Mirzə Cəlilə həsr olunmuş tədbir keçirilib

18-02-2013, 13:08
Oxunub: 770
"Nə qədər ki, millət olaraq ölçümüz yoxdur, yenə də Şeyx Nəsrullahlar olacaq, cəhalət azalmayacaq"


«Nə qədər ki, millət olaraq ölçümüz yoxdur, yenə də Şeyx Nəsrullahlar olacaq, cəhalət azalmayacaq»

16 fevral 2013-cü ildə (16 İstək günü, Köçəri ayı 34-cü ildə) Asif Ata Ocağının Yükümlüsü İşıqlı Atalı böyük ədib Cəlil Məmmədquluzadəyə həsr olunmuş tədbirdə çıxış edib. Ocaqdan Etatist.com-a verilən məlumata görə, o, Mirzə Cəlilin çağı və yaradıcılığına özünəməxsus yanaşıb, dəyərləndirib: «Cəlil Məmmədquluzadənin yaradıcılığı mahiyyətcə ədəbi hadisə çərçivəsinə sığmır. Konkret olaraq «Ölülər» dünya ədəbiyyatında bənzərsiz bir əsərdir, insanın cahilliyinə qarşı döyüşdür. Bu yöndə yeni əsərlər yaranmalıdır. Mirzə Cəlilin «Molla Nəsrəddin» yaradıcılığı da bənzərsizdir. O dönəmdə Azərbaycan aydınlarında Yurdu, Şərqi gerilikdən çıxarmaq üçün Qərbə meyillilik açıq hiss olunurdu. Ancaq millətin içindəki gücün aşkarlanması yönündə istəklər də az olmadı. Sabirlərin yaranmasında Mirzə Cəlilin ayrıcayeri vardı. Yazıqlar ki, Azərbaycan jurnalistikası «Molla Nəsrəddin»in 100 il bundan qabaq başladığı ənənəni inkişaf etdirmək, artırmaq yönündə önəmli addımlar atmadı. Ancaq gec də olsa, bu, başlamalıdır. Ədəbiyyatımızda Mirzə Cəlilin, Sabirin dərdçiliyi, fədakarlığı, təmənnasızlığı davam etdirilməlidir. Ulusallığa xidmət edən ədəbiyyat həm də bəşəridir. Əsl yaradıcılıq - milli özümlük təməli üzərində inkişaf deməkdir. Mirzə Cəlil ədəbiyyatda bu özülü yaradanlardandır». İşıqlı Atalı bildirib ki, əsl ədəbiyyata ən pis çağda belə insani rəğbət olub və olacaq: «Əsl ədəbiyyat həqiqəti təsdiq etdiyinə görə çağı aşır. Dönəmə, çağa bac verən ədəbiyyat – ədəbiyyat deyil».

Tədbirdə Əkrəm Əylislinin «Daş yuxular» əsəri ilə Mirzə Cəlilin yaradıcılığı arasında oxşarlıqlar axtarmaq istəkləri ilə bağlı səsləndirilən fikirlərə İşıqlı Atalı yanaşmasını belə açıqlayıb: «Əkrəm Əylislii qətiyyən əbədiyyət hadisəsi deyil, çünki onun xalq dərdi yoxdur. Əsl ədəbiyyat isə əbədiyyətlə bağlı məsələdir. Ümumiyyətlə, yaradıcıya zamanın dəyər verəcəyini gözləmək – əslində həqiqətsizliyə ümid bağlamaqdır. Zaman həqiqəti ifadə etmir. Əkrəm Əylisli zamançıdır – yəni xalqsızdır, insansızdır, bəşərsizdir. Mirzə Cəlil, Sabir isə milli dərdlə yaşayırdılar. Onlar millətin dərdlərini tənqid etdikləri dərəcədə onu yaşatmaq eşqiylə çalışırdılar, bacardıqları dərəcədə xalqın ruhunu qoruyurdular, təssübünü çəkirdilər». Sonda İşıqlı Atalı ədəbiyyatın mahiyyətinə yetməyin gərəkliyinə diqqət çəkib: «Bizə orta və ali məktəblərdə ədəbiyyatın mahiyyətini öyrətməyiblər. Mən ədəbiyyatın, sənətin mahiyyətini Asif Atanın Mütləqə İnam fəlsəfəsi əsasında dərk etmişəm. Bu mövzuda dəfələrlə Atayla söhbətlərim olub, hamısını yazmışam, çap etdirmişəm. İstərdim ki, gənclərimiz Asif Atanın əsərlərini diqqətlə oxusunlar, özümləşdirsinlər. Nə qədər ki, millət olaraq ölçümüz yoxdur, yenə də Şeyx Nəsrullahlar olacaq, cəhalət azalmayacaq.

Asif Ata Ocağı olaraq bu kimi çoxsaylı problemlərdən çıxış yolunu Mütləqə İnam dünyabaxışının ömürləşməsində görürük». Tədbirdə gənclərdən Ramiz Talıbov, İsgəndər Bababəyli, Lalə Quluzadə, Gülsümxanım Tahirli, Elvin Sadıqov və başqaları mövzu ilə bağlı düşüncələrini bölüşüblər. İşıqlı Atalı gənclərin mövzu ilə əlaqədar suallarını cavablandırıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti