"Azərbaycanda musiqi ilə məşğul olanlar kitab oxumurlar" - Müsahibə

3-03-2016, 14:13
Oxunub: 2581
"Musiqi Tanrı qədər mükəmməl bir varlıqdır."


Şahin Tayfunla məni 4 il bundan əvvəl repçi Kabus tanış edib. Sonra biz Şahinlə daha yaxından dost olmağa başladıq. Şahinin studiosunda onun işləri ilə tanış oldum. Fikrimcə, Şahini ən istedadlı gənc aranjemançı-bəstəkarlardan hesab etmək olar. Çünki, o öz əzmi və qətiyyəti ilə seçilir. Bu yaxınlarda sosial şəbəkələrdə səs gətirən Kabusun "Xaos" trackini ən yüksək səviyyədə aranjeman edib. Onun bu işlərindən sonra ondan müsahibə almağa qərar verdim. Həmin müsahibəni təqdim edirəm.

- Şahin, əgər aranjemançı sözünə tipik azərbaycansayağı yanaşsaq, bu sənət birinin başqası üçün yaşaması deməkdir. Yəni, sizlər həyatınızı hər hansı bir müğənniyə həsr edib pul qazanırsınız. Nə vaxta qədər kimin üçünsə bəstələyəcəksiniz?

- Əslində bunun özü azərbaycansayağı yanaşmadır. Çünki, bir musiqinin ərsəyə gəlməsi yalnız pul üçün ola bilməz. Musiqi yaradıcı insanın içindən gəlməlidir. Sizin bənzətməniz təxmini bazardakı kartof alan və satan adamın münasibətinə oxşayır. Məsələn, mən bir musiqi bəstələyirəm və onun daha möhtəşəm olması üçün bir müğənniyə ehtiyac duyuram. Hansısa səs tonu uyğun gələn müğənni ilə iş birliyi edirik. Təbii ki, mən də bu işlərin hamısını etmək üçün maddiyyata ehtiyac duymalıyam. Başqa variant yoxdur. Amma sırf pul və maddi gəlir üçün mən bu işi etmirəm. Bu təkcə nə mənim, nə də o müğənninin işi deyil. Bu birgə işdir.

- Hələ çox gəncsiniz, lakin bildiyim qədər uzun müddətdir ki, bu sənətdəsiniz? Təsadüf yoxsa seçim?

- Mən ümumiyyətlə təsadüflərə inanmıram. Mən lap əvvəldən musiqi ilə əlaqəli biri olmuşam. Mən düşünürəm ki, biz hələ özümüzü dərk etməyəndə, yəni uşaq vaxtı şüuraltımız bəzi şeyləri anlayir. Uşaq vaxtı nə yaşayırıqsa, böyüdükcə onun təsiri olur. Bu qaçınılmazdır. İnsanın uşaqlıq bilgiləri və xatirələri gələcəkdə onu yetişdirməyə başlayır. Mənim yaşım artdıqca artıq qeyri-şüurlu olaraq musiqiyə yönəldim. Siz heç inanmarsınız ki, mənim məktəb vaxtı olan fikirlərim ilə indiki musiqiçi fikirlərim arasında nə qədər geniş fərqlər var. Musiqi mənim həyatımda inqilab etdi. İlk öncə müəyyən dövr rep deməyə başladıq. Bizim komandamız belə vardı. Heç vaxt tanınmaq fikrində olmamışdıq. Sadəcə özümüz üçün müəyyən qədər çalışırdıq. Sonralar mənə elə gəldi ki, mənim səsimi məndən yaxşı yazacaq biri yoxdur. Bunu özüm etməliyəm. Özümdə bunu məcburiyyət kimi hiss etdim və musiqiçi olmağa qərar aldım. Sonra aranjeman etməyi öyrəndim. Bilirsiniz, musiqi elə bir şeydir ki, içinə girdikcə o böyüməyə başlayır. Və sən musiqinin möhtəşəmliyini dərk edirsən. Musiqi Tanrı qədər mükəmməl bir varlıqdır.

- Aranjemançı-bəstəkar olmaq üçün sizcə hansı keyfiyyətlər vacibdir?

- Aranjemançı və bəstəkar əslinə qalanda tamam başqa-başqa şeylərdir. Aranjemançı olmaq üçün gözəl musiqi duyumuna sahib olmalısan. Məsələn, sənə bir musiqi gəlir. Və sən ağlındakı o ideyaları ora boşaldırsan. Ondan sonra kompyuterdə onu yığmağa başlayırsan. Bəstəkar olmaq isə sonradan alınacaq bir şey deyil. Bu insanın öz qabında olmalıdır.

"Azərbaycanda musiqi ilə məşğul olanlar kitab oxumurlar" - Müsahibə

- Sizin nə vaxtsa bəstələrinizə irad bildirən olubmu? Yəni, ən çox tənqid olunmusunuz yoxsa sırf işləriniz bəyənilir?

- Bizim ölkəmiz elə bir ölkədir ki, iradla qarşılaşmamaq mümkün deyil. Hətta səni tərifləyən insanlar belə ilk öncə səni təhqir edib sonra tərifləyir. Məsələn, azərbaycanlılar bir musiqiyə qulaq asırlar və deyirlər ki, "köpəyin oğlu nə qəşəng oxuyur". Birinci "köpək oğlu" deməlidir və sonra səni tərifləməlidir. Bu bizim baxış bucağımızdır. Bu ölkədə çox qəribə tendensiya var. Amma mən əslində tənqidi bəyənirəm. Tənqid olmasaydı, mən bugünkü peşəkarlığıma gəlib çıxa bilməzdim. Tənqid vacibdir. Hər kəs tənqid olunduqca yüksəlir. Amma baxır kim səni tənqid edir. Əsas peşəkarların tənqidlərini dinləməkdir.

- Son dövrlərdə küçə musiqilərinin sayı sürətlə çoxalır. Hara baxırsınız, küçədə kimlərsə hansısa premitivləşmiş bir şeylər çalır. Bir növ qulağımız bayağı musiqilərin aludəçisinə çevrilməkdədir. Bəstəkar olaraq çıxış yolunu nədə görürsüz?

- Bu heç vaxt yalnız musiqiçilərlə bağlı ola bilməz. Cəmiyyətdə hər cür düşünən insan olur. Hər kəs Devid Bouini sevməyəcək, hər kəs Fiestanı sevməyəcək və ya hər kəs Niyaməddin Musayevi sevməyəcək. Zövqlər çox müxtəlifdir. Bu bayağı musiqiləri aradan qaldırmaq təkcə bizim üzərimizə düşmür. Bu ilk öncə cəmiyyətin də vəzifəsidir. Cəmiyyətdə nə qədər savadsızlıq və məlumatsızlıq varsa, bir o qədərdə bayağı musiqi var. Bunun çıxış yolu maarifləndirmədir. Azərbaycanda musiqi ilə məşğul olan əsas adamlar kitab oxumurlar. Və ya oxumaq istəmirlər. Kitab oxuyan sənətçilərimiz çoxaldıqca bayağılaşma azalacaqdır. Çıxış yolu budur.

- Məlum məsələdir ki, ölkədə "mən bəstəkaram", "mən aranjemançıyam" deyən minlərlə insan var. Amma bu insanların işlərinə və fəaliyyətinə baxsaq ortada heç bir şey görə bilmirik. Burada günahkar kimi saymaq olar?

- Müğənnilərin özü günahkardır. Çünki, müğənni ucuz iş axtarır. Onlar ucuz iş istəyirlər. Gedirlər hər hansı bir aranjemançının yanına və deyirlər ki, "mənə ən aşağı qiymətdə" bir aranjeman elə. Bütün günahı mən onlarda görürəm.

- Bəs sizcə Azərbaycanda gənc bəstəkar kimi yetişmək üçün şəraitin olduğundan danışmaq olar?

- Deməzdim ki, danışmaq olar. Məsələn, siz bir layihə yazırsınız. Mənim bunu təqdim edəcəyim bir insan yoxdur. Ümumiyyətlə, sponsor olacaq insanlar çox azdır. Gənclik bir millətin bel sümüyüdür. Gəncliyə dəstək çıxmayandan sonra ölkənin uğurundan danışmaq olmaz. Gəncləri yönləndirmək şərtdir. Alman filosof Qotfrid Leybnisin bununla bağlı çox gözəl bir sözü də var: "Gəncliyi yaxşıya yönəldən, insanlığı yaxşıya yönəldər". Bu ölkədə düşünən insanlara kifayət qədər dəyər verilmir. Dəyər verilsə böyük potensiallar ortaya çıxa bilər. Bu ölkə istedadların Vətənidir.

Faiq Azər
Etatist.com
Şərhlər : 1 Şərh yaz
ilqar 3 mart 2016 18:20  

Sahin istedadli biridir. Suallarda yaxsi secilib

İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti