Prezident müşavirə keçirdi: "Hökumət yeni situasiyada işləyəcək" - Yenilənib

8-09-2015, 16:26
Oxunub: 678
2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirə keçirilib.


"Hökumət yeni situasiyada işləyəcək".

Bunu Azərbaycan prezidenti İlham Əliyev bu gün keçirilən iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə çıxışında deyib.

Dövlət başçısı qeyd edib ki, bu müddət ərzində neftin qiyməti kəskin şəkildə aşağı düşüb: "Əlbəttə ki, mütəxəssislər, təhlilçilər bunun səbəblərini araşdırmalıdırlar. Ancaq istisna edilmir ki, bu da siyasi sifarişin nəticəsidir. Buna baxmayaraq, biz bu vəziyyətə də hazır olmalıydıq və bu günə qədər şaxələndirmə, qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlar bizə kömək etdi ki, biz minimum itkilərlə bu vəziyyətdən çıxaq. Baxmayaraq ki, bu da təbiidir, bizim gəlirlərimiz böyük dərəcədə azalıb. Keçən il neftin qiyməti yüz dollardan yuxarı idisə, bu gün əlli dollardan aşağıdır. Yəni iki dəfədən çox düşüb. Ancaq biz çalışırıq və çalışacağıq ki, Azərbaycan xalqı bundan əziyyət çəkməsin".

İlham Əliyev bildirib ki, bütün sosial proqramlar, sosial infrastruktur layihələri icra edilir və insanların təhlükəsizliyi və sosial müdafiəsi təmin edilir: "Bax, bu xoşagəlməz mənzərə ilə üzləşmişik və çalışmalıyıq ki, əlbəttə, 2016-cı ildə iqtisadi inkişafı təmin edək. Bu il iqtisadi inkişaf Azərbaycanda çox sürətlidir. Gələn ay biz ənənəvi olaraq hökumətin geniş iclasında 9 ayın yekunlarını müzakirə edərək bunlara da toxunacağıq. Ancaq 6 ayın yekunları deməyə əsas verir ki, biz çox yüksək nəticələrlə ili başa vuracağıq. ÜDM təxminən 6 faiz artıb, qeyri-neft iqtisadiyyatı 9 faizdən çox artıb, inflyasiya çox aşağı səviyyədədir. Kənd təsərrüfatı 7,3 faiz artıb. Qeyri-neft sənayesi 14 faiz artıb. Yəni bütün bunlar böhranlı ildə əldə edilən nailiyyətlərdir".

Prezident deyib ki, dünya miqyasında buna bənzər yüksək nəticələr görmək çox çətindir: "Yenə də nəyə görə? İlk növbədə, bizim güclü siyasi iradəmiz var. Biz öz siyasətimizi ancaq Azərbaycan xalqının maraqları üzərində qurmuşuq. İkincisi, düşünülmüş iqtisadi siyasət və uzun illər aparılan islahatlardır ki, bu islalatlar bu gün beynəlxalq maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilir. Onu da qeyd etməliyəm ki, bu il “Fitch Ratings” agentliyi Azərbaycanın sabit reytinqini bir daha təsdiqləyib. Bizim BBB səviyyəsində reytinqimiz var. Bu da çox böyük nailiyyətdir. Bunu geniş ictimaiyyət bəlkə də bilmir və mətbuatda da çox qısa xəbər kimi təqdim edilmişdi, halbuki bu, çox böyük hadisədir. İndi baxsınlar başqa ölkələrin kredit reytinqlərinə. Hamısı aşağı düşür, Azərbaycanda isə sabitdir. Nəyə görə? Əvvəllər bizim uğurlarımızı bədxahlar, paxıllar neftlə bağlayırdılar: “Azərbaycanda neft hasilatı var, ona görə də Azərbaycan inkişaf edir”.

Yaxşı, neft hasilatı Azərbaycanda artmır, düşür. Neftin qiyməti iki dəfədən çox düşüb. Yenə də biz inkişaf edirik. Qəbul etmək istəmirlər ki, bizim inkişafımızın təməlində düşünülmüş siyasət dayanır. Antiazərbaycan qüvvələri, islamofob qüvvələri, bizim müstəqilliyimizlə barışmaq istəməyənlər həmişə çalışırlar ki, bizim işimizə kölgə salsınlar. Bu gün də bizə qarşı çirkin kampaniya davam edir - Avropa Oyunları ərəfəsində və Oyunlar zamanı, indi də. Nəyə görə? Çünki biz ölkəmizi qoruyuruq. İmkan vermirik ki, "beşinci kolon", milli satqınlar, xainlər burada meydan oxusunlar və imkan verməyəcəyik. Bax, budur bugünkü ümumi siyasi və iqtisadi mənzərə. Mən bir də demək istəyirəm ki, ilin sonuna qədər biz bütün lazımi tədbirləri görəcəyik ki, iqtisadi inkişaf davam etsin. Və gələn il əlbəttə ki, hökumət daha fəal, çevik işləməlidir ki, gələn il də bizim iqtisadiyyatımız artsın".

Dövlət başçısı xatırladıb ki, bir neçə gün bundan əvvəl hökumətin iclasında gələn ilin büdcəsi müzakirə edilmişdi: "Mənə artıq məruzə edildi, biz bu məsələni daha da geniş müzakirə edəcəyik. Demək istəyirəm ki, gələn ilin büdcəsi real vəziyyəti nəzərə almalıdır. Gələn ilin büdcəsi daha çox sosial yönümlü büdcə olmalıdır. Əlbəttə ki, ən böyük prioritet təşkil edən investisiya layihələri də icra edilməlidir. Ancaq prioritet olmayan, o qədər də vacib xarakter daşımayan layihələri büdcə proqramına, investisiya proqramına salmamalıyıq. İsrafçılığa yol verilməməlidir, maliyyə nizam-intizamı daha da gücləndirilməlidir. Və çalışmalıyıq ki, vəsaitə qənaət edək. Bütün ölkələr indi bu siyasəti aparır və biz də bu siyasəti daha da ciddi şəkildə aparmalıyıq.

Əvvəlki illərdə biz daha çox çalışırdıq ki, tezliklə ölkə qarşısında duran bütün sosial-iqtisadi məsələləri həll edək və məhz ona görə bəzi hallarda o qədər də böyük prioritet təşkil etməyən layihələrə vəsait ayırırdıq ki, daha da sürətlə inkişaf getsin. Çünki görüləsi işlər kifayət qədər çox idi. Amma bu gün biz əsas infrastruktur layihələrini icra etmişik, bəziləri davam edir, ancaq köklü şəkildə burada çox ciddi dönüş yaranıb. Sosial-infrastruktur layihələrinin bir çoxunu icra etmişik və ölkədə sahibkarlığın, biznesin inkişafı üçün möhkəm zəmin yaradılıb: infrastruktur layihələri, kreditləşdirmə və əlbəttə ki, dövlət siyasəti. Ona görə də gələn ilin büdcəsinə çox diqqətlə baxmalıyıq. Yenə də demək istəyirəm ki, ən əsas məsələlər orada öz həllini tapacaq. İlk növbədə qeyd etməliyəm ki, bütün sosial proqramlar ixtisarsız icra ediləcək. Azərbaycan vətəndaşları əmin ola bilər ki, burada heç bir ixtisar ola bilməz. Sosial infrastruktur layihələri icra ediləcək. Məktəb tikintisi, uşaq bağçalarının tikintisi, xəstəxanaların tikintisi davam edəcək. Eyni zamanda, sosial siyasətlə bağlı institusional islahatlar davam etdiriləcək".

Prezident vurğulayıb ki, hökumət yeni situasiyada işləyəcək: "Neft gəlirləri azalır. Ona görə də daha çox innovasiyalara üstünlük verilməlidir. Sahibkarlığın inkişafı üçün əlbəttə ki, addımlar atılacaq və maliyyə sabitliyi təmin ediləcək. Mənim buna heç bir şübhəm yoxdur. Bizim maliyyə vəziyyətimiz sabitdir. Kifayət qədər valyuta ehtiyatlarımız var. Biz yenə də düşünülmüş siyasət apararaq valyuta ehtiyatlarımızı ildən-ilə artırırdıq. Bu il də biz Dövlət Neft Fondunun vəsaitini qoruyuruq. Düzdür, indi bəzi vaxtilə alınmış əmlakların qiyməti düşdüyünə görə, xüsusilə, avro-dollar məzənnələrinin arasında olan bəzi dəyişmələr elə fikir yarada bilər ki, bizim Dövlət Neft Fondunun ehtiyatları azalıb, ancaq reallığa baxanda görərik ki, azalmayıb. Çünki qiymətləndirmə ilə bağlı və dünya valyuta kurslarının səviyyəsi ilə əlaqədar bəzi dəyişikliklər edilib. Ancaq biz gələn il də valyuta ehtiyatlarımızı, xüsusilə, Dövlət Neft Fondunun ehtiyatlarını qorumalıyıq və qoruyacağıq.

Bax, bu səpkidə bütün işləri görürük. Bir də demək istəyirəm ki, mən Azərbaycanın uğurlu inkişafı ilə bağlı heç bir problem görmürəm. 2016-cı ildə də biz uğurla inkişaf edəcəyik, ölkə qarşısında duran bütün vəzifələri icra edəcəyik. Sadəcə olaraq, ilin sonuna qədər, xüsusilə, gələn ilin xərcləri ilə, investisiya proqramları ilə, maliyyə vəziyyətimizlə bağlı hökumət daha da ciddi işləməlidir, yeni təkliflər verilməlidir. Ən əsas məsələ ondan ibarətdir ki, gələn ilin büdcəsi balanslaşdırılmış, reallığı əks etdirən və lazımlı olmayan xərclərə yol verməyən bir büdcə olmalıdır".

*   *   *15:33

“Baxın, Ukraynada, Yaxın Şərqdə, Suriyada, İraqda, Liviyada nələr baş verir? O ölkələrin ərazi bütövlüyü demək olar ki, pozulub. Yaxın Şərqdə bundan sonra vəziyyəti sabitləşdirmək, sülhü bərpa etmək üçün müsbət meyllər gözə dəyimir”.

Bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycanda sabitlik, inkişaf, normal həyat davam edir: “Biz ölkəmizi bu bəlalardan qorumuşuq, bizə uzanan çirkli əlləri kəsmişik. Bundan sonra da ölkəmizi qoruyacağıq, inamlı inkişafımızı təmin edəcəyik”.

Prezident İlham Əliyev bildirib ki, ötən müddət ərzində neftin qiyməti kəskin aşağı düşüb: “Yəqin ki, mütəxəssislər, təhlilçilər bunun səbəbini araşdırmalıdırlar. Ancaq istisna edilmir ki, neftin qiymətinin kəskin düşməsi siyasi sifarişin nəticəsidir. Buna baxmayaraq, biz bu vəziyyətə də hazır olmalı idik. Bu günə qədər iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektoru ilə bağlı atılan addımlar bizə kömək etdi ki, vəziyyətdən minimum itkilərlə çıxaq. Baxmayaraq ki, təbii olaraq gəlirlərimiz böyük dərəcədə azalıb. Keçən il neftin qiyməti 100 dollardan yuxarı idisə, bu gün 50 dollardan aşağıdır. Neftin qiyməti 2 dəfədən çox düşüb. Ancaq biz çalışırıq və çalışacağıq ki, Azərbaycan xalqı bundan əziyyət çəkməsin. Bütün sosial proqramlar, sosial infrastruktur layihələr icra edilir, insanların təhlükəsizliyi və sosial müdafiəsi təmin edilir”.
 
*   *   *14:50

"Dünyada dərin iqtisadi və maliyyə böhranı davam edir, xüsusilə Avrasiya məkanında bu böhran daha da ciddi formalar alıb. Həm Avropada, həm Asiyada iqtisadi tənəzzül müşahidə olunur".

Bunu Azərbaycan prezidenti İlham Əliyev bu gün keçirilən iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə çıxışında deyib.

Dövlət başçısı qeyd edib ki, bunun müxtəlif obyektiv bə subyektiv səbəbləri var: "Bu səbəbləri əlbəttə ki, təhlilçilər araşdırırlar, araşdıracaqlar. Bu, bizim işimiz deyil. Bizim işimiz ondan ibarətdir ki, ölkəmizi, ölkə iqtisadiyyatını maksimum dərəcədə dünyada gedən mənfi proseslərdən qoruyaq. Biz bunu bacarırıq, uğurla bacarırıq, ölkəmizi qoruyuruq, ölkəmizin təhlükəsizliyini, sabitliyini, iqtisadi inkişafını təmin edirik. Əlbəttə ki, Avrasiya məkanında yaşanan siyasi, hərbi və iqtisadi böhranın səbəbləri araşdırılacaq. Ancaq indi təhlil aparmaq üçün kifayət qədər informasiya var və biz görürük ki, bu böhranın əsas səbəbləri sabitliyin pozulmasıdır və bəzi ölkələrin siyasi maraqlarıdır".

Prezident deyib ki, Yaxın Şərqdə son illər ərzində yüz minlərlə insan həlak olub: "Onlar xarici müdaxilə, qanlı toqquşmalar nəticəsində həlak olublar və bu müharibənin, bu toqquşmanın sonu görünmür. Əksinə, yeni müharibə ocaqları yaranır və günahsız insanlar bundan əziyyət çəkir. Postsovet məkanında vəziyyət daha da gərginləşir. Həm qanlı toqquşmalar, həm də eyni zamanda siyasi və iqtisadi böhranlar hökm sürür.

Qarşıdurma meylləri güclənir və postsovet məkanı əlbəttə ki, bizim qonşuluğumuzdur. Burada da biz hamımız yaxşı görürük və ictimaiyyət də bunu bilir. Xarici müdaxilə öz rolunu oynayır və bundan əziyyət çəkən yenə də günahsız insanlardır.

II dünya müharibəsindən sonra ilk dəfə olaraq Avropa məkanı, daha doğrusu, Avropa İttifaqı böyük humanitar fəlakətlə üz-üzədir. Yüz minlərlə qaçqın,- hansı ki, yenə də xarici müdaxilə nəticəsində qaçqın vəziyyətinə düşmüş insanlar,- Avropaya üz tutub və sığınacaq tapmaq, öz canını qurtarmaq üçün hal-hazırda böyük köç müşahidə olunur. Yenə də demək istəyirəm ki, II dünya müharibəsindən sonra ilk dəfədir ki, biz bu mənzərə ilə üzləşirik və əlbəttə ki, bu, böyük humanitar fəlakətdir. İlk növbədə bu ağır vəziyyətə düşən insanlar üçün humanitar fəlakətdir. Və onlar bu humanitar fəlakətlə artıq bir neçə ildir ki, üz-üzədir".

Prezidentin sözlərinə görə, əfsuslar olsun ki, Qərb mediası buna tamamilə biganə və etinasız yanaşır: "Ancaq bu gün ki bu insanların bir hissəsi Avropa qitəsinə üz tütüb, indi bütün Qərb mediası gecə-gündüz bu görüntüləri yayır və sanki insanları bu vəziyyətdə günahlandırır. Bu insanların heç bir günahı yoxdur. Onlar məqsədyönlü siyasətin qurbanlarıdır. Onlar xarici müdaxilənin qurbanlarıdır. Onların başqa yolu yoxdur. Onlar özlərini, öz ailələrini qorumalıdırlar. Ona görə bu gün bu humanitar fəlakət ilk növbədə onların humanitar fəlakətidir".

*   *   *14:00

İlham Əliyevin yanında iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirə keçirilib

Etatist.com xəbər verir ki, Prezident İlham Əliyevin yanında iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirə keçirilib.

Dövlət başçısı müşavirədə çıxış edib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti