Uran: "Azərbaycanda hekayə repinin inkişaf etməsini istəyərdim"- Müsahibə

3-03-2016, 17:41
Oxunub: 1664
"Nağılbaz adı beynimdə idi mənim..."


"Facebook"da rep səhifələri arasında "PazRap" səhifəsi müsahibə və videosorğuları ilə tanınır. Səhifənin məqsədi Azərbaycanda repi daha çox kütləyə tanıtmaq və repçilərə dəstək olmaqdır. Bundan əlavə dinləyicilərin repçiləri daha yaxından tanıması üçün müsahibələr keçirir, dinləyicilərin də suallarını onlara ünvanlayır. Səhifənin növbəti müsahibi Azərbaycanın tanınmış repçisi Urandır (İbrahim İbrahimov). Uran 1 il 8 aydır ki, təhsillə bağlı Almaniyada idi. Buna baxmayaraq orda "UranFm" albomu üzərində işləyib bitirib. 

Etatist.com sözügedən müsahibəni təqdim edir:

-Necə oldu ki, yazmağa başladınız?
- Şeir yazırdım...

- Nə vaxtdan?
- Xoşum gəlmir bir az qədimə getməkdən, amma 1994-dən. Sadə-sadə dördlüklər yazırdım. Xüsusən də Sabirdən qidalanırdım. Mirzə Ələkbər Sabirin mənə böyük təsiri var idi desəm daha uyğun olar. Düzdür, onda 6-cı sinifdəydim, bəlkə də onda güclü təsirini hiss etmirdim, amma təsirin bünövrəsi qoyulurdu. Bizim evimizin yanında Mirzə Ələkbər Sabir adına kitabxana var və o kitabxananın mən qarmon sinfinə yazılmışdım. Əvvəl kukla teatrına gedirdim. Orda Sabirin "Fisincan" qəzəlindən bir beyti var idi:
"Kim ki, insanı sevər, - aşiqi-hürriyyət olur,
Bəli, hürriyyət olan yerdə də insanlıq olur."
Mən bu ikiliyə vurulmuşdum. Tam anlamırdım, əslində. Amma onun oxunması və deyilməsi mənə ləzzət edirdi. "Hophopnamə" ilə tanış olandan sonra gördüm ki, aha, adam sevgi məhəbbəti atıb qırağa, satira yazır. Sadə camaatın dilindən, sadə camaatın həyatından. Mənə sadəcə onu oxumaq zövq verirdi. Elə oxuya-oxuya arada bir özüm də xırda şeirlər yazırdım. Arada sinifdə uşaqlara aid nəsə yazırdım. 

- Bəs repə?
- 1999-2000-dən. Fikrim o idi ki, yazdıqlarımı camaata çatdırım. Fikirləşirdim, hansı yolda daha asandı. Rep isə müasir ədəbiyyat formasıdır. Bəlkə də daha yeniləri var. Dedim ki, bu daha sərfəli formadır. O vaxt qulaq asdığım mahnıların ritmləri haqqında bir-iki dəfə yazdım. Elə başladım yazmağa... Birinci yazılmama qədər həddindən artıq yazmağa başladım. Amma demək fikrim yox idi. Kiməsə verim, kimsə desin. 

- O vaxt repçilərdən kimləri dinləyirdiniz?
- İlk aldığım rep kaset olub "Raşn rep 4". Belə də adlanırdı. Sonra Eminem və Tupak. Bir az banal səslənir, çünki məşhur adlar idi. Amma onlarla başladım, sonra artıq getdim kökə, bir az da dərinliyə. Yəni rep savadım artdıqca, başa düşdükcə ki, Eminem dünənki reperdi, sırağagünkünə qulaq asmaq lazımdır ki, anlayasan ki, bu dünənki niyə bura gəlib çatıb. Hamı pillə-pillə gəlir. Amma "Nağılbaz" adı beynimdə idi mənim...                                                                                

Ardı videoda...    
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti