“Azercell”i türklərə satırlar

18-11-2015, 20:42
Oxunub: 229
“Turkcell” bu sövdələşməyə hazırlıq üçün HSBC və “Citygroup” banklarından məsləhətçi tutub


Türkiyənin iri mobil rabitə operatoru “Turkcell” İsveç-Finlandiya şirkəti “TeliaSonera”nın Azərbaycanın ən iri mobil rabitə şirkəti “Azercell”dəki payını almaq üçün danışıqlara başlayıb.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi bildirir.

Danışıqlar prosesinə yaxın iki mənbə təsdiq edib ki, “Turkcell” bu sövdələşməyə hazırlıq üçün HSBC və “Citygroup” banklarından məsləhətçi tutub.

“TeliaSonera” şirkəti Orta Asiya və Azərbaycanın mobil rabitə bazarlarında üzləşdiyi irimiqyaslı rüşvət və korrupsiya qalmaqalından sonra Avrasiya divizionu ölkələrindən çəkiləcəyini elan edib. Şirkət “Azercell”dəki payı da daxil olmaqla bu region ölkələrindəki aktivlərini satışa çıxarıb.

“Azercell”in, Moldovanın “Moldcel”, Qazaxıstanın “Kcell” və Gürcüstanın “Geocell” şirkətlərinin səhmlərinin əsas hissəsinin sahibi “Fintur Holding” adlı offşor şirkətdir.

Öz növbəsində “Turkcell” bu şirkətin səhmlərinin 41,45 faizinə, “TeliaSonera” isə 58,55 faizinə malikdir.

“Turkcell” şirkətinin rəhbəri Kaan Terzioğlu “TeliaSonera” ilə danışıqları təsdiqləyib və deyib ki, sövdələşmə gələn il başa çata bilər.

“Turkcell” şirkəti “Azercell”lə yanaşı “TeliaSonera”nın Orta Asiyadakı aktivərini də almağa hazırlaşır.

“Turkcell” şirkətinin səhmlərinin 51 faizi “Turkcell Holding”ə məxsusdur. Bu holdinqin səhmlərinin 52,91 faizi isə “Cukurova Telecom Holdings Ltd.”in mülkiyyətindədir.

Xatırladaq ki, virtualaz.org və haqqin.az saytları “Azercell”dəki korrupsiya və maliyyə maxinasiyaları barədə  bir neçə araşdırma dərc edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti