Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 36,0 mlrd. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,2% çox ümumi daxili məhsul istehsal olunub.Etatist.com xəbər verir ki, bununla bağlı Dövlət Statistika Komitəsi məlumat verib.
İqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyər 7,3% artıb, onun ÜDM-də xüsusi çəkisi son bir il ərzində 57,7%-dən 68,4%-dək yüksəlib.
Ümumi daxili məhsulun 31,6%-i neft sektorunun payına düşüb, bu sektorda əlavə dəyər istehsalı əvvəlki ilin eyni dövrünə nisbətən 0,1% azalıb. Bu dövrdə ÜDM-in 34,6%-i sənayedə,13,4%-i tikintidə, 9,9%-i topdan və pərakəndə ticarət, avtomobillərin və motosikletlərin təmiri, 6,3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,8%-i nəqliyyat və anbar təsərrüfatı, 2,8%-i yaşayışın təşkili və ictimai iaşə, 2,0%-i informasiya və rabitə, 17,2%-i isə digər sahələrdə istehsal edilib.
Məhsula və idxala xalis vergilər ÜDM-in 8,0%-ni təşkil edib.
* * * * *
Bu ilin yanvar-avqust aylarında Azərbaycanın sənaye sektorunda istehsal olunan məhsulların ümumi həcmi 2,3% artaraq 17,6 mlrd. manat təşkil edib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, sənayenin qeyri-neft sektorunda əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,3%-lik artım, neft sektorunda isə 0,9%-lik azalma müşahidə olunub.
Sənaye məhsulunun 63,1%-i mədənçıxarma, 29,1%-i emal, 6,9%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə özəl sektorun payı 76,8% olub.
Ümumi istehsalın 87,95%-i sənaye məhsulunun istehsalı, 12,05%-i isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.