İcra başçısı haqqında ATƏT-ə şikayət - Təcavüz

15-02-2013, 18:02
Oxunub: 7562


Bir müddət öncə Etatist.com-a danışan və Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayevi öz keçmiş həyat yoldaşına təcavüzdə ittiham edən Səfərəliyev Yaqub ATƏT-in Bakı ofisinə Lütvəli Babayev haqqında şikayət ərizəsi yazıb.

Etatist.com-a göndərilmiş həmin ərizəni heç bir dəyişiklik etmədən sizə təqdim edirik:

ATƏT-in Bakı ofisinə Zərdab şəhəri R.Kərimov küçəsi 18 saylı evdə yaşayan Səfərəliyev Aydın Yaqub oğlu tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 57-ci və "Vətəndaşların Müraciətlərinə Baxılması Qaydası Haqqında" qanunun 7-ci maddələrinə müvafiq

 

Şikayət Ərizəsi

 

Yazıb nəzərinizə çatdırmaq istəyirəm ki, Bakı ş. Yasamal Rayon Məhkəməsinin hakimi İlahə Abbasovanın sədrliyi ilə çıxarılmış 07.12.2012-ci il tarixli qətnaməyə əsasən anam Səfərəliyeva Şəfəq Abdulməmməd qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilməklə, Azərbaycan Respublikası C.M-nin 67-ci maddəsilə həmin cəza Zərdab Rayon Məhkəməsinin 21.06.2012-ci il tarixli hökmü ilə qismən birləşdirməklə ona qəti olaraq 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.

 

Yasamal Rayon Məhkəməsinin hakimi tərəfindən işə baxılarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbləri kobud şəkildə pozulmuşdur.

Belə ki, xüsusi ittihamçı Babayev Lütvəli Babaəli oğlu tərəfindən anam Səfərəliyeva Şəfəq Abdulməmməd qızına qarşı qaldırılan xüsusi ittiham anamın yaşayış yeri üzrə məhkəməyə verilməli olduğu halda, hakim Azərbaycan Respublikası CPM-nin tələblərini pozaraq onu icraatına qəbul etməklə məhkəmə ərazi adiyyatı qaydalarını pozmuşdur.

 

Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən "Cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır".
Belə ki, anama qarşı qaldırılan xüsusi ittihamda göstərilir ki, guya "Azərbaycan Saatı" proqramının müxbiri anamdan müsahibəni "Azadlıq" qəzetinin redaksiyasında almışdır. Ona görə də bunu əsas gətirməklə ittiham "Azadlıq" qəzetinin yerləşdiyi yerin məhkəməsinə, yəni Yasamal Rayon Məhkəməsinə verilmişdir. Halbuki, müsahibəni "Azadlıq" qəzetinin redaksiyasında deyil, Səbail rayonunda yerləşən kafelərin birində almışdır. Xüsusi ittihamçı Lütvəli Babayev əvvəlcədən planlaşdırılmış şəkildə, bilərəkdən ərazi adiyyatını Yasamal Məhkəməsinə yönəltmək üçün məhz "Azadlıq" qəzetinin redaksiyasında anamdan müsahibə götürüldüyünü göstərmişdir. Məhkəmə tərəfindən bu faktın araşdırılması üçün "Azadlıq" qəzetinin redaksiyasından nümayəndə çağırılmamışdır. O ki, qaldı "Azərbaycan Saatı" proqramına, həmin proqram Türkiyədə yerləşir.


Beləiklə xüsusi ittiham ya Səbail Rayon Məhkəməsinə ya da ki, anamın yaşayış yeri üzrə Zərdab Rayon Məhkəməsinə verilməli idi.


Yəni, hakim İlahə Abbasova ittihamı ərazi adiyyatı üzrə məhkəməyə göndərməli idi. Lakin o, bilərəkdən bunu etməmişdir.

Bundan başqa məhkəmənin  hökmü hakim tərəfindən 07.12.2012-ci il tarixində elan edildiyi halda hökmdə tarix 05.12.2012-ci il göstərilmişdir. Bununla da hakim anamın bir neçə gün də istintaq təcridxanasında saxlanılmasına şərait yaratmışdır.


Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.1.2-ci maddəsinə əsasən "hökmün məzmununda hökmün çıxarıldığı tarix və vaxt göstərilməlidir".

Hakim tərəfindən bu qanunun tələbləri pozulmuşdur.


Bundan başqa xüsusi ittihamla bağlı hakim işə səthi baxmış və məhkəmə qarşısında tərəflərin bərabərlik prinsipinə də əməl etməmişdir. Belə ki, anam, Zərdab Rayon İcra Başçısı Lütvəli Babayevin ona qarşı qanununa zidd hərəkətlərindən müxtəlif dövlət orqanlarına şikayətlər göndərmişdir. Lakin Lütvəli Babayev bununla bağlı heç bir münasibət bildirməmiş və heç yerə şikayət etməmişdir.

Sual olunur əgər anam onun şərəf və ləyaqətini təhqir edirdisə onda nəyə görə o, bu vaxta qədər buna qarşı öz münasibətini bildirmirdi. Həm də hansı bir qadın kiməsə böhtan atmaqla özünü ləkələyər?


Qeyd edim ki, anam Lütvəli Babayev tərəfindən müxtəlif təzyiqlərə məruz qalması barədə mənə bildirmişdi. Məhkəmə prosesində mən bu barədə bildirsəm də hökmdə bu izahım öz əksini tapmamışdır. Bundan başqa məhkəmənin hökmündə ifadəm təhrif olunaraq göstərilir ki, guya mən deməmişəm ki, valideyinlərimin boşaması mənə görə olub. Əslində mən belə ifadə verməmişəm. Valideyinlərim boşansalar da onlar bir yerdə yaşamışlar. Lakin sonradan icra başçısı Lütvəli Babayevin ona qarşı zorakılıq hərəkətlərindən sonra, anam bu vəziyyətə dözməyərək atamdan aytılmalı olmuşdur.

Bundan başqa məhkəmə hökmündə göstərilən digər şahidlər Zərdab Rayon İcra Başçısının tabeçiliyində işləyən şəxslər olduqlarından onun xeyrinə ifadə verməyə məcbur olmuşlar. Məhkəmə isə onların ifadəsini əsas tutmaqla, Lütvəli Babayevi dindirmədən ittihamı bir tərəfli qaydada təsdiq etmişdir. Halbuki, Lütvəli Babayev ittihamı irəli sürdüyündən onun özü də vəzifəsindən asılı olmayaraq məhkəmə qarşısında çıxış etməli idi.


Azərbaycan Respublikası 11.1-ci maddəsinə əsasən "Azərbaycan Respublikasında cinayət prosesi hər kəsin qanun məhkəmə qarşısında hüquq bərabərliyi əsasında həyata keçirilir". Həmin məcəllənin 11.2-ci maddəsinə əsasən "Cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən şəxslərdən hər hansı birinə vətəndaşlıq, sosial, cinsi, irqi, milli, siyasi və dini mənsubiyyətindən, dilindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, yaşayış yerindən və olduğu yerdən asılı olmayaraq və qanunla əsaslandırılmamış digər mülahizələrə görə üstünlük vermir".

İttiham aktında Lütvəli Babayev göstərmişdir ki, yaşa görə anama pensiya Zərdab Rayon Dövlət Sosial Müdafiə Fondu tərəfindən 09.02.2007-ci il tarixdə təyin edilmişdir. O isə icra başçısı vəzifəsinə 14.12.2007-ci il tarixində təyin edilmişdir. Bununla o demək istəmişdir ki, pensiya onun icra başçısı olmadığı vaxtda təyin edilmişdir.


Onun bu iradı tam əsassızdır.
Belə ki, anama saxta pensiya təyin edilərkən Zərdab Rayon Qeydiyyat Şöbəsi tərəfindən ona doğulmayan uşağa görə doğum haqqında şəhadətnamə verilirdisə eləcə də pasportunda doğum tarixi dəyişdirilirdisə, onda Zərdab Rayon DSMF tərəfindən arxa tarixlə pensiya təyin edilməsi heç də təəccüblü deyildi.


Məhkəmə iclasında anam bu barədə açıqlama verərək həmin sənədlərin arxa tarixlə verilməsinin Zərdab Rayon İcra Başçısı Lütvəli babayevin göstərişi ilə edilmiyini əsaslandırmışdı. Yoxsa saxta sənəd vermiş Zərdab Rayon İcra orqanlarının nə marağı var idi ki, belə cinayət əməllərinə yol versinlər.

Hakim tərəfindən bu açıqlamadan sonra məhkəmə iclasında Göyçay doğum evinin müdiri barəsində xüsusi qərar da çıxarılacağı bildirilsə də sonradan doğum evinin müdirinin Lütvəli Babayevin vəkilinə və eləcə də hakimə etdiyi xahişdən sonra işə baxan hakim hansısa marağa görə bu fikrindən daşınmışdır? Bununla da hakim əsas cinayətkarları və onları buna sövq edənləri məsuliyyətdən kənarda qoyub anamı, Lütvəlinin qanunsuz hərəkətləri barədə susmadığına görə cəzalandırmışdır.

Hazırda anam Yasamal Rayon Məhkəməsinin hökmündən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir.

Yuxarıda qeyd etdiklərimə əsasən sizdən xahiş edirəm:

Yasamal Rayon Məhkəməsinin 07.12.2012-ci il tarixli qətnaməsinin ləğv edilməsinə, hakim İlahə Abasovanın cəzalanmasına və işin ərazi adiyyatı üzrə məhkəməyə göndərilməsinə köməklik göstərəsinin.

16 yanvar 2013-cü il

Səfərəliyev A.Y

 

İcra başçısı haqqında ATƏT-ə şikayət - Təcavüz
İcra başçısı haqqında ATƏT-ə şikayət - Təcavüz
İcra başçısı haqqında ATƏT-ə şikayət - Təcavüz

 


 

 Etatist.com

 

 

Şərhlər : 2 Şərh yaz
Sadiq 15 fevral 2013 18:24  
görəsən bunun da cəzalandırması üçün də üsyan lazımdı ?
Senan 15 fevral 2013 18:35  
Bunuda cezalandirin Cenab Prezident bu sere...
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti