Azərbaycan Dövlət Bayrağı gününü qeyd edir

9-11-2015, 11:38
Oxunub: 707
Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub


Bu gün Azərbaycanda Dövlət Bayrağı günüdür.

Etatist.com-un məlumatına görə Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub.

1920-ci il aprelin 27-də Azərbaycan Xalq Cumhuriyyəti işğal olunandan sonra bayrağımız Azərbaycan SSR-in qırmızı rəngli oraq-çəkicli bayrağı ilə əvəzlənib. 1990-cı il noyabrın 17-də isə Naxçıvan MR Ali Məclisinin qərarı ilə üçrəngli bayraq yenidən bərpa olunaraq muxtar respublikanın dövlət bayrağı kimi qəbul olunub. 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarı ilə hazırkı üçrəngli və ay-ulduzlu bayraq müstəqil respublikanın dövlət bayrağı elan edilib.

2009-cu il noyabrın 18-də Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncamla 9 noyabr Dövlər Bayrağı günü kimi qeyd olunur. Bu gün həmçinin qeyri-iş günüdür.

Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və AXC dövründə ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq” tezisinin müəllifi Əli bəy Hüseynzadədir.

Azərbaycan Respublikasının dövlət bayrağından istifadə Azərbaycan Konstitusiyasının 23-cü və 75-ci maddələri, “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Azərbaycan Respublikasının Qanunu, eləcə də həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə” əsasında tənzimlənir. Azərbaycan Respublikasının Dövlət bayrağının rəngli və sxematik təsviri adı çəkilən Qanun və Əsasnamə ilə təsdiq edilib.

Azərbaycan Respublikasının Dövlət bayrağı və onun təsviri, ölçülərindən asılı olmayaraq təsvirlərə həmişə dəqiq uyğun gəlməlidir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti