Milli Şuranın seçkini boykot çağırışına reaksiya

20-08-2015, 10:29
Oxunub: 344
"Şuranın seçkiləri boykot çağırışı onların özlərinin fiaskosu ilə nəticələnəcək"


Ötən həftə Milli Şura 1 noyabrda keçiriləcək parlament seçkiləri məsələsini müzakirə edib və seçkilərin demokratik keçiriləcəyinə əngəl olan halların olduğu barədə sənəd yayıb. Bundan sonra isə Milli Şuranın sədri və AXCP rəhbərliyinə daxil olan şəxslər seçkilərdə iştirak etməyin mənasız olduğunu bəyan ediblər. Milli Şuradan və AXCP-dən seçki tamaşasında dekorasiya olmamaq, seçkini boykot etmək çağırışları gəlməkdədir.

Müxalifət düşərgəsindən boykot çağırışlarına sərt reaksiyalar verilib. Müsavat, ADP, Ümid Partiyası, KXCP, AXP, Azadlıq Partiyası, AMİP, VİP və digər partiyalar seçkilərdə iştirak etməyin partiya üçün daha məqbul olduğunu, boykot taktikasının zərərli olduğunu bəyan ediblər.

Azadlıq Partiyasının sədri Əhməd Oruc və Müsavat başqanının müavini Səxavət Soltanlı artıq bu çağırışa etiraz edib. Müsavatın Divan üzvü, sabiq deputat İkram İsrafil isə bəyan edib ki, Müsavat parlament seçkilərində iştirak edəcəyinə dair qərar verib. Onun sözlərinə görə, partiya hazırda özünün namizədlərini və imkanlarını qiymətləndirir: “Mən siyasi partiyaların, siyasətçilərin seçkiləri boykot təkliflərini və niyyətlərini doğru hesab etmirəm. Son iyirmi ildə boykot olunan və iştirak olunan seçkilər və sonrakı dövrün qınaqlarını yadınıza salın. Boykot etdiyimiz seçkilər olub. Lakin sonradan biz buna görə həm siyasi, həm də ictimai qınaqla rastlaşmışıq. Ümumiyyətlə, siyasi partiyanın, siyasətçinin seçkiləri boykot etməsi başadüşülən deyil. İnsanların rəyini nəzərə almadan seçkiləri boykota çağırmaq siyasi fərarilikdir”.

ADP sədri Sərdar Cəlaloğlu da Milli Şuranı kəskin tənqid edib, bu qurumun mövcudluğunu dövlət müstəqilliyinə təhlükə hesab edib: “Mən şəxsən Milli Şuranın mövcudluğundan narahatam. Çünki Milli Şura Rusiyanın planı əsasında yaradılıb. Biz bilmirik ki, Rusiyanın Azərbaycanla bağlı niyyəti nədir. Azərbaycanı Avrasiya İttifaqına daxil etmək istəyirlər. Bu baxımdan, ola bilər ki, Milli Şura müəyyən məsələlərin fövqündə aktivləşdirilsin. Bu da məni narahat edir. Çünki Milli Şuranın fəaliyyəti dövlət müstəqilliyi ilə bağlıdır. Ancaq Müsavatla bizim bir-birimizə hücumumuz normaldır. Çünki biz də, Müsavat da Azərbaycanın suverenliyini istəyirik. Odur ki, bizim bir-birimizə hücumumuz başqa mənadadır. Lakin Azərbaycanın suverenliyinə təhlükə törədən qüvvələrin bizə hücumu tamam başqa məna kəsb edir. Milli Şuranın digər partiyaları seçkidən çəkindirmək üçün atdığı addımlar mənasızdır. Fəlsəfədə subyektiv idealizm var. Bunun da mahiyyətində bu durur ki, mən varamsa, dünya da var, mən yoxamsa, dünya da yoxdur. İndi Milli Şuranın təmsilçiləri özlərini subyektiv idealizmin nümayəndələri kimi aparır. Onlar hesab edirlər ki, nəyisə görür və həqiqət hesab edirlərsə, bu var. Nəyisə görmürlərsə, o şey yoxdur. Bu da dünyagörüşünün kasadlığı ilə bağlı məqamdır”. 

Seçkiləri boykot çağırışlarına hakimiyyətin münasibətinə gəlincə, hakim Yeni Azərbaycan Partiyasının şöbə müdiri, deputat Aydın Mirzəzadə bildirdi ki, ölkədə dövlət qeydiyyatında olan 55 partiyadan cəmi bir-ikisinin seçkiyə qatılmamasının seçkiyə heç bir təsiri ola bilməz: “Seçkidə iştirak etmək arzusunu bəyan edən kifayət qədər çoxsaylı partiyalar var. Seçki siyasi rəqabət şəraitində, demokratik, şəffaf keçəcək. 55 partiyadan birinin seçkini boykot etməsi isə onun özünün problemidir. AXCP-nin və Milli Şuranın bu gün hər hansı nüfuzundan, əhəmiyyətli sosial bazasından danışmağa dəyməz. Onların Azərbaycan coğrafiyası üzrə yerli təşkilatları ya yoxdur və yaxud da bir-iki nəfərlə təmsil olunurlar. AXCP və Milli Şuranın tərkibində arxasınca milyonları apara biləcək insanlar yoxdur. Partiya və Şura Azərbaycanın problemlərinə dair hər hansı bir yaradıcı proqram ortaya qoya bilmir. Onlar partiyadan, proqram hazırlamaqdan daha çox xaricdən vəsait əldə etmək haqqında düşünürlər. Ona görə də onların seçkidə iştirak onların özləri üçün böyük bir problemdir. Çünki 125 dairə üzrə ortaya qoyacaq namizədləri yoxdur. Onların seçkidə iştirakı onların siyasi iflasının rəsmi şəkildə təsdiq edilməsi olardı. Üzdə olan bir neçə nəfər isə kabinet siyasəti çərçivəsindən kənara çıxmırlar. Cəmiyyətin onların mövcudluğundan ümumiyyətlə xəbəri yoxdur. Onların hansı siyasət yeritməsi, seçkidə iştirak edib-etməməsi cəmiyyətin marağında deyil”.

YAP təmsilçisi hesab edir ki, seçkini boykot etmək barədə çağırışları isə müəyyən qüvvəsi olan, parlament seçkilərində iştirak edib özünü təsdiqləmək istəyən partiyaları bu yoldan çəkindirmək məqsədi daşıyır: “Düzdür, bu gün Yeni Azərbaycan Partiyasının yenidən qələbə çalacağı gözlənilir, partiyanın apardığı siyasət milyonlarla insanı öz ətrafına toplayır. Lakin digər partiyaların və bitərəflərin də parlamentdə yer qazanmaq şansları yüksəkdir. AXCP və Şura digər müxalifət partiyalarını özlərinin səviyyəsinə endirməyə çalışırlar, özlərinin məğlubiyyətinin müəllifinə çevirməyə nail olmaq istəyirlər. Aydın məsələdir ki, bu gün digər müxalifət partiyaları AXCP-nin yedək təşkilatları olmaq istəmirlər. Odur ki, AXCP-nin, Şuranın seçkiləri boykot çağırışı onların özlərinin fiaskosu ilə nəticələnəcək. Mətbuatda gedən müzakirələrdən göründüyü və həmişə olduğu kimi bu dəfə də onlar azlıqda qalacaqlar”.
"Yeni Müsavat"
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti