Həcc ziyarəti ilə bağlı Azərbaycana ayrılan zəvvar kvotası dolmayıb

17-08-2015, 13:28
Oxunub: 508
6 nəfərlik hotellərdə qalmaq üçün təklif olunan variant isə 4700 dollardır.


Azərbaycanda ilk dəfə olaraq Həcc ziyarətinə ayrılan zəvvar yerləri üçün kvota dolmayıb.

Qafqaz Müsəlmanları İdarəsindən APA-ya verilən məlumata görə, Həcc ziyarəti üçün sənəd qəbulunun vaxtı bu ayın sonuna qədər bir daha uzadılıb. Buna səbəb ziyarət üçün Azərbaycandan ayrılmış 2400 nəfərlik kvota hələ də dolmamasıdır.

Ötən ilə qədər Azərbaycanda Həcc ziyarəti üçün fevralın sonunda elan olunan sənəd qəbulu mayın sonu yekunlaşıb. Ötən ilki kvota 4 minə yaxın olub, ziyarət xərcləri isə təklif olunan variantlar üzrə 3250 manat və 4150 manat olub.

Qeyd edək ki, bu il sənəd qəbulu martın 11-də başlayıb.

Azərbaycandan Həcc ziyarətinə səfər sentyabrın 11-də başlayacaq. Hər il olduğu kimi, bu il də zəvvarlara ziyarət iki formada təklif olunur. Daha yaxşı şəraitli hotellərdə qalmaq, yeməklərlə təmin olunmaq, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşdirmə xərci 5750 dollar, nisbətən ucuz, 6 nəfərlik hotellərdə qalmaq üçün təklif olunan variant isə 4700 dollardır.

Zəvvarlardan sənəd qəbulu üçün pasport, şəxsiyyət vəsiqəsinin surəti, 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil və sağlamlıq haqqında arayış tələb olunur. Sənədlərin qəbulu yalnız QMİ-də aparılır. Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar ziyarət yalnız təyyarə ilə baş tutacaq. Uçuşları AZAL həyata keçirəcək. Bu il ilk dəfə olaraq ziyarət xərcləri ABŞ dolları ilə aparılır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti