Bu il Azərbaycanda 2 000-dən çox əkiz doğulub

17-11-2015, 19:32
Oxunub: 3085
Doğulan körpələrdən 2 238-i əkiz, 66-sı isə üçəmdir


Bu ilin 9 ayı ərzində ölkədə 123,3 min körpə doğulub və bu göstərici əhalinin hər 1 000 nəfərinə 17,3 təşkil edib.

Etatist.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilir.

Hesabata əsasən, doğulan körpələrin 53,2 faizini oğlan, 46,8 faizini qız uşaqları təşkil edir. Doğulan körpələrdən 2 238-i əkiz, 66-sı isə üçəmdir.

Bundan başqa, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin yanvar-sentyabr ayları ərzində 41 min ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə ölüm səviyyəsi 5,9-dan 5,7-yə qədər azalıb.

Eyni zamanda, qeydiyyat şöbələri tərəfindən ölkədə 51 min nikah və 9,6 min boşanma halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə nikahların sayı 8,9-dan 7,1-ə qədər azalıb, boşanmaların sayı isə eyni səviyyədə (1,3) qalıb.

Həmçinin, Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana daimi yaşamaq üçün 2 038 nəfər gələn və 820 nəfər ölkədən gedən qeydə alınıb.

Hesabatda eyni zamanda Azərbaycanda demoqrafik vəziyyət də açıqlanıb. Belə ki, bu ilin əvvəlindən ölkə əhalisinin sayı 83,5 min nəfər və ya 0,9 faiz artaraq, 2015-ci il oktyabr ayının 1-i vəziyyətinə 9676,5 min nəfərə çatıb. Bir kvadrat kilometrə əhalinin sıxlığı 112 nəfərdir.

Əhalinin 53,1 faizi şəhər, 46,9 faizi isə kənd sakinləridir. Əhalinin 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. Hazırda orta hesabla hər 1 000 kişiyə 1 009 qadın düşür.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti