"Biz işimizi yarımçıq qoyan xalqıq" - Müsahibə

10-02-2016, 14:05
Oxunub: 3830
"Azərbaycanda foto anlayışı sıfır səviyyəsindədir"


Ehtiram Jabi yaşına görə regional olaraq kifayət qədər iş görmüş biridir. Mən özüm onun çəkdiyi fotoları həmişə izləmişəm. Qeyri-adi, qəribə və standartdan uzaq tərzə sahib biridir. Realist fotolara üstünlük verir. Buna görə də istədim sizlərə onun tam səmimi müsahibəsini təqdim edim.

Fotoqraf Ehtiram Jabinin Etatist.com-a müsahibəsini təqdim edirik:

- Yaşınıza görə uğurlu fotoqrafsınız. İşinizdəki tərzinizi ifadə edə bilərsiniz?

- Yaşımı qeyd etdiniz. 19 yaşım var. Fikrimcə qismən uğurlu saymaq olar məni. Çünki, regional səviyyədə belə olsa nələrsə etmişəm. Amma yenə də hiss edirəm ki, nəsə çatışmır, bir boşluq var. Yaş faktoru əslində bir az qabağa itələyir. İstərdim ki, çox şeyi gənc yaşımda edim. Daha çox yadda qalmaq üçün... Həm incəsənətdə, həm də həyatda tərzimi çalışmışam realist göstərim. Mənim sevdiyim insanlar realist olublar. Mən özümü də elə hesab edirəm. Bunu klassika belə saymaq olar. Çoxu istəyir ki, postmodern bir şeylər yaratsınlar. Müasir incəsənət isə klassik incəsənəti qəbul etmir. Fikrimi belə izah edim: Hər ikisinin ortası deyə bilərik.

"Biz işimizi yarımçıq qoyan xalqıq" - Müsahibə

"Çox az yaşda siqaretə başlayan uşaqların şəklini çəkmək istəyərdim"


- Xəyalınızdakı ən qeyri-adi fotonu çəkə bilmisiniz?
- Əslində qeyri-adi saydığımız şey kifayət qədər nisbi anlayışdır. Son zamanlar həm foto cəhətdən, həm film cəhətdən, həm də rəsm cəhətdən ağlımda çox şey var. Amma insanların bunu necə qarşılayacağını bilmirəm.
İkincisi, məndə hansı üslubun daha yaxşı alınacağını bilmirəm. Fəqət sizə bir hissəsini danışmaq istərdim. Cəmiyyətdə oturuşmuş stereotiplər var. Məsələn, diskotekaya gedən oğlanlar əsasən idmançı görünüşdə olurlar. Onlara klub geyimini yox, idmançı geyimini geyindirib çəkmək istəyərdim. Çox az yaşda siqaretə başlayan uşaqların şəklini çəkmək istəyərdim. Amerikan qanqster tipində olan azyaşlıları da saymaq olar. Bunları çəksəm yəqin ki, mənim üçün qeyri-adi olar.

- Fotoqrafiya xaricindəki hobbiləriniz nələrdir?
- Mən çox zaman foto ilə məşğul olanda, yəni, fikrimi tam ona verəndə başqa şeylər qıraqda qalır. Mənim üçün əsas fotodur. Hal-hazırda isə bir az böhrandayam. Başqa şeylərə daha çox üstünlük verirəm. Film izləməyi çox sevirəm. Film mənim üçün fotoya uyğunlaşan bir şeydir. Yüz faiz əminəm ki, foto fəaliyyətimdən sonra film işinə başlayacağam. İçimdə filmlə əlaqəli bir arzu var, bunu etmək istəyərdim. 10-15 il sonra olacaq ya yox - bunu bilmirəm. Amma bilirəm ki, filmlə bağlı da nələrsə yaratmaq istəyirəm. Əslində mən bu cür danışanda çoxları mənin özümü ağıllı göstərmək fikrində olduğumu düşünür, amma tam əmin ola bilərlər ki, bu elə deyil. Mən sadəcə içimdən gələnləri deyirəm.

- Mənim özümə də maraqlıdır. Fotoqraf olmaq seçiminiz olub, yoxsa təsadüf?
- Mən bunu tarix kimi danışmaq istəyirəm. Dostum Rəsulla biz eyni məktəbdə oxumuşuq. Rəsul artıq 10-cu sinifə gedəndə özünə kamera almışdı. O, vaxtlar fotoqrafiya artıq Azərbaycanda inkişaf etməyə başlamışdı, fotoqrafiya ilə bağlı səhifələr açılırdı. Həm "fashion" tərəfdən, həm də foto-jurnalistika tərəfdən ölkədə bir tərəqqi var idi. Bunlar da marağımı cəlb edirdi. 2-3 il bundan öncə fotoqrafiyaya başlayanların 2 seçimi var idi: Ya bədii fotoqrafiya, ya da kimilərisə çəkib pul qazanmalısan. Rəsul da başladı küçədə şəkillər çəkməyə. Bu da mənim marağımı cəlb etdi. Uşaq vaxtı hamının diləyi var idi ki, o universitetə qəbul olanda ailəsi ona maşın alsın. Mənim diləyim isə kamera idi. Həm də uşaq vaxtlarından hiss edirdim ki, öz iç dünyamı ətrafdakılara necəsə çatdırmalıyam. Fotonun tam mənim işim olduğunu zaman keçdikcə anladım. Mənə görə həm təsadüfdür, həm də seçimdir.

"Göz görür, amma beynin tam gücü çatmır yaratmağa"

"Biz işimizi yarımçıq qoyan xalqıq" - Müsahibə

- Şəkil çəkərkən göz və beyin necə bir birlik və hiss içərisində olur?

- Bunu həm insan tərəfindən fərqləndirmək olar, həm də janr tərəfdən. Janr olur ki, bu duyğu tələb edir. Janr olur ki, bu beyin tələb edir. Məsələn, beyin tələb edən janrlarda yaradılan fotolar çox insan tərəfindən başa düşülmür. Fotoqrafın fotoda nə ifadə etməyə çalışdığını bir müddət sonra başa düşürsən. Göz və beyin əslində çox çətin məsələdir. Bunu fəlsəfəyə bağlayıb izah etmək olar. Beynin fotoqrafiyanı anlaması bir az çətin məsələdir. Göz görür, amma beynin tam gücü çatmır yaratmağa. Ona görə bədii fotoqrafiya hisslərin işidir.

- Fotoşəkilini çəkmək istədiyiniz xüsusi biri var?
- Mənim çəkmək istədiyim insanların çoxu vəfat edib. Çox adam kimə pərəstiş etdiyimi bilir. Bu həm Əhməd Kaya ola bilər, həm Andrey Tarkovski ola bilər, həm Nuri Bilge Ceylan... çox ad deyə bilərəm. Yazıçılardan siması xoşuma gələn Sergey Yesenini saymaq olar. Mənim rus şairlərinə və ədəbiyyatına qarşı xüsusi sevgim var. Rusiyaya qarşı hisslərim tam başqadır. Sergey Yesenində rus insanının tipajını görürəm. Həm "mujik", həm hissiyatlı və həm də cilovludur. Futbolçulardan Corc Bestin adını çəkə bilərəm. Çox qeyri-standart üz quruluşuna sahibdir.

- Çəkdiyiniz fotolara baxanda daha çox Nuri Bilge Ceylanın "Bir Zamanlar Anadoluda" və Andrey Tarkovskinin "Nostalgiya" filmini xatırlayıram. Yəni, çəkdiyiniz şəkillər daha çox bu rejissorların filmlərini yadıma salır...
- O insanları çox sevirəm, onlar mənim üçün doğmadır. Adlarını çəkdiyinizi iki rejissor mənim incəsənətdə axtarıdığım sadəliyi göstərməyi bacaran insanlardır. Bir çox standart insanlar onların filmlərini izləyəndə sıxılmağa başlayırlar. Əslində bu insanların problemləri bu cür "art house" filmlərdə məna axtarmağa çalışmalarıdır. Mən isə son zamanlar əksinə filmlərdə məna axtarmıram. Bu iki sənətkarın hər ikisi həm də biz azərbaycanlılara yaxındır. Çünki, biz də şərqliyik. Amma çox vaxt rus insanı türklərin yaradıcılığını küçümsəyir. Buna qarşıyam. Mənə görə hər ikisi möhtəşəmdir. Həm Türkiyənin Nuri Bilge Ceylanı, həmdə Rusiyanın Tarkovskisi.

- Bəs, sizcə fotoqraf olmaq üçün bunun təhsilinə ehtiyac varmı?
- İnsanın incəsənət ruhu yoxdursa, hansı universitet məzunu olmasından aslı olmayaraq heç bir şey yarada bilməyəcək. Mən bunu Azərbaycan miqyasında görmüşəm. Həmin bu adamların çox bahalı kameraları var, çox bahalı universitetlərdə oxuyublar. Amma heç bir foto və incəsənət ruhları aşkar deyil. Bu cür adamlar kameranın söküb yığılmasından tutmuş bütün hər şeyinə qədər sadalaya bilərlər. Ancaq onlardan heç vaxt fotoqraf çıxmayacaq. Bu elə bir şeydir ki, nə təhsillə gəlir, nə də ki kiminsə məsləhətləri ilə. Sırf özünüinkişafla bağlıdır.

"Bizim insanımız yaradıcı insanlarda yaxşı və pis olanı fərqləndirməyi bacarmır"

"Biz işimizi yarımçıq qoyan xalqıq" - Müsahibə

- Bəs, Azərbaycanda bu sahə nə dərəcədə inkişaf edib?

- Fotoqrafiya çox geniş anlayışdır. Çox janra bölünür. Hər dəfə müxtəlif yeni janrlar yaranır. İnstagramda o qədər fotoqraf var ki, onlar adicə kamera ilə çəkənlərdən belə yaxşı çəkirlər. Amma tam tərəqqi mənasında götürsək foto mədəniyyəti yoxdur. Azərbaycanda foto anlayışı sıfır səviyyəsindədir. Ümumi incəsənət aspektindən baxanda belə mədəniyyəti tapa bilmərik. Məsələn, Azərbaycanda bir nəfərin "instagram"da 4000 izləyicisi var. O şəkillər çəkir, dostları onu alqışlayır və rəğbət göstərir. Həmin insan da başlayır özünü nəsə zənn etməyə. Bu cür insanlar həddindən-artıq çoxdur. Ən əsası bir şeyi vurğulamaq istəyirəm. Bizim insanımız yaradıcı insanlarda yaxşı və pis olanı fərqləndirməyi bacarmır.

- Hansı fotoqrafı kumir sayırsınız və ya ondan örnək götürürsünüz?
- Aleks Vebin adını çəkə bilərəm. Kifayət qədər fərqli fotolara sahib biridir, mənim üçün birincidir. Rusiyalı fotoqraflardan isə Giorgi Pinxasovun adını deyə bilərəm. O, Aleks Vebə yaxındır, amma öz tərzini yaratmış biridir. Məsələn, "fashion"dan Marat Safinin adını demək olar. Çox da məşhur olmasa belə "fashion" fotoqrafiyasında çox yaxşı işlərə imza atmış biridir.

- Azərbaycanlı fotoqraflar nə ilə dünya fotoqraflarından fərqlənir?
- Dünyada olan fotoqraflar insanların real həyatlarını canlı yaşamağı bacarırlar. Onlar ən pis şəraitdə yaşayan adamların yanına gedərək onları izləyir. Amma bizdə belə deyil. Biz işimizi həmişə yarımçıq qoyan xalqıq. "Magnum"um Bakıdakı təlimində çinli bir fotoqrafın şəkillərinə baxırdım. Deməli, bu insan Amerikada "China Town"da yaşayan çinlilərin həyatından ibarət şəkillər çəkmişdi. O, şəkilləri 1995-ci ildən çəkməyə başlayıb. Onlarla birgə yaşayıb, onların hisslərini belə anlamağa çalışırdı. Sonra isə həmin o ABŞ-da yaşayan insanların Çində yaşayan qohumlarının şəkillərini çəkib. Yəni, bu adamda ciddi səbr var. Bizimkilərə qalsa gedib bir məcburi köçkünün evində qalmazlar. Yarımçıq qoyarlar işlərini...

"Biz işimizi yarımçıq qoyan xalqıq" - Müsahibə

"Biz işimizi yarımçıq qoyan xalqıq" - Müsahibə

Faiq Azər
Etatist.com
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti