"İndi də kosmosdan gəlir səsimiz"

27-02-2013, 11:33
Oxunub: 1031


Bu ilin aprelində bütün Azərbaycan telekanalların yayımının «Azerspace-1» peyki vasitəsi ilə həyata keçirilməsinə başlanacaq.

«APA-Economics»in məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Nazir qeyd edib ki, martın 1-dən peykin idarəetməsi tam olaraq «Azərkosmos» ASC-yə təhvil veriləcək. Qeyd edək ki, fevralın 15-də peykin günəş panelləri açılıb və reflektorları işə düşüb. Hazırda peykin orbitdəki sınaqları davam edir.

 

Peykin idarəsi «Azərkosmos» ASC-nin Bakı yaxınlığında yerləşən Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzindən «Azərkosmos»un mütəxəssisləri tərəfindən həyata keçiriləcək. Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzi isə Naxçıvanda yerləşir.


Xatırladaq ki, ABŞ-ın «Orbital Sciences» şirkəti tərəfindən istehsal olunan «Azerspace-1» peyki «Ariane-5» kosmik daşıyıcısı ilə fevralın 8-də orbitə çıxarılıb. Peykin ümumi çəkisi 3 250 kq təşkil edir və onun istifadə müddəti 15 ildir. Peyk 36 aktiv C və Ku siqnal transponderlərə malikdir və Azərbaycan, Mərkəzi Asiya, Avropa və Afrika ölkələri üçün xidmət göstərəcək. Peykin orbitdəki yeri isə Şərq istiqamətində 46 dərəcədir.

 

Peykin imkanlarının 20%-i Azərbaycanın tələbatını ödəmək üçün, qalan 80%-i isə kommersiya məqsədilə istifadə ediləcək və peykinin resurslarının 44%-i artıq 15 illik müddətə Malayziyanın «Measat» peyk operatoruna icarəyə verilib. Ə.Abbasovun sözlərinə görə, may ayından peykin kommersiya fəaliyyətinə başlanacaq.

 

Qeyd edək ki, peykimiz orbitə buraxılandan sonra onun üçün xüsusi olaraq mahnı bəstələnmişdi. Həmin mahnının sizə yenidən təqdim etmək istəyirik:

 

 

 


 

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti