İmişli və Beyləqan rayonlarında Əmək yarmarkaları təşkil ediləcək

1-10-2015, 15:36
Oxunub: 604
Ödənişli ictimai işlərə cəlb olunmaq istəyən şəxslər qeydiyyata götürüləcək


Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) İmişli və Beyləqan rayonlarında Əmək yarmarkaları təşkil edəcək.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti (DMX) tərəfindən sabah İmişli və Beyləqan rayonlarında Əmək yarmarkaları təşkil olunacaq.

Həmin rayonlardakı Gənclər Mərkəzlərində keçiriləcək yarmarkalarda ümumilikdə 470-ə yaxın boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşlara təklif ediləcək. Onların sırasında sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota üzrə müəyyən edilmiş iş yerləri də var. Tədbirlərdə əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına, ödənişli ictimai işlərə cəlb olunmaq istəyən şəxslər qeydiyyata götürüləcək.

DMX tərəfindən cari ilin 9 ayında ölkənin 50 rayon və şəhərində keçirilən Əmək yarmarkalarında 3845 nəfər vətəndaşa boş iş yerlərinə göndəriş verilib, 403 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına, 190 nəfər ödənişli ictimai işlərə cəlb edilib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti