Cəmiyyətlə dövləti ayıran nədir?

25-02-2016, 13:16
Oxunub: 319
Fərd öz mənfəətini dövlətin mənfəətindən üstün tutursa, onun bu torpağa heç bir aidiyyatı yoxdur


Universitetdə müəllim mənfəətdən danışırdı. Dedi ki, “cəmiyyətin mənfəəti - dövlətin mənfəətidir”. Ancaq izahını vermədi. Onun bu fikri ilə həyatda harda rastlaşacağıq, necə istifadə edəcəyik, bilmədik. Sadəcə dedi...

Mənfəəti bir cümlə ilə izah etmək mümkündürmü? Bu söz insanın kim olduğunu, hətta kim olacağını göstərir. Sözlərə fikir vermək lazımdır. Bir söz belə, insanın həyatına təsir edə bilir. Bunu mən yox Qandi deyirdi:

"Sözlərinizə diqqət edin, yoxsa fikrlərinizə dönüşər. Fikirlərinizə diqqət edin, yoxsa hisslərinizə dönüşər. Hisslərinizə diqqət edin, yoxsa vərdişinizə dönüşər. Vərdişlərinizə diqqət edin, yoxsa adətə dönüşər. Adətlərinizə diqqət edin, yoxsa dəyərlərinizə dönüşər. Dəyərlərinizə diqqət edin, yoxsa xarakterinizə dönüşər. Xarakterinizə diqqət edin, həyatınıza dönüşər".

Bir sözlə, söz fikrimizə, hisslərimizə, vərdişlərimizə, adətlərimizə, dəyərlərimizə, xarakterimizə çevrilə bilər. Bəlkə də, söz insanın kim olduğunu əməldən daha yaxşı göstərir. Əməl yalanı olmayan bir həqiqət ola bilər, amma onun hansı niyyətlə edildiyini bilmirsənsə düzgün qiymət verməyin mümkündürmü? İnsanın mənfəəti isə onun əsl niyyətini göstərir. İnsanlarımızda ən çox sevdiyim xüsusiyyət emosianal olmalarıdır. Çünki nə fikirləşirlərsə, gizlətmədən, düşünmədən deyirlər. Məsələn İrana din təhsil almağa gedən biri "farslardan elə yaxşılıq gördüm ki, heç bizimkilərdən görməmişəm" deyə bilir. Onun dediklərində tam səmimi olduğuna əminəm, amma bunu hansı niyyətlə deməsinin nə fərqi var? - Məncə yoxdur, çünki o insan öz vətəndaşının, dövlətinin mənfəətini bir kənara atmış olur, amma bunu anlamır.

Təbii ki, hər cəmiyyətdə yaxşı və pis insanlar var. Ermənilərə qarşı münasibətə bir baxın. Onlarla xaricdə oturub danışan, münasibət quran insan da eyni şeyləri deyir. Ancaq ermənilər üçün millətin, dövlətin mənfəəti mövzu olanda hansı mövqeyi tutduğunu görmür. Qarabağda bizə qarşı döyüşən sosialist, kommunist təfəkkürlü ermənilər hər-halda bizim qanımızı tökmək üçün döyüşürdü, sülh olması üçün yox. Söhbət millət, dövlət mənfəətindən gedirsə onlar üçün dostluq, “qardaşlıq” qalır bir kənarda.

Ermənilərlə fərqimiz...

Mənimlə razı olmayanlar ola bilər, amma "niyə Ermənistanda bir nəfər belə olsun azərbaycanlı yaşamır?" sualına cavab verə bilməzlər. Onlar yüz il ərzində onlarla soyqırımına niyə məruz qaldığımızı da izah edə bilməzlər. Erməni gəlir bizə soyqırımı edir, torpağımızı yavaş-yavaş ələ keçirir, biz isə 15-20 il sonra yenə heç nə olmamış kimi yaşamağa davam edirik. Çünki biz dövlətimizin mənfəətini düşünmürük, amma erməni dövlətinin mənfəətini heç nəyə dəyişmir, xəyanət etmir. İçimizdə olan pisləri, ya da mənfilikləri misal çəkə bilərsiz, amma doğru sözün əks arqumentə ehtiyacı olmur.

Fərdçilik etmək, mənfəətini üstün görmək normal bir şey ola bilər. Lakin bir baxın, indiyə qədər həmin fərdçilərin idarə etdiyi cəmiyyətdə yaşayırıq. Xoşbəxtsinizmi? Cəmiyyətin mənfəəti - fərdin mənfəətidir, amma fərd öz mənfəətini dövlətin mənfəətindən üstün tutursa, onun bu torpağa heç bir aidiyyatı yoxdur.

Çıxış yolu...

Bəs, bizim mənfəətimiz varmı? Ümumi, ortaq bir mənfəətimiz yoxdur, heç nifrətimiz, əməlimiz də yoxdur. Ümumi bir dini görüşümüz? - O da yoxdur. Söhbət dövlətimizin, xalqımızın mənfəətindən gedirsə, sahib olduğunuz şəxsi münasibətləri sadəcə silin. Bizim varlığımız ortaq mənfəətsiz yox olmağa məhkumdur. Ölkədən gedə bilərsiniz, amma bu çıxış yolu deyil. Çıxış yolu oxuduqlarınızdan sonra duyğularınız qabarmış vəziyyətdə gedib yoxsul insana kömək etməkdə deyil. Ortaya elə bir əməl qoymalıyıq ki, hər bir azərbaycanlı ondan bəhrələnə bilsin - çıxış yolumuz budur.

Bizim tək bir dəyərimiz olmalıdır, o da dövlətimiz. Bizi birləşdirə biləcək yeganə dəyər budur. Əgər bir gün hamı öz dövlətinə sahiblənmək istəsə onun ətrafında birliyini qura bilsə, bu dövlət həqiqətən bizim olacaq. Və heç bir acgöz, rüşvətxor məmur, qudurmuş məmur oğlu bizim əlimizdən bu dövləti ala bilməyəcək. Sadəcə xalqın birliyi olan yerdə "cəmiyyətin mənfəəti dövlətin mənfəəti" olur.

Sadiq Qasımov
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti