasını təmin etmək məqsədilə Hesablama Palatası nəzarət tədbirlərinin əhatəsinin genişləndirilməsi və maliyyə inzibatçılığının gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirməkdədir.

Palata sədri kənar dövlət maliyyə nəzarəti orqanı olan Hesablama Palatasının İş planı ilə nəzərdə tutulmuş audit tədbirlərində dövlət satınalmalarında şəffaflığın artırılması, maliyyə və qiymət intizamının yüksəldilməsi, sifarişlərin real tələbata uyğun tərtib edilməsi, aparılmış əməliyyatların maliyyə hesabatlarında düzgün əks etdirilməsi, vəsaitlərin səmərəli və qənaətli istifadəsi ilə bağlı məsələlərin xüsusilə diqqətdə saxlanıldığını bildirib. 

“Hesablama Palatası 2015-ci ildə fəaliyyəti ilə bağlı Hesabat layihəsi tərtib edilib, hər il olduğu kimi, cari ildə də büdcə prosesinin təkmilləşdirilməsi ilə bağlı Nazirlər Kabinetinə təqdim edilmək üçün təkliflərin hazırlanıb və tezliklə müvafiq qaydada təqdim ediləcək”, - deyə bildirən palata sədri vurğulayıb ki, hal-hazırda Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində, Bakı şəhər İH-də, eyni zamanda, Meliorasiya və Su Təsərrüfatı ASC-də icra edilən beynəlxalq layihə ilə bağlı audit tədbirləri keçirilir və büdcə vəsaitlərindən istifadə edən qurumların maliyyə hesabatlarının təhlili ilə bağlı işlər aparılır. 2016-cı ilin İş Planı ilə nəzərdə tutulmuş gələcək tədbirlərə gəldikdə isə V. Gülməmmədov bu ilin sonunadək Azərbaycan Respublikasının Təhsil, Mədəniyyət və Turizm, Ekologiya və Təbii Sərvətlər, Müdafiə Sənayesi nazirliklərində, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunda, Azərişıq ASC-də audit tədbirlərinin keçirilməsinin nəzərdə  tutulduğunu, həmçinin, dövlət borclarının və qeyri-vergi gəlirlərinin təhlili ilə bağlı analitik fəaliyyətin yekunlaşacağını bildirib.  

Xatırladaq ki, Prezident İlham Əliyevin milli iqtisadiyyatın yenidən formalaşdırılması ilə bağlı hökumət və dövlət qurumları qarşısında qoyduğu mühüm vəzifələrdən irəli gələrək Hesablama Palatası cari ilin iş planı ilə kənar maliyyə nəzarətinin təmin edilməsi məqsədilə tədbirlər nəzərdə tutub. Palatanın sədri onu da bildirib ki, aparılmış maliyyə nəzarət tədbirlərinin nəticəsinə uyğun olaraq hazırlanmış təkliflər gələn həftə Nazirlər Kabinetinə təqdim ediləcək.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti