Kosmik sənaye sahəsində Azərbaycan-Fransa əməkdaşlığı

3-10-2015, 13:26
Oxunub: 792
Bu əməkdaşlığın növbəti kosmik layihələrdə də mümkün ola biləcəyini qeyd edilib


Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Azərbaycanda diplomatik fəaliyyətini başa vuran Fransanın ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Paskal Mönye ilə görüşüb.

Etatist.com Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən məlumat verir ki, ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən rabitə və yüksək texnologiyalar sahəsində inamla irəlilədiyini qeyd edən nazir Ə.Abbasov qarşılıqlı fəaliyyətin genişləndirilməsi və daha da möhkəmləndirilməsi üçün əsaslı zəmin yarandığını vurğulayıb.

Xüsusən kosmik sahədə əməkdaşlığın davam etdirilməsi üçün yüksək potensialın mövcudluğunu qeyd edən nazir Fransanın bu sahədə diqqətçəkən nailiyyətlər qazandığını, Azərbaycanın da bu zəngin təcrübədən yararlandığını bildirib.

Ə.Abbasov Azərbaycan və Fransa arasında kosmik sənaye üzrə strateji əməkdaşlıq çərçivəsində ölkəmizin ilk süni peykinin fransız Kuru kosmodromundan geostasionar orbitə buraxıldığını, həmçinin yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”-ın orbitə buraxılmasında fransız şirkətlərinin yaxından iştirak etdiyini xatırladıb, bu əməkdaşlığın növbəti kosmik layihələrdə də mümkün ola biləcəyini qeyd edib.

Azərbaycan ilə Fransa arasında qurulan əməkdaşlıqdan söz açan səfir P.Mönye də münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən kosmik sənaye sahəsində uğurla inkişaf etdiyini, fransız şirkətlərinin Azərbaycan iqtisadiyyatında fəallığının artdığını qeyd edib. Azərbaycanın ilk və növbəti peykinin orbitə buraxılmasında Fransa şirkətlərinin iştirakından məmnunluq ifadə edən diplomat uğurlu əməkdaşlığın davam etdirilməsinə qarşılıqlı maraq olduğunu qeyd edərək, kosmik sənaye sahəsində əməkdaşlıq imkanlarının daha da genişləndirilməsinə hazır olduqlarını vurğulayıb.

Daha sonra nazir Ə.Abbasov diplomatik fəaliyyəti dövründə münasibətlərin inkişafında göstərdiyi səylərə görə P.Mönyeyə təşəkkür edərək, səfirə yeni işlərində uğurlar arzulayıb.

Münasibətlərin bundan sonra da yüksək dinamika ilə inkişaf edəcəyinə əminliyini bildirən diplomat isə ölkəmizdən xoş təəssüratlarla ayrıldığını vurğulayıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti