Erkin Ergin: "Biz rusiyalılar üçün işləmişik"

23-01-2016, 13:03
Oxunub: 1217
"Azərbaycan izləyicisi hələ dünya yumoruna hazır bir durumda deyil"


Erkin Ergin yeni yumor dalğasında barmaqla sayılacaq insanlardandır. Kifayət qədər güclü sarkazmı və yumoru var. Mən də istədim ki, bu adamdan müsahibə alaq. Həm siz tam yaxından tanış olasınız, həm də mən özüm də onun fikirlərini dinləyim. Çalışdığımız qədər səmimi müsahibə ortamı yaratdıq. Çünki, Erkinlə səmimi olmamaq belə olmur.

Etatist.com həmin müsahibəni təqdim edir:


- İçinizdə "Erkin Ergin bir gün komik bir film yaradacaq" hissi var?

- Əslində Azərbaycanda belə bir şey yaratmaq çox çətindir. Çünki, Azərbaycan izləyicisi hələ dünya yumoruna hazır bir durumda deyil. Yəni, bizimkilər onlara baxıb gülsələr də səmimi qarşılamıram mən onları. Onlar milli fikirlərə yaxın şeylərə gülürlər. Biz rusiyalılar üçün işləmişik. O, dildə zarafatlar yazmışıq. Ruslar buna gülüblər. Bunlar əlavə biz qərblilər üçün də yoxlamışıq. Yəni, Avropada olanda müəyyən şeylər var. Onu danışanda gülürdülər. Məsələn, yayda məni bir verilişə çağırmışdılar. Orda bir ingilis oturmuşdu. Dilimizi bilmirdi. Amma mimikalara falan gülürdü. Onlar mimikaları və hərəkətləri səmimi qarşılayırlar. Bizdə bu yoxdur.

- Yumor kifayət qədər həssas bir şeydir. Ən əsası intellektual baza tələb edir. Bu fikirlərlə razısınız?

- Ölkəmizi kiçiltmək istəmirəm. Onsuz da xəritədə də kiçikdir (gülür). Mən də bu ölkənin insanıyam. Amma qəbul edək ki, içi mən qarışıq təhsilimiz çox aşağıdır. Ona görə də sənin xalqın da budur. Bizim cəmiyyətdə intellektual məhsula gülən insanlar çox azdır. Türkiyədə də bu cürdür. Məsələn, Cem Yılmazı türk publikası intellekt kimi görür. Amma dünya "stand-up"çıları ilə müqayisə aparsaq o qədər də savadlı deyil. Məsələn, George Carlin ilə müqayisə aparaq. Onun yumorunu Azərbaycanda kimsə tətbiq etsə edam olunar.

- Sizin Azərbaycan izləyicisinə baxışınız maraqlı olardı mənim üçün. Təbii ki, bayağı yumordan söhbət gedə bilməz. Satirik-yumora nəzər salsaq azərbaycanlıların sizcə bunu dərk edəcək qədər tutumları varmı?

- Bu xalq onu məcburiyyət qarşısında dərk edib. Mirzə Cəlil və ya Sovet dönəmində bəzi satirik filmlər sayəsində olub bunlar. Ondan sonra gələn əsas Mozalan və sairə. Bunlar xalqa məcburiyyət qarşısında yedizdirilib. Satirik bir şey çəkəndə tutma ehtimalı var. Onu başa düşmə ehtimalı isə çox azdır. Tənqid etdiyin insanlar səni alqışlayırlar. Sən deyirsən ki, “mən səni tənqid edirəm” “bu sənin necə xoşuna gələ bilər?”. Bizim xalq öz problemlərinə gülür. Satiriya bizdə səhv yöndə gedir.

- Yəni, Molla Nəsrəddin jurnalı 109 ildir aktualdır. Bununla razısınız?

- Aktualdır bəli. Təəssüflər olsun ki, bu heç dəyişməyib. İndi belə açıb oxuyursan ki, yenə eyni insanlardır. Personajlar dəyişməyib.

- Ümumiyyətlə, Azərbaycanda "stand-up" aparacaq az sayıda insan var. Yəni, Qərb ilə müqayisə aparmağa dəyməz. Çünki, onlarda George Carlin, Bill Cosby, Eddie İzzard və s. Bunun çoxunu saymaq olar. Bəs, bizim "stand-up"çılarımız niyə istənilən qədər yaratmırlar?

- Bizim xalqı "stand-up" bir az çaşdırır. Bizim camaat 2000-ci illərdən bəri Cem Yılmazın varlığı olsa da, 10 il sonra kəşf ediblər. "Stand-up"ı Cem Yılmazdan öyrəniblər. Amma Cem Yılmaz isə düzgün istiqamət deyil. "Stand-up" xalqın fikridir. Ən əsası seminar və mühazirələrdir. Bu "TedX"də var. "Stand-up" hər kəs edə bilər. Məsələn, mühazirə deyən hər hansı bir iqtisadçı, rəssam və ya jurnalist ola bilər. Bu mənə elə gəlir ki, aktyor işi deyil. Bununla hər kəs məşğul ola bilər.

Erkin Ergin: "Biz rusiyalılar üçün işləmişik"

- Bəs, "stand-up"çı olmaq üçün hansı keyfiyyətlər insanda olmalıdır? Yumordan əlavə təbii ki.

- Bu ağıl işidir. Ağıl işlətmək lazımdır. "Stand-up" etmək filmlərdən başlamaq deyil. Çox insan "stand-up" etdikdən sonra filmlərə çəkilib. Məsələn, onu da vurğulayım ki, çox insan elə bilir ki, mən Cem Yılmazdan götürürəm. Bu çox yanlış yanaşmadır. Bu işi görmək üçün niyə məhz Cem Yılmaz olmalısan ki?! Mən belə şeyləri başa düşə bilmirəm.

- Siz "facebook"da təkcə hər kəsi güldürəcək statuslar yazmırsınız. Yəni, sırf tək bir şey görmürəm. Həm də ictimai, siyasi və ölkənin bütün məsələrinə toxunursunuz ... Aktyorun işidir bu sizcə?

- Bu aktyorun yox, "stand-up" aparanın işidir. Əslində mən yazdığım statusları güldürmək üçün yazmıram. Onun içinə dözməyib gülməli yanaşma da qoyuram. Mən artıq məsələlərə gülməli tərəfdən baxıram. Olaylar mənə gülməli gəlir. Məsələn, cəmiyyətin cahilliyi və sairə. Ona görə statuslar gülməli çıxır. Dünya və siyasət haqqında belə yazıram. Mən öz ölkəmizi dünya üçün elədə vacib siyasi fikirlərin çıxan yer kimi düşünmürəm. Yəni, biz bu ölkəni nə qədər də güclənirsək, yenə də ABŞ-ın və Rusiyanın qarşısına çıxa bilmərik. Xəbərlərdə baxırsan ki, Sinqapur dünyanı fəth elədi falan-filan. Belə bir şey yoxdur (gülür). Ora "Tarqovı"dır yəni. Gəlib keçib gedirlər.

- Komedrol deyə bir layihəniz var sizin. Komedrolun məqsədi nədir?

- Komedroldan əlavə mən “Erkin Ergin Team” yığdım. Özüm kimi düşünən insanları ətrafıma yığmaq istəyirdim. Bunun üçün də birinci elanda yazmışdım ki, “mənə yaxın olmaq istəyən insanlar gəlsin”. Hansısa başqa məqsədlər üçün gəlməsin. Başqa hədəflər üçün gələn insanlar isə təbii ki, team-dən uzaqlaşdırıldılar. Bəzilərinin özü problemləri olduğu üçün çıxdılar. Amma belə pis məqsədli insanlar da oldu ki, mən onları qovdum. Komedrolun məqsədi isə çox şaxəlidir. Bu "facebook" layihəsi deyil. Bu televiziya layihəsidir. Sadəcə biz bunun piarını "facebook"da aparmaq istəyirdik. Bəzi məsələlərə görə saxlamışıq amma. 2016-cı ildə bunu televiziya layihəsi edəcəyik.

- Sizin həmişə belə bir fikriniz olub ki, "bizim xalq bir-biriniz qırır", "heç kim bir-birini sevmir". Çox maraqlıdır mənə. Hətta "bir-birinizlə barışın, insanlar" deyə kiçik rolikdə çəkmişdiniz. Niyə belə düşünürsünüz?

- Bizdə ümumiyyətlə xalq olaraq və ya ailə olaraq qonşuya nifrət var. Evdə oturursan və qonşuya nifrət edirsən. Çünki, o azərbaycanlıdır. O, qonşu rusdursa, zordu da, rus qonşumuz var. Əgər rus qızdırsa, onda əla söhbətdir. Xaricidirsə gedim onunla şəkil çəkdirim, azərbaycanlıdırsa olmaz. Bizdə belə bir söhbət var, “2abağa gedənin ayağından dartmaq”. İnsan sevmədiyi insanın ayağından dartar. Mən bu problemi həll etmişəm ki, bBizim insanlar bir-birlərini sevmirlər və nifrət belə edirlər. Bir oğlan bizi qızı sevə bilər. Bu romantikadır. Amma xalq olaraq bir azərbaycanlının digər azərbaycanlıya sevgisi yoxdur. Əsgərlikdə döyənə hörmət söhbəti var idi. Baxın bu cəmiyyətimizdə mövcuddur. Bu milliyətçilikdə də var. İrqçilik bir-birindən insanları ayırır. Buda buna bənzər bir şeydir.

- Bəs, son olaraq Azərbaycan yumoruna nə arzulayırsınız?

- Arzu edirəm ki, yumor izləyəndə ürəkləri sıxılmasın. Bizim xalq ancaq öyrəşdiyi yumora baxmasın. Bir az dünya yumorunu izləsin. Mən özüm görmüşəm ki, Cem Yılmaza yalandan gülən insanlar var. Çalışsınlar, özləri kimi olsunlar və ən əsası səmimi olsunlar.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti