Azərbaycanda “Sabahın alimləri” müsabiqəsinə start verildi

11-02-2016, 15:55
Oxunub: 519
"Bu gün Azərbaycan gənclərinə böyük etimad var"


Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, müsabiqə hər il ABŞ-da 70-dən artıq ölkənin şagirdlərinin iştirakı ilə keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisi (İntel İSEF) çərçivəsində təşkil olunur.

Müsabiqədə Bakı və Sumqayıt şəhərlərində yerləşən ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin iştirak etdiyini deyən nazir qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunan müsabiqəyə Bakı Dövlət Universiteti və Sumqayıt Dövlət Universiteti elmi dəstək verir. Builki müsabiqədə 204 şagird 106 elmi layihə ilə iştirak edir. Onlardan 39-u fərdi, 67-si kollektiv layihədir. Müsabiqəyə Bakı şəhəri ilə yanaşı, ölkənin müxtəlif bölgələrinin ümumtəhsil məktəblərinin şagirdləri layihələr təqdim edib.

Müsabiqənin keçirilməsinin əsas məqsədi yuxarı sinif şagirdlərinə elmi təfəkkür tərzi və tədqiqatçılıq vərdişlərinin aşılanmasından ibarətdir. İnnovativ fikir yarışması olan bu müsabiqə gənclərə müxtəlif problemlərin elmi həll yollarını axtarıb tapmağa kömək edəcək. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə bildirib ki, bu müsabiqə elmə ildən-ilə böyük töhfələr verəcək. Azərbaycan elminin inkişafında “gənc alimlərin” yerinin göründüyünü deyən AMEA prezidenti vurğulayıb ki, ilin sonunda AMEA-nın 71 illiyini qeyd ediləcək. Onun sözlərinə görə, bu illər ərzində Azərbaycanda beynəlxalq səviyyədə tanınan alimlər yaşayıb və onların öz dəsti-xətti olub:

“Əfsuslar olsun ki, bu gün bəzi elmi məktəblərin sayı azalıb, bəzilərinin çərçivəsi daralıb. Ancaq müəyyən elmi mərkəzlər bu gün də inkişaf etməkdədir. Bizim əsas problemimiz kadr çatışmazlığı ilə bağlıdır. Gənclərin püxtələşmiş alimlərin yanında olması Azərbaycan elmi üçün böyük impulsdur. Bu gün Azərbaycan gənclərinə böyük etimad var. Akademiyanın qapıları gənclərin üzünə açıqdır”.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxışında deyib ki, Gənclər və İdman Nazirliyi artıq 5-ci ildir ki, bu müsabiqənin təşkilində iştirak edir. Qarşıda daha böyük məqsədlər durur və bunlardan biri də yeni nəsil intellektual potensialı formalaşdırmaqdır. “Siz gənclər ölkədə yaranan potensialdan istifadə edərək səylə oxumalısınız. Gənclərin elmə marağının artırılması istiqamətində nazirlik tərəfindən bir sıra layihələr həyata keçirilir. Siz bu layihələrə qoşulmaqla öz imkanlarınızı daha da artıra bilərsiniz”, - nazir müavini belə deyib.

Qeyd edək ki, müsabiqə üç gün davam edəcək. Sonuncu gün “Açıq qapı” saatları keçiriləcək, şagird və müəllimlərə, həmçinin media nümayəndələrinə layihələrlə tanış olmaq imkanı yaradacaq. Müsabiqənin qaliblərinə təşkilatçılar tərəfindən diplom, medal, və mükafatlar təqdim olunacaq. (Virtualaz.org)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti