"Gladio"dan "Xaos"a - Həqiqətin özü

29-02-2016, 20:38
Oxunub: 976
O, Qandi kimi həqiqətin tək qalsa belə həqiqət olmağa davam edəcəyinə inanır


"Yazdığı kimi yaşayamayanlarınkı sənət deyil, at zibilə"

Həbibi 2007-ci ildən tanıyıram. Həmin vaxtdan da dostluğumuz başlayıb. 2007-ci ildə rep deyirdi. “Vasmoy”un məşhur qruplarından birinin üzvü idi. Tez-tez partilərdə çıxış edirdilər. O vaxtlar hip-hop mədəniyyəti Bakıda təzə-təzə məşhurlaşmağa, yayılmağa başlamışdı. Amma hələ də repçilərə “narkoman” deyirdilər.

“Kabus”un digər repçilərdən fərqi yazdığını yaşaması və ya yaşadığını yazmasıdır. Həmişə içindəkiləri ən səmimi şəkildə yazıb “Kabus”. Bəlkə də buna görə çoxları onu başa düşmür. Çünki, reperlər repin minusuna qulaq asıb yazanda, “Kabus” şaman musiqilərinə qulaq asıb yazır.

"Tanrını axtarırdım, sonda özümü tapdım"

Bəzən çox aqressiv, bəzən də olduqca sakit... Bəziləri “Kabus”un repləri arasında uçurum olduğunu düşünür. Amma diqqətlə qulaq assalar həmin o sakit replərlə, aqressiv sözlərin necə eynilik təşkil etdiyini görəcəklər. Təbiətin sakit yaz havası olduğu kimi çovğunlu qış havası da olur. Amma hamısı bir bütün təşkil edir. “Kabus” da bütün repləri ilə bir bütün təşkil edir.

Mən onu tanıdığıma görə tərifləmirəm, nə etdiyini bildiyim üçün bu yazını yazıram.

"Gladio"dan "Xaos"a - Həqiqətin özü

“Gladio”dan...


Bir müddət yaradıcılığına ara versə də, 2013-cü ildə əsgər ölümlərinə etiraz olaraq yazdığı “track”lə yenidən qayıtdı. Həm də bu dəfə tam fərqli qayıtdı. İllərdir oxuduqlarını, araşdırdıqlarını, çıxardığı nəticələri yazmağa başladı. Ona albom işləməsi lazım olduğunu deyirdik. O isə işlədiyi albomları sonra silirdi. “Mənim istədiyim bu deyil” deyirdi hər dəfəsində. Elə buna görə əlində bütün imkanlar olsa da, birinci klipi düz iki il sonra çəkildi.

Axır ki, 2015-ci ildə onun istədiyi komanda toplandı və onun istədiyi kimi, sözlərini, hislərini az da olsa ifadə edə biləcək bir klip ərsəyə gəldi. Bu klipin təqdimatı ilə birlikdə kiçik parti də təşkil etmək istəsək də polis buna “Ergenekon” kimi icazə vermədi.

Haşiyə: “Kabus”un 2014-cü ilin fevral ayının 16-na planlaşdırılmış “Ergenekon” adlı konsertinin qarşısı son gündə polis tərəfindən heç bir səbəb göstərilmədən alınmışdı.

Yenə də təqdimat keçirdik. Düzdür, bu, bir reper üçün alışılmadıq təqdimat oldu – Beynəlxalq Mətbuat Mərkəzində. Amma “Kabus”un bütün işləri alışılmadıq şəkildə gerçəkləşir onsuz da...

“Gladio” birinci adı ilə böyük səs gətirdi. “Track”dəki fikirlər də ən azından adı qədər səs-küy yaratmışdı. İlk klipi uğurlu alındı...

"Gladio"dan "Xaos"a - Həqiqətin özü

... “Xaos”a


Və nəhayət üstündən bir il keçdikdən sonra “Kabus” ikinci klipini çəkdirdi və martın 1-də klip təqdim olunacaq. Çəkiliş heyəti “Gladio”dakı heyətdir demək olar ki. “Xaos”un ideya müəllifi “Kabus” özüdür. Ssenarini oxuyan kimi dedim ki, bu alışılmadıq bir iş olacaq. Klipin montajı da artıq hazırdır və klipi izləmiş biri kimi deyə bilərəm ki, bu həqiqətən xaosdur.

Albomunun adından tutmuş (Klip “Xaç” albomundan olan sinql üçün çəkilib), “track”də işlənən sözlərə qədər hər şey möhtəşəmdir. “Kabus”dan icazəsiz olsa da “Xaos”dan bir çıxarış yazmaq istəyirəm:

“Gəl danışım həqiqətdən, Onun əfvi yoxdur
Səni aldadıblar, məndən eşit rəhmi yoxdur.
Ya ondan olacaqsan, ya da ki, həyat cəhənnəmdir,
Cənnəti dadanlar sənin gözündə dəlilərdir.”

"Gladio"dan "Xaos"a - Həqiqətin özü

Ondan niyə qəliz (dərin) yazdığını soruşanda, həqiqətin asan başa düşüləcək bir şey olmadığını deyir. O, Qandi kimi həqiqətin tək qalsa belə həqiqət olmağa davam edəcəyinə, Nəsimi kimi Tanrının insanda olduğuna, şaman kimi insanın təbiətlə - Tanrı ilə bir bütün olduğuna inanır.


Mən Həbibi təkcə “Kabus” olaraq görmürəm. O, həm Nəiminin hürufisi, həm döyüşçü, həm şaman, həm də həqiqətin özüdür.

“Hamı “Kabus”u dinləməlidir” demirəm. “Düşünən insanlar “Kabus”u dinləməlidir” deyirəm.
Kamran Həsənli
Etatist.com
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti