Stalinin "ölüm maşını" niyə güllələndi? - Araşdırma

25-02-2016, 12:46
Oxunub: 1223
Şair Cambul ona "qanlı cücə" ləqəbi vermişdi


Bu yazı XX əsrin ortalarında yaşamış insanlığın ən böyük düşmənlərindən birindən bəhs edir - Nikolay Yejovdan. Oxuduqca Sovet rəhbərliyinin və NKVD-nin bir çox cinayətləri ilə tanış olacaqsınız.

Nikolay Yejov NKVD-yə başçılıq edə biləcək azsaylı insanlardan biri idi. Ondan hamı qorxurdu. Çünki o, Stalinin "ölüm maşını" idi. Öz təsdiqini tam tapmasa da onun 40 min insanı şəxsən öz əli ilə öldürdüyü deyilir. Nikolay Yejov 1935-ci ildə icra komitəsinə daxil olur, 1936-cı ildə Yaqodanın yerinə "NKVD"-nin (Xalq Daxili İşlər Komissarlığı) rəhbəri təyin olunur. O, əsas "məşhurluğu" 1937-38-ci illərin "böyük təmizlik hərəkatı"ndan (repressiya) sonra qazandı. 6 milyon insanın həbs edildiyi, 1,5 milyon insanın öldürüldüyü repressiyaya məhz o başçılıq etmişdi. 2 il 2 aylıq fəaliyyəti Beriyanın "NKVD"-nin rəhbəri təyin olunması ilə sona çatdı. Bundan sonra o, özbaşınalıqda ittiham olundu və 1939-cu ildə yoxa çıxdı.

Nikolay Yejov kim olub?

Bu həmin qəddar insandır ki, təkcə yetişkin insanlar yox, uşaqlar belə ondan qorxurdular. Bizim cəmiyyətdə məşhur deyim olan "xoxan" anlayışı həmin o Nikolay Yejov olub.

Nikolay Yejov rəsmi Sovet qaynaqlarına görə Sankt-Peterburqda doğulub. Amma bəzi mənbələr onun Litvanın Mariiampole şəhərində anadan olduğunu deyir. Məktəb təhsilini tamamlamayan Yejov 1909-cu ildən 1915-ci ilə qədər dərzi işləyib. O, peşə məktəbinin 3 sinfini bitirmişdi. SSRİ xüsusi xidmət tarixində ən zəif təhsil almış insan idi. Cəmi 154 santimetr boyu olduğuna görə şair Cambul ona "qanlı cücə" ləqəbi vermişdi.

1915-ci ildən 1917-ci ildə qədər Çar Rusiyasının ordusunda xidmət edib. 5 May 1917-ci ildə is Vitebskdə Bolşeviklərə qatılıb. 1921-ci ilin sentyabr ayından Yejovun fəaliyyəti inkişaf etməyə başladı. 5 ay sonra onu Mari Muxtar Vilayətinə qubernator komiteti kimi göndərdilər.

Nikolay Yejov peşəkar "çekist"lər Menjinskiy, Yaqoda ve Beriyadan fərqli olaraq partiya işçisi idi.

Stalinin "ölüm maşını" niyə güllələndi? - Araşdırma

"Yejov elə bu gün həbs olunmalıdır"

Haşiyə: Sovet dövründə belə bir fikir var idi: "Bütün bu cinayətlər bütövlükdə 1937-ci illə bağlıdır. Amma o ildən öncə və sonrakı illər sakit və hüzurlu idi". Xruşovun dövründə belə bir qeyri-rəsmi fikir var idi ki, Nikolay Yejov sadəcə olaraq ağlını itirmişdi. Ən çox yayılan şaiyə o idi ki, Stalinin yeganə günahı nomenklaturaya qarşı olan repressiyalar idi.

Nikita Xruşov yazdığı xatirələrində Yejovun həbs olunduğu günü belə xatırlayır: "Həmin gün mən Kremldə idim. Stalin məni Kremldəki mənzilinə şam yeməyinə dəvət etmişdi. Otaqda bizdən başqa Molotov və bir neçə nəfər də var idi. Yejovdan söhbət düşəndə heç vaxt öz təmkinini pozmayan Stalin möhkəm əsəbləşdi və dedi ki, bu təhlükəli caninin həbs olunmaq vaxtıdır, elə bu gün. Biz heç vaxt Stalinin belə əsəbiləşdiyini görməmişdik. Qısa bir vaxtdan sonra otaqda telefon zəng çaldı. Yejovun həbsi haqqında Stalinə məruzə edildi".

1940-cı ilin fevralın 1-də Yejovun istintaqı sona çatır. İstintaqı aparan Yesaulov ittihamnaməni oxuduqdan sonra soruşub: 

- Siz günahınızı etiraf edirsinizmi?

Yejov qəti etirazını bildirir:

- Xeyr, mən ittihamnamə ilə razı deyiləm. Tələb edirəm Siyasi Büronun üzvlərindən biri mənimlə görüşsün.

- Axı siz istintaq materiallarına qol çəkib imza atmısınız.

- Mən bunu ona görə etmişəm ki, məni incitməsinlər, döyməsinlər.

1935-1939 illər arasında Partiya İntizam Komissiyasının başçısı olan Yejov, cəsusluq, anti-Sovet təbliğatında ittiham olunaraq 3 fevral 1940-cı ildə məhkəmədə mühakimə olunur və bir gün sonra güllələnir.

Aleksandr Tvardovskinin sözlərinə görə, İosif Stalin bütün səhvlərini başqaların üstünə rahatlıqla ata bilirdi. 1937-38 repressiyalarını "yejovşina" adlandırmaq olardı. Amma daha ədalətli danışsaq, bunu tam şəkildə "stalinizm" adlandırarıq.

Faiq Azər
Etatist.com
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti