Azərbaycanda xarici tələbələrə təzyiqlər olur

7-03-2013, 15:28
Oxunub: 1047


Etatist.com-a daxil olan məlumata görə, Azərbaycana xaricdən oxumaq üçün gəlmiş tələbələr ali məktəblərdə incidilir. Məlumatda müəllimlərin onlardan rüşvət tələb etdiyi və onlara təzyiqlər olunduğu deyilir.

Bununla bağlı Etatist.com-a açıqlama verən Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı, belə şikayətlərdən onların da xəbərləri olduğunu və bunu araşdırdıqlarını dedi: "Bizə də belə şikayətlər daxil olub. Şikayətlərə görə xarici tələbələr Azərbaycan ali məktəblərində xoş olmayan davranışlarla qarşılaşırlar, onlardan zaman-zaman rüşvət istənilir, onlara təzyiqlər olur. Nəticə etibarıyla onların da Azərbaycan haqqında pis fikirləri formalaşır. Ona görə də biz bu məsələnin üzərinə getməkdə qərarlıyıq və bu kimi şikayətləri gündəmə gətirmək fikrindəyik."


Şikayətlərə görə ilk öncə universitetin rəhbərliyinə müraciət etdiklərini deyən R.Hacılı, "onlardan bu halların aradan qaldırılmasını xahiş etdik. Əgər buna məhəl qoyulmasa bu məsələ ictimailəşdiriləcək." deyə bildirdi.


Bir çox universitetlərdən şikayətlər qəbul etdiklərini söyləyən AAH prezidenti, məsələnin araşdırıldığı üçün ali məktəblərin adını açıqlamaq istəmədi: "Yəqin ki, gələn həftə biz bu barədə öz rəyimizi bildirəcəyik və universitetlərin adını açıqlayacağıq".


"Mən xüsusən bir şeyi qeyd etmək istəyirəm ki, bu kimi hallara yol verən universitetlərin rəhbərlikləri başa düşməlidir ki, bu hadisələr, dünyada Azərbaycanın imicini qaldırmaq üçün görülən bütün işlərə ciddi ziyan verir. Azərbaycanda oxuyan bir tələbə öz vətəninə qayıtdıqda öz vətəndaşlarına, öz dostlarına Azərbaycan haqqında neqativ fikir deməsi daha təsirli olur, nəinki bizim gedib Azərbaycanı təbliğ eləməyimiz. Bu Azərbaycanın dünyadakı imicinə çox ciddi mənfi təsir göstərən faktordur və universitet rəhbərlikləri bu məsələdə çox həssas olmalıdır. Əgər belə olmasa biz Azərbaycanın imicini düşünərək onların üzərinə getməkdə qərarlı olacağıq." deyə Ramin Hacılı vurğulayıb.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti