Sabunçu iğtişaşının təşkilatçılarından 8 nəfər həbs edildi

6-11-2015, 21:26
Oxunub: 439
Onların hüquqazidd hərəkətləri sənədləşdirilərək müvafiq materiallar Sabunçu rayon məhkəməsinə göndərilib


Bu il noyabrın 5-də Sabunçu rayonu ərazisində ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətlərinə yol verdiklərinə görə Bakı şəhər sakinləri Elçin Qasımov və Sahib Həbibov rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Etatist.com-un Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbərinə görə, bu barədə Baş Prokurorluq və DİN-in birgə məlumatında bildirilib.

Məlumatda qeyd olunub ki, bundan dərhal sonra, özlərini dini hərəkatın tərəfdarları adlandıran və ümumi sayı 60 nəfərədək olan bir qrup şəxs həmin polis orqanının inzibati binasının qarşısında toplaşaraq onların azad edilməsi tələbi ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd göstəriblər.

“İctimai qaydanın pozulmasına yönələn hərəkətlərin dayandırılması barədə polisin xəbərdarlıqlarına baxmayaraq, qanunsuz aksiyanın iştirakçıları hüquqazidd əməllərini davam etdirmiş, daxili işlər orqanları əməkdaşlarının ünvanına təhqiramiz ifadələr səsləndiriblər. Onlar daş və küt alətlərlə asayiş keşikçilərinə müqavimət göstərib və nəticədə iki polis əməkdaşı bədən xəsarəti alıb” deyə məlumatda qeyd olunub.

Məlumatda qeyd olunub ki, qanunsuz aksiyanın fəal iştirakçılarından 8 nəfəri saxlanılıb, onların hüquqazidd hərəkətləri sənədləşdirilərək müvafiq materiallar Sabunçu rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə saxlanılmış şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 298-ci (toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) və 310-cu (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə on gündən bir ayadək müddətə inzibati həbs tətbiq edilib.

DİN bir daha qeyd edib ki, ölkədə asayişin və sabitliyin pozulmasına yönəlmiş bütün cəhdlərin qarşısı gələcəkdə də qətiyyətlə alınacaq.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti