Tehranda Habil Əliyevin xatirəsi anılıb

14-10-2015, 18:14
Oxunub: 687
Azərbaycandan gəlmiş sənətkarlar Elşən Mansurov və İsmayıl Həmidov kamançada muğam və təsniflər ifa ediblər


Tehranda İran İslam Respublikası Mədəniyyət və İslami İrşad Nazirliyinin və “Niyavaran” Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanın kamança ustadı, xalq artisti Habil Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Seyidabbas Səccadi H.Əliyevin İranda da tanınan və sevilən sənətçi olduğunu, onun İranın müxtəlif konsert salonlarında, o cümlədən Tehranın “Vəhdət”, “Rudəki” zallarında proqramlarla çıxış etdiyini və tamaşaçılar tərəfindən böyük məhəbbətlə qarşılandığını xatırladıb.

Sonra mədəniyyət və islami irşad Nazirinin incəsənət məsələləri üzrə müavini Əli Muradxani çıxış edərək H.Əliyevin İrana səfərləri zamanı onunla bağlı xatirələrini bölüşüb.

Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov çıxışında tədbirin təşkilatçılarına təşəkkürünü bildirib, H.Əliyevin təkcə Azərbaycan deyil, həm də İran və ümumiyyətlə, dünyamiqyaslı dahi sənətkar olduğunu vurğulayıb.

Tədbirdə İranın çoxsaylı məşhur kamança ustaları – Əmir Yusifi, Əli Əkbər Şikarçi, habelə Azərbaycandan gəlmiş sənətkarlar Elşən Mansurov və İsmayıl Həmidov kamançada muğam və təsniflər ifa ediblər.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, musiqişünas Zümrüd Dadaşzadə-Axundova çıxış edərək H.Əliyev sənəti ilə bağlı fikirlərini bölüşüb. Onun sözlərinə görə, bir sıra tanınmış Avropa musiqiçiləri H.Əliyevi “kamançanın Paqaninisi” adlandırsalar da, o müasir dövrün “Paqanini”lərindən daha üstün olub, onun sənəti qarşısında ən dahi sənətçilər, ifaçılar baş əyiblər.

Tədbirdə iştirak edən H.Əliyevin nəvəsi Əli Əmirəliyev çıxış edərək təşkilatçılara və iştirakçılara babasının sənətinə göstərdikləri ehtirama görə təşəkkürünü bildirib.

Daha sonra H.Əliyevin nəvəsinə və H.Əliyevlə İranda bir səhnəni paylaşmış sənətçi, muğam ifaçısı Şəcərianın nəvəsinə Mədəniyyət və İslami İrşad Nazirliyi və “Niyavaran” Mədəniyyət Mərkəzi adından xatirə hədiyyələri təqdim olunub.

Tədbirdə iranlı şairlər Xosrov Sərtipi, Əli Savalan H.Əliyevə həsr etdikləri şerləri oxuyublar.

Sonda İranın tanınmış sənətkarı Vədad Müəzzinzadə Ərdəbilinin azərbaycanlı kamança ifaçılarının müşayiəti ilə səsləndirdiyi “Rast” muğamı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti