BƏƏ Azərbaycana yeni səfir təyin edib

9-10-2015, 16:06
Oxunub: 263
Turist axınının artırılması və sərmayələrin təşviq edilməsi üçün səylərini əsirgəməyəciyini diqqətə çatdırıb


Xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycan yeni təyin olunan səfiri Məhəmməd Əhməd Hamil Əl-Qubeysini qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Report-a verilən məlumata görə, görüşdə səfir Məhəmməd Əhməd Hamil Əl-Qubeysi etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim etdi.

Nazir Elmar Məmmədyarov BƏƏ-nin xarici işlər naziri Şeyx Abdulla bin Zayed Əl Nəhyana salamlarının çatdırılmasını xahiş edərək iki ölkə arasında siyasi əlaqələrin inkişafının məmnunluq doğurduğunu vurğulayıb. Nazir BMT və İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla, beynəlxalq təşkilatlar çərçivəsində BƏƏ-nin Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar daim nümayiş etdirdiyi ədalətli mövqeyinin və iki ölkə arasında çoxtərəfli formatlarda qarşılıqlı dəstəyin yüksək qiymətləndirildiyini nəzərə çatdırıb. O, iki ölkə arasındakı siyasi əlaqələrin ruhuna uyğun olaraq, iqtisadiyyat, ticarət, turizm, sərmayələr və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq üçün əlverişli imkanların olduğunu bildirib. Turizm sahəsində əməkdaşlığın təşviq edilməsi üçün qarşılıqlı şəkildə viza sisteminin sadələşdirilməsi istiqamətində iş aparıldığını qeyd edib.

Səfir ölkəsinin xarici işlər naziri Şeyx Abdulla bin Zayed Əl Nəhyanın ən səmimi salamları və xoş arzularını çatdırıb. İki ölkə arasında siyasi dialoqun və mütəmadi əsasda aparılan siyasi məsləhətləşmələrin, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstəyin təqdirəlayiq hal olduğunu deyib. O, fəaliyyəti dövründə Azərbaycan və BƏƏ arasında ticarət dövriyyəsinin, turist axınının artırılması və sərmayələrin təşviq edilməsi üçün səylərini əsirgəməyəciyini diqqətə çatdırıb.

Görüş əsnasında yüksək səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynadığı vurğulanıb.

Nazir Elmar Məmmədyarov səfir Məhəmməd Əhməd Hamil Əl-Qubeysiyə diplomatik fəaliyyətində uğurlar arzu edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti