Qaraqan: "Pul qazanmaq və varlı olmaq fərqli anlayışlardır" - Müsahibə

9-02-2016, 21:22
Oxunub: 4601
"Bir insanın özünü bir neçə sahədə tapması pis bir şey deyil"


8 kitab, 3 albom və 200-dən çox mahnı hazırlamaq 29 yaşlı bir gənc üçün yetərincə böyük uğur hesab oluna bilər. Və üstəlik, bu şəxs Azərbaycanda boya-başa çatıbsa... Söhbətin gənclərimiz arasında “Qaraqan” təxəllüsü ilə məşhur olan Elxan Zeynallıdan getdiyini anladınız. Bir neçə gün sonra yeni kitabı “Üçüncü addım- Rəqəmsal Meşə” ilə oxucuların görüşünə gələcək Qaraqan yaradıcılığını okeanın o tayında - Amerikada davam etdirir. Onun idman haqda da yetərincə maraqlı fikirləri var. Biz də uzaqları əlçatan edən internet sayəsində onunla bu mövzu barədə söhbətləşdik.

- Qaraqanın futbola və ya ümumiyyətlə, idmana marağı hansı səviyyədədir?
- Futbola və idmana marağım, demək olar ki, yoxdur. Amma anlayıram ki, sosial-psixoloji cəhətdən bir çox kişilərin buna ehtiyacı var. Nə neqativ nə pozitiv, sadəcə reallığın bir hissəsi kimi qəbul edirəm. Qış olimpiya oyunlarında bir oyun var, qara bir şey buzun üstü ilə sürünə-sürünə gedir, iki nəfər də var gücü ilə onun sürüşdüyü yolu süpürgə ilə silirlər. Oyunun adını belə bilmirəm (körlinqi nəzərdə tutur – red.). Baxın, siz o oyuna necə baxırsızsa, mən də futbola elə baxıram.

- İndiki həyatında idmana münasibətinizi bilirik. Bəs şablon girişlə desək, həyata ikinci dəfə gəlsəydiniz, peşəkar idmanla məşğul olmaq istərdinizmi?
- Elə həyata birinci dəfə gələndə də bunu uzun müddət etmişəm. Mən karate-do və basketbol ilə məşğul olmuşam. Amma bunu peşəmə çevirərdimmi? Təbii ki, yox.

- Sizcə, futbolçunun ayağı, yoxsa yazıçının əli cəmiyyət üçün daha vacibdir?
- Məncə, hər ikisinin “başı” daha vacibdir.

- Bu gün Azərbaycanda hətta ən sıradan futbolçular da yazıçılardan qat-qat yüksək qazanca sahibdir. Bu məqam sizdə qıcıq doğururmu?
- Qazanc? Pul desəydiz, razılaşardım. Amma qazanc tamam başqa şeydir. Onun pul ilə heç bir əlaqəsi yoxdur. Sırf puldan danışsaq, pul qazanmaq və varlı olmaq da fərqli anlayışlardır. Ona görə heç bir qıcıq doğurmur.

- Artıq idman insanların sağlamlığından çox, bir qrup şəxsin biznes maraqlarını təmin edir. Bu məqamın idmanın saflığına ləkə olduğu fikri ilə razılaşırsınız?
- İdman saflığı? İdman Kolizeydə insanları vəhşi heyvanların üzərinə buraxmaqdan, qədim Maya tayfalarında düşmənin başını həlqəyə atmaqdan başlamış bir məfhumdur. Məncə, bu gün biznesmenlərin əlində olması haradasa mədəni inkişafdır.

- Yəqin, xəbəriniz var, məşhur yazıçılarımızdan biri - Çingiz Abdullayev “Neftçi”nin Müşahidə Şurasının sədridir... 
- Çingiz Abdullayevə böyük hörmətim var, cəsarətli və ağıllı insandır. Bu məsələyə də münasibətim pis deyil. Düma Parisdə ilk kababxananı açmışdı, Riçard Bax təyyarə pilotu idi, Nizaminin idarə etdiyi kənd var idi. Bir insanın özünü bir neçə sahədə tapması pis bir şey deyil. Hətta yaxşıdır.

- Sizcə, futbol niyə görə dünya çapında musiqi qədər sevilmir?
- Dünya əhalisinin 50 faizi qadındır. Yəqin ki, onların da böyük əksəriyyəti idmanı sevmir və bu da ümumi statistikaya təsir edir.

- Məşqçinin futbolçuları meydana düzməsi daha çətindir, yoxsa bəstəkarın notları kağıza?
- Təbii ki, məşqçinin futbolçuları meydana düzməsi daha çətindir. Bəstəkar notları kağıza düzəndə notlar keçib qıraqda siqaret çəkmir, gecikmir, bir-biri ilə dalaşmır. Fikirləşmirlər ki, qaçım nəqarətə tərəf “qonorarım” artsın.

- Nə vaxtsa stadionda konsert vermək istəyərsiniz?
- Konsert verməyi o qədər sevmirəm və nə qədər az adam olursa, özümü bir o qədər rahat hiss edirəm. Bu baxımdan introvertəm.

- Azərbaycan çempionatına olan azarkeş marağı hər kəsə bəllidir. Qaraqanın verəcəyi konsert Tofiq Bəhramov adına Respublika stadionunu doldura bilər?
- Məncə, “Tofiq Bəhramov" stadionunu doldura bilsə, təkcə Allah doldura bilər. Amma O da məcburən biletləri pulsuz paylayacaq.

- Amma əminliklə bildirmək olar ki, Qaraqan fanat sayı baxımından Azərbaycanda bir çox futbol klubunu üstələyir. Bu, Elxan Zeynallının uğurudur, yoxsa klublarımızın uğursuzluğu?
- Mən idmanla musiqini rəqabətdə görə bilmirəm. Ümumiyyətlə, musiqidə rəqabət varsa, bu artıq “musiqili idman" olur, musiqi olmur.

- Mərc oyunlarına münasibətiniz necədir? Sizcə, bunlar cəmiyyətimizə lazımdırmı?
- Bizim cəmiyyətə? Məncə, bizim cəmiyyət dünya və insanlığın inkişafı üçün xüsusi önəm daşımır. Ona görə qoy oynasınlar, içsinlər, çəksinlər, neftlərini çıxarsınlar, versinlər ağıllı adamlara, onlar dünyanı özləri qabağa aparacaq. Bizim cəmiyyətin yeri Filippin, Konqo, Pakistan, Çili kimidir. Məncə, rahat buraxmalıyıq camaatımızı. Qoy sünnətini, toyunu eləsin, qızıl dişini qoysun. “Dahi xalq” deyib çox yükləyirik yazıqları.

- İdmançıların dini inanc və totemləri güclü olur - hətta bir çox hallarda onların uğursuz olmalarına gətirib çıxarsa da. Məsələn, DÇ-2014-də əlcəzairli futbolçular gələcək çempion Almaniya qarşısına oruc tutaraq çıxmışdılar və nəticədə məğlub olaraq yarışda mübarizəni dayandırdılar. Sizcə, bu kimi hallarda nə etmək lazımdır?
- Dediyim kimi, münasibətim nisbidir. Məncə, insan öz həyatında məqsədini əsas missiyasını tapandan sonra bütün digər məfhumlar ona neytral gəlməyə başlayır. Kimi oruc tutur, kimi topu qapıya salmaq istəyir, sonra azarkeşlər oyundan sonra bir-birini qırır, hansısa piyli biznesmen bundan pul qazanır və yetimxanadakı bir uşaq sevincindən tullanır, çünki onun sevdiyi komanda qalib gəldi. Sadəcə reallığın ayrılmaz parçası kimi qəbul edirəm hamısını.

- Sizcə, futbolda qaradərili oyunçulara qarşı irqçi hücumların qarşısını necə almaq olar?
- Məncə, bunun qarşısını “seks” özü alacaq. Hazırda Nyu-Yorkda yaşayıram və burada o qədər fərqli irqlər, millətlər ailə qurur ki, bundan yeni qarışıq irqlər, yeni multikultural uşaqlar dünyaya gəlir. Bu işi seksə buraxın.

- Son sual: Azərbaycan futbolu haqda mahnı yazsanız, hansı janra üstünlük verərsiniz?
- “Bir dəqiqəlik sükut” janrına.
(Korner.az)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti