Gənclər Qarabağı istəyir; siyasilər dəstəkləyir

16-02-2013, 11:21
Oxunub: 1419


Xocalı faciəsinin 21-ci ilinin tamam olunması ilə bağlı Etatist.com internet qəzeti olaraq "Qarabağı istəyirik” mövzusunda gənclərin, siyasi görüşündən, təhsilindən, ictimai fəal olub olmamasından asılı olmayaraq söz demək hüququnun olacağı müzakirə təşkil edirik. Bundan öncə isə şəhərdə sorğu keçirdik.

Bu tədbirlə bağlı Etatist.com-a açıqlama verən politoloq Hikmət Hacızadə, gənclərin belə mühüm problemlərlə maraqlanmasının sevindirici hal olduğunu söylədi: "Mən bunu çox müsbət dəyərləndirirəm, çox sevinirəm ki, belə mühüm milli problem gəncləri düşündürür. Bunları gənclər eləməlidir. Bizim nəsil çalışdı-vuruşdu nəsə bir şey edə bilmədi. Görünür Qarabağ məsələsi gənc nəslin çiyninə düşüb. Çox təqdirəlayiqdir. Mən də gəncləri dəstəkləyirəm".

Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə isə Qarabağın qaytarılmasında hər bir azərbaycanlının rolu olduğunu söylədi. "Baxır hardan yanaşacaqsan və siyasət necə həyata keçiriləcək. Açar bir yerdə deyil ki, gedəsən ora götürəsən. Müxtəlif yanaşmalar var - dünyanın problemə münasibəti, İrandakı vəziyyət, qonşu dövlətlərin münasibəti, daxildəki güc. Problemin həlli bunların hamısından asılıdır və gənclik də bunların hamısının içində yer aldığına görə də bir spektrdan yanaşmaq doğru deyil. Mən gənclərin bu addımını dəstəkləyirəm və həmin tədbirdə iştirak da edə bilərəm." deyə millət vəkili əlavə edib.

 

KXCP sədri Mirmahmud Mirəlioğlu, gənclərə dəstək olmağa borclu olduqlarını dilə gətirdi: "Qarabağın qaytarılmasında gənclərin rolu və vəzifəsi bizdən - özlərindən öncəki nəsildən və özlərindən sonra gələn nəsildən daha böyükdür. Ona görə də mən gənclərə uğrlar arzulayıram, hesab edirəm ki, onların haqqıdır ki, bu işləri görsünlər və inanıram ki, bacaracaqlar. Bütün hallarda biz gənclərin dəstəkçisi olmağa borcluyuq".

Qeyd edək ki, "Qarabağı istəyirik" adlı tədbirə hər kəs qatıla bilər və fikir söyləyə bilər.

Şərhlər : 1 Şərh yaz
sahil 23 fevral 2013 14:05  
Qarabağ bizim yaralı yerimizdir .Bu yaranın sağalması üçün o,torpaqları qaytarmalıyıq. Sahil İsgəndər Azad Gənclər Demokratik Partiyasının yaradıcısı.
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti