İsrail Azərbaycanın İT bazarına sərmayə qoymağa hazırdır

1-10-2015, 17:57
Oxunub: 546
Ölkəmizdə bu istiqamətdə həyata keçirilən islahatlar və layihələrdən söz açıb


Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov İsrail Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dan Stav ilə görüşüb.

Etatist.com-un Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən verdiyi məlumata görə, görüşdə nazir Ə.Abbasov uğurla və dinamik inkişaf edən Azərbaycan-İsrail əlaqələrinin bir çox sahələri, o cümlədən rabitə və yüksək texnologiyalar sahəsini əhatə etdiyini vurğulayaraq ölkəmizdə bu istiqamətdə həyata keçirilən islahatlar və layihələrdən söz açıb.

İsrail şirkətlərinin Azərbaycan bazarında fəal iştirakına da toxunan nazir münasibətlərin hərtərəfli inkişafında yeni əməkdaşlıq istiqamətlərinin vacib rolunu qeyd edib, sahə üzrə gələcək, perspektiv planlardan danışıb.

Ə.Abbasov yeni səfirin diplomatik fəaliyyəti dövründə tərəfdaşlıq əlaqələrinin inkişafına, o cümlədən İKT və yüksək texnologiyalar sahəsində Azərbaycanla İsrail arasında münasibətlərin daha da gücləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyinə əminliyini də bildirib.

Azərbaycanda İKT və yüksək texnologiyalar sahəsinin inkişaf səviyyəsini yüksək dəyərləndirən D.Stav İsrail şirkətlərinin yerli bazarda iştirakının artırılmasına, o cümlədən investisiya qoyuluşunun həyata keçirilməsinə göstərdikləri maraqdan söz açıb.

Qarşılıqlı rəsmi səfərlərin və keçirilən görüşlərin əməkdaşlığın inkişafına yeni təkan verdiyini də qeyd edən diplomat bu baxımdan "BakuTel" Beynəlxalq sərgi-konfransının əsaslı rol oynadığını bildirib.

Səfir "BakuTel-2015"-də də İsrail şirkətlərinin "İsrail Milli Pavilyonu" adı altında təmsil olunması, eyni zamanda sərgi çərçivəsində keçiriləcək "Azərbaycan-İsrail Yüksək Texnologiyalar Forumu"nun uğurlu təşkili üçün lazımi dəstəyin göstərilməsində səylərini artıracağını deyib.

Daha sonra görüşdə rabitə və yüksək texnologiyalar sahəsinin müxtəlif istiqamətləri üzrə əməkdaşlığın perspektivləri haqqında fikir mübadiləsi aparılıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti