Prezident tapşırıq verdi, Səlim Müslümov işçi qrupu yaratdı

27-01-2016, 12:28
Oxunub: 1608


Prezident İlham Əliyevin tapşırığı ilə 10 illik dövrü əhatə edən yeni Məşğulluq Konsepsiyası hazırlanır.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu gün keçirilən iclasda deyib.

Nazir bildirib ki, konsepsiyada mövcud makroiqtisadi vəziyyətin və əmək bazarının təhlili, qarşıda duran əsas çağırışlar, növbəti illər üçün məşğulluq siyasətinin əsas məqsəd və vəzifələri əksini tapacaq.

Qeyd edək ki, bu gün nazirlikdə “Azərbaycan Respublikasının Məşğulluq Konsepsiyası (2016-2025-ci illər)” layihəsinin hazırlanması məqsədilə yaradılmış işçi qrupun iclası keçirilib. Tədbirdə İqtisadiyyat, Mədəniyyət və Turizm, Gənclər və İdman, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Dövlət Statistika Komitəsinin, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, Həmkarlar İttifaqları Konfederasiyasının, Dünya Bankının, BMT-nin Əhali Fondunun, Beynəlxalq Əmək Təşkilatının nümayəndələri iştirak edib.

Səlim Müslümovun sözlərinə görə, ölkə başçısı Azərbaycan Respublikasının Məşğulluq Konsepsiyası layihəsinin hazırlanması barədə tapşırıq verilib. Konsepsiya layihəsinin hazırlanması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq əmri ilə aidiyyəti dövlət orqanlarının, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət İşçi qrupu yaradılıb. İşçi qrupda ümumilikdə 21 aidiyyəti dövlət orqanı və sosial tərəfdaşlar təmsil olunur.

S.Müslümov 2016-2025-ci illəri əhatə edəcək Konsepsiya layihəsinin 3 ay müddətində hazırlanmasının nəzərdə tutulduğunu bildirib: “Layihədə mövcud makroiqtisadi vəziyyətin və əmək bazarının təhlili, gələcək inkişaf perspektivləri və meylləri, qarşıda duran əsas çağırışlar və problemlər, növbəti illər üçün məşğulluq siyasətinin əsas məqsəd və vəzifələri, əmək bazarında tələb və təklif arasında tarazlığın təmin edilməsi üzrə zəruri addımlar və s. əksini tapacaq”.

Nazir bildirib ki, Azərbaycanda müsbət demoqrafik amillərin təsiri nəticəsində, ölkə əhalisi artmaqda davam edir: “Bu müsbət demoqrafik tendensiya gələcəkdə yeni iş yerlərinin artırılmasını əsas vəzifələrdən biri kimi müəyyən edir. Ona görə də daim artan demoqrafik yükün əmək bazarına və məşğulluq siyasətinə təsirinin qiymətləndirilməsi yeni Konsepsiya layihəsinin hazırlanması zamanı diqqətdə saxlanılacaq.

Konsepsiyada əmək bazarında peşə və ixtisaslar üzrə kadr tələbatına dair proqnozun müəyyənləşdirilməsi metodologiyasının hazırlanması, ali, orta və peşə-ixtisas tədris müəssisələrinə tələbə qəbulunun əmək bazarının real və perspektiv tələblərinə uyğunlaşdırılması, işsizlkdən icbari sığorta sisteminin tətbiqi, ev təsərrüfatları başçısı olan qadınların əmək bazarına çıxış imkanlarının qiymətləndirilməsi və digər məsələlər nəzərdə saxlanılacaq. (Virtualaz)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti