Moldova qarışdı: hökumət əleyhinə mitinq başladı

13-09-2015, 16:51
Oxunub: 1185
Aksiyaya ölkənin bütün regionlarından vətəndaşlar qatılıb


Moldovanın paytaxtı Kişinyovda hökumət əleyhinə nümayiş başlayıb.

"RİA Novosti” agentliyinin verdiyi məlumata görə, “Demnitate si adevar” - DA (“Ləyaqət və hüquq”) vətəndaş platformasının təşkilatçılığı ilə keçirilən aksiyada Moldova rəhbərliyinin istefası tələb olunur.

Etirazçıların tələbləri sırasında prezident, baş prokuror, Milli Bankın sədri də daxil olmaqla ölkə rəhbərliyinin istefası, parlamentə seçkilərin keçirilməsi və dövlət başçısının ümumxalq səsverməsi ilə seçilməsi var.

“Bu gün biz hakimiyyətə təzyiqi artırmaq niyyətindəyik. Aksiyaya ölkənin bütün regionlarından vətəndaşlar qatılıb. Tələblərimiz yerinə yetirilənə qədər aksiyalara davam edəcəyik” - deyə DA vətəndaş platformasının fəalı Andrey Nestase bildirib.

DA platformasında müxtəlif siyasi görüşləri bölüşən bir neçə ictimai təşkilat, siyasətçilər, ictimai xadimlər birləşib. Onların arasında Moldovanın Rumıniya ilə birləşməsinin tərəfdarları da var.

Platforma üzvləri bəyan edirlər ki, ölkə hakimiyyəti oliqarx dairələrin təsiri altındadır və avrointeqrasiya prosesini imitasiya edirlər.

Qeyd edək ki, etirazlar ötən həftə başlayıb, hər gün Kişinyovun mərkəzi küçələrində mitinqlər keçirilib, hökumət evi qarşısında çadırlar qurulub.

Prezident sentyabrın 8-də mitinq iştirakçılarının istefa tələbini rədd edib (APA).
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti