Dəliliyin tarixi - Kölə və ağa əxlaqı

3-03-2016, 18:16
Oxunub: 2512
Kölələr üçün dəliliklə fərqlilik mahiyyət etibarilə eyni şeyi ifadə edir


Özünün məşhur “Dəliliyin tarixi” əsərində Mişel Fuko cəmiyyətin tarix boyu əxlaqıyla, düşüncələriylə “kütlə əxlaqı”na uyğun gəlməyənlərə qarşı necə amansız davrandığını faktlarla çox gözəl izah edir.

Xüsusən də XIX əsrə qədər kütlə əxlaqı, din və dövlətin birgə fəaliyyəti fərqli olanlara qarşı bir cəbhə almışdı sanki. Allaha inanmayanlar, cinsi azlıqlar, fərqli əxlaq və həyat tərzi olanlar, hətta işləmək istəməyənlər belə “islah edilə bilən” və “islahı mümkünsüz” olaraq iki kateqoriyaya ayrılaraq “dəli” adı qoyulub dəlixanalara salınırdılar. Bu faktlara baxdıqda Nitsşenin “Əxlaq, sürünün özünü qoruma instinktidir” deyimi tam yerinə düşür. Sürü, “kölə əxlaqı” həqiqətən özündən olmayanlara və özü kimi yaşamayanlara qarşı amansızdır. Zaman keçdikcə Avropa xalqları bu əxlaqı aşmağa başladılar və günümüzdə demək olar ki, belə bir problemləri qalmayıb. Yəqin ki, öz inkişaflarını da bu əxlaqı aşmağa borcludurlar. Kölə əxlaqı fərqlilərə qarşı olduğu qədər, həm də yeni fikrə qarşı idi. Çünki yeni düşüncə fərqlilərin sayəsində yaranır. Təbii ki, artıq Avropada da yenidən kütlə əxlaqı yaranıb amma bu artıq dinin deyil, dövlətin yaratdığı əxlaqdır.

Nitsşenin məşhur “Kölə və ağa əxlaqı” ayrımı da bu mövzuda kölə əxlaqının nə qədər təhlükəli olduğunu və mütləq deqradasiyayla nəticələndiyini göstərir. Çünki kölə əxlaqı, heç bir zaman günahı özündə görməyən, öz miskin varlıqlarının günahını başqalarına yükləyən sürünün əxlaqıdır. Nitsşe, bu mənada sosialist və anarxistlərin xristianlıqla eyni kökdən, yəni kölə əxlaqından gəldiyini yazırdı. Çünki bu tip ideologiya və cərəyanlar özlərinə bir düşmən yaradaraq bütün günahı ona yükləyirlər. Bu isə Nitsşeyə görə kölələlərə xas xüsusiyyətdir.

Ümumiyyətlə kütlə tarix boyu yeni fikir, ideya, ideologiya gətirənlərə qarşı hər zaman amansız davranıb, “dəli” deyib, cəzalandırıb. Halbuki, tarix bu “dəli”lərin fikirləriylə hərəkətə keçir, onların ideyaları üzərinə yaranır. Lakin hər cür yenilik gətirən şəxslər bu müxtəlif cür, amma eyni həyatı və reaksiyanı görməyə məhkumdular. Tarix bu tip faktlarla doludur, bunları görmək üçün öz tariximizə nəzər salmağımız da bəs edər.

Azərbaycanın aydınlama dövrü...

Azərbaycanda maariflənmə işləri görən, aydınlanma dövrümüzü yaratmağa çalışanlar kütlə tərəfindən sıxışdırılmağa, təhqirə və “dışlanma”ğa məruz qaldılar. M.F. Axundzadənin, Mirzə Cəlilin, Sabirin, Zərdabinin və başqa maarifçilərin həyatına nəzər salmaq bunu görməyə kifayət edər. Daha sonrasında SSRİ dövründə də bir çox müəlliflərimiz bu “əxlaq”ın qurbanı olublar. Təbii ki, onların həyatı daha faciəli oldu, çünki artıq kölələrin əlində təzyiq aparatı, yəni dövlət var idi.

Günümüzdə cəmiyyət o dövrdən elə də fərqlənməyən, eyni əxlaq sahibdir hələ də. Bunu, valideyn-övlad münasibətlərində daha qabarıq şəkildə görmək olar. Xüsusən də fərqli düşünən, kitab oxuyan, fəaliyyət göstərmək istəyən övladlar valideyn “terror”u ilə qarşılaşırlar. “Çox oxuma, a bala, dəli olarsan!” fikri də bu əxlaqın nəticəsidir. Çünki Fukonun analizinə əsasən kölələr üçün dəliliklə fərqlilik mahiyyət etibarilə eyni şeyi ifadə edir.

Mənəvi aristokratları, elit təbəqəsi və düşünüb fəaliyyət göstərən intellektualları olmayan cəmiyyətlər bu xüsusiyyətləri aşmaqda çətinlik çəkirlər. Belə cəmiyyətlərdə “kölə əxlaq”ı bütün sahələrə, dövlətdən tutmuş məktəblərə qədər hər yeri öz əsarəti altına alır. Və bundan təbii ki, ən çox düşünən insanlar əziyyət çəkirlər - ya diqqətdən kənar qalırlar, ya da müxtəlif formalarda cəzalandırılırlar (təhqir, həbs, uzaqlaşdırılmaq, sıxışdırılmaq və s.).

Təbii ki, kütlədən fərqli olaraq biz, “dəli”lərin özlərinin də nə qədər fərqli olduqlarını bilirik. Fərqli düşüncə, həyat tərzi, ideologiya və s. daşıyıcısı olmaq xalqın zehniyyətinin dəyişməsinə gətirib çıxarmır. Dəyişmək, fəaliyyət göstərməyin nəticəsində olur. Fəaliyyət isə ilk öncə şəxsi ambisiyalardan, mənfəətdən, eqodan keçilərək göstərilir. Dünyanı dəyişən bütün dahi şəxsiyyətlərin xüsusiyyətləridir bunlar. Çox təəssüf ki, bizim “dəli”lərimiz də çox məsələdə eynən elə xalq kimi düşünür, onlar kimi “kölə əxlaqı” virusuna yoluxublar. Virusdan qurtulmağın isə yolu kollektiv fəaliyyət göstərməkdir. Çünki, fərdi fəaliyyətin çox zaman uğursuz olduğu elə Fukonun da göstərdiyi faktlardan, tarixi analizdən də yaxşı görünür. Bunu ən yaxşı antik yunanlar başa düşmüşdülər. Buna görə hələ də tarix, onların fikirləri üzərinə hərəkət edir...

Elvin Əliyev
Etatits.com
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti