Mübariz Qurbanlı xaricdə təhsil alan gənclərə yönəlik təhlükədən danışdı

2-09-2015, 15:53
Oxunub: 452
"Xaricdə təhsil alan gənclərimizin müxtəlif dini və ya ekstremist təşkilatların təsiri altına düşməməsi üçün qabaqlayıcı tədbirlər görülür"


“Azərbaycanda gənclərin xarici ölkələrdə təhsil almasında heç bir məhdudiyyət yoxdur. Yalnız dini təhsil ilə bağlı müəyyən düzəliş var. Bu da Azərbaycanda məsciddə, sinaqoqda, kilsədə yalnız Azərbaycanda təhsil almış şəxslərin dini ayinləri icra edə bilməsindən ibarətdir”.

APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

O qeyd edib ki, bu qayda əksər ölkələrdə var və bu belə də olmalıdır: “Amma təhsilin qalan sahələrində heç bir məhdudiyyət yoxdur. Azərbaycanda dövlət proqramı çərçivəsində xaricdə təhsil almağa göndərilənlər var, eyni zamanda müstəqil şəkildə bu və ya digər ölkələrdə təhsil alan azərbaycanlı tələbələr var. Minlərlə Azərbaycan gənci müxtəlif ölkələrdə təhsil almaqdadır.

Türkiyədə təhsil alan gənclərimiz var. Onların fəaliyyəti ilə bağlı Ankaradakı səfirliyimiz, İstanbuldakı konsulluq və digər şəhərlərdə olan qurumlarımız fəaliyyət göstərirlər. Əlbəttə, xaricdə təhsil alan gənclərimizin müxtəlif dini və ya ekstremist təşkilatların təsiri altına düşməməsi üçün qabaqlayıcı tədbirlər görülür və bu qabaqlayıcı tədbirlər də həmin tələbələr arasında müəyyən izahat işinin aparılması, müxtəlif səviyyələrdə dövlət nümayəndələrinin həmin ölkələrə səfərləri zamanı tələbələr ilə görüşlər keçirməsidir.

Məsələn, mən Türkiyədə və İranda rəsmi səfərdə olduğum zaman dini təhsil alan tələbələrlə ayrıca görüşmüşdüm, müxtəlif nazirliklərin nümayəndələri də bu cür işlər görür, eyni zamanda Təhsil Nazirliyi bu sahədə xüsusi bir proqram həyata keçirir. Amma bilirsiniz ki, dünyada insanların bu və ya digər qrupların təsiri altına düşməsini tam aradan qaldırmaq o qədər də asan məsələ deyil. Bəzi təsir altına düşən gənclər olub. Mən də sosial şəbəkələrdə gördüm, müvafiq qurumlar bunu araşdırırlar. Amma bunlar tək-tək hallardır. Tək-tək halları biz ümumiləşdirə bilmərik. Azərbaycandan Türkiyədə minlərlə tələbə təhsil alır. Onların içərisində əgər 2-3 nəfər bu cür qrupların təsiri altına düşübsə, bunu ümumiləşdirmək olmaz. Hər halda daha çox izahat işi aparılmalı, KİV də bu yöndə çalışmalı, ailələr xaricdə təhsil alan uşaqları üzərində təsirlərini artırmalı, səfirliklərimiz də bu yöndə işi daha da gücləndirməlidirlər”.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti