Ünvanlı sosial yardım alanların sayı azalıb

13-10-2015, 15:42
Oxunub: 514
bir ailəyə düşən orta aylıq məbləği 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 18% artaraq 153,18 manata çatıb


Cari ilin yanvar-sentyabr aylarında 498 min nəfər ailə üzvünü əhatə edən 114 050 ailə ünvanlı dövlət sosial yardımı ilə təmin edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, həmin yardımları alan ailələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,7% azalıb ki, bu da əhalinin rifah səviyyəsinin getdikcə yaxşılaşması ilə yanaşı, sosial yardımların təyinatında şəffaflıq və ünvanlılıq, sosial ədalət prinsiplərinin təmin olunması üçün görülən təsirli tədbirlərin müsbət nəticəsidir. Aztəminatlı ailələrə ödənilən yardımların məbləği isə artmaqda davam edir. Hazırda ölkədə ünvanlı dövlət sosial yardımının bir ailəyə düşən orta aylıq məbləği 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 18% artaraq 153,18 manata çatıb.

Ünvanlı dövlət sosial yardımı ilə təmin olunan ailələrdə 18 yaşadək ailə üzvlərinin sayı 237 351 nəfər, o cümlədən 1 yaşadək uşaqların sayı 5 726 nəfər və sağlamlıq imkanları məhdud 18 yaşadək ailə üzvlərinin sayı 5 533 nəfərdir. Bu yardımları alan ailələrin 32 558-i tərkibində 3 və daha çox uşağı olanlardır.

Azərbaycan prezidentinin sərəncamına əsasən, həmin vaxtdan etibarən ünvanlı dövlət sosial yardımları artıq bir il deyil, iki illik müddətə təyin olunur ki, bu da aztəminatlı ailələrin təkrar olaraq ünvanlı yardım almaq üçün hər il yenidən sənəd toplamaq çətinliyinin aradan qalxmasına, yardımların təyinatı prosesində məmur-vətəndaş təmaslarının azalmasına imkan verib.

Habelə dövlət başçısının fərmanının icrası olaraq, ötən müddətdə Azərbaycanda ünvanlı dövlət sosial yardım sisteminin elektron əsaslar üzərində avtomatlaşdırılması uçun mükəmməl proqram təminatlarına söykənən texniki infrastruktur və bu sistemə keçidlə əlaqədar yeni qaydalar hazırlanıb. Ünvanlı yardım üçün müraciət edilməsi, müraciətlər üzrə aztəminatlı ailələrin ünvanlı yardım almaq hüquqlarına baxılması və yardımın təyin olunub-olunmaması barədə qərar qəbulu prosesi vətəndaş-məmur təmasları olmadan, elektron qaydada həyata keçiriləcək. Yaxın vaxtlarda ölkəmizə məxsus olan və neqativ hallara şəraitin mümkün olmadığı belə bir sistemin tətbiq olunması nəticəsində vətəndaşlar bu yardım növü üzrə sürətli, rahat və şəffaf xidmətə geniş çıxış imkanları əldə edəcəklər.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti