4 Azərbaycan vətəndaşı Şimali Kipr sahillərində acından ölür

22-08-2015, 15:30
Oxunub: 624
Heyət üzvləri 5 aydır maaş ala bilmədiklərini deyir


Toqo bayrağı altında üzən gəminin 4 Azərbaycan vətəndaşından ibarət heyəti Şimali Kipr sahillərində acından ölür.

Virtualaz.org saytı Şimali Kipr mənbələrinə istinadən xəbər verir ki, onlar Türkiyə şirkətinə aid “ORSA” adlı gəminin heyət üzvləridir.

Gəmi 5 ay əvvəl Şimali Kipr sahillərində xarab olub və açıq dənizdə qalıb. Gəminin sahibi olan şirkət isə təmir üçün vəsaitin olmadığını bildirərək heyət üzvlərini taleyin ümidinə buraxıb.

5 aya yaxındır Şimali Kiprin Gazimağusa limanı sahillərində açıq dənizdə nasaz vəziyyətdə dayanan gəminin heyəti əvvəlcə 12 nəfərdən ibarət olub. Hazırda gəmidə kapitanla birlikdə cəmi 4 nəfər qalıb. Qalan heyət üzvlərinin gəmini tərk etdiyi bildirilir. Aylardır ac-susuz qalan kapitan yardım üçün Şimali Kipr mediasına müraciət edib.

Gəminin və heyət üzvlərinin acınacaqlı vəziyyəti barədə xəbərlər mətbuatda çıxdıqdan sonra Şimali Kiprin Limanlar İdarəsi heyətə yardım edib. Gəmiyə kiçik qayıqlarla içməli su və ərzaq çatdırılır.

Həmçinin Şimali Kiprin Nəqliyyat Nazirliyi gəmi heyətinin vəziyyəti ilə bağlı Türkiyə XİN üzərindən Azərbaycanın Ankaradakı səfirliyini məlumatlandıracağını bildirib. Heyət üzvləri 5 aydır maaş ala bilmədiklərini deyir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti