"Aida İmanquliyeva araşdırmalarında önəmli mesajlar verib" - TAM MƏTN

6-08-2015, 21:52
Oxunub: 1100
Aida İmanquliyeva tədqiqinin əsas motivi bizə düşüncə işığını geri qaytarmaqdır


Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Etatist.com və Milli Fikir Mərkəzinin təşkilatçılığı ilə "Dəyərlərimizə qayıdaq" kampaniyası çərçivəsində "İslam mədəniyyətinin modernləşməsində Aida İmanquliyeva imzası" mövzusunda konfrans keçirilib. Konfransda Etatist.com internet qəzetinin baş redaktoru Şəhriyar Məcidzadə məruzə ilə çıxış edib.

Etatist.com həmin çıxışın tam mətnini oxucularına təqdim edir:

 - İslam mədəniyyətinin modernləşməsində Aida İmanquliyeva imzası

XXI əsrdə dünya keçmişdən qalma geopolitik problemlərlə daha kəskin şəkildə üzləşir. Xüsusilə hər iki qütbün ideoloqları tərəfindən Qərb və Şərq tandemi təhlil edilərkən bir-birini inkar etməklə qarşılıqlı qınaq və ayrılığa əsaslanırlar.

Bunun köklü səbəbi bu iki qütbün iki dünya görüşünün bir-birini tanımaması və tanımadığı üçün qorxmasıdır. Qorxu bilinməzlikdir. İnsan yaradılışı etibarı ilə əhəmiyyətini təsvir edə bilmədiyi, nəticəsini görə bilmədiyi hər şeydən qorxur.

Şərq və Qərb arasında çəkilən bu incə cizgi yüzillərdir ki, zorbalığa, zorakılığa, kinə, nifrətə əsaslanır. Bu gün dünyanın aydın beyinləri üçün bəllidir ki, bu qorxu çizgisini ancaq tanımaq, qarşılaşdırmaq, müqayisə etməklə aradan qaldırmaq olar. Ancaq istənilən uğurun yaradıcısı olmaq üçün ilk öncə istinad nöqtəsi lazımdır. Bu istinad nöqtəsi onun keçmişini bilməklə kifayətlənməməkdir. Eyni zamanda ruhunun dilini bilməlidir. Bütün bəşəriyyətin - mədəniyyətindən, milli mənsubiyyətindən, irqindən və dinindən asılı olmayaraq ruhunun yalnız bir dili var – sevgi. Yalnız sevgi dili insanlar arasındakı məsafələri qət etməyə, ayrılıqları birləşdirməyə, mənfiləri görməzlikdən gəlib xeyrin aşiqinə çevirməyə qadirdir.

Ruhun dili – sevgi dilidir

Bu gün Şərq insanı üçün Qərb xristianlığın, Qərb insanı üçünsə Şərq İslamın yatağıdır. Ancaq həm Şərqin, həm Qərbin dini görüşünün içində, hər nə qədər subyektiv fikirlərlə, nifrətə köklənsə də, sevgi var.

2 min il bundan əvvəl İsa Məsih necə bağışlamaqdan, xoşgörüdən, mərhəmətdən danışarkən ona şair deyirdilərsə, 1400 il əvvəl də İslam peyğəmbəri cahillik və zorakılıqla zülm edənlərin qarşısına çıxıb ilahi vəhi çatdıranda cahillər ona da şair deyirdilər. Çünki, bütün zamanlarda dövrün aydınları ruhun diliylə danışırdılar. Bundan öncə vurğuladığım kimi, ruhun dili – sevgi dilidir.

Şərq və Qərbin arasındakı anlamsız ayrılığı duyan, eyni zamanda Şərq və Qərb ədəbiyyatının əlaqəsi nəticəsində bəşəri anlam qazanacağını araşdırmalarında müəyyən edən ilk alim Aida İmanquliyevadır.

Aida İmanquliyevanın araşdırmaları sübut etdi ki, Şərqin Qərblə ilk körpüsü ədəbiyyatdır. Çünki ədəbiyyat müşahidədir, müşahidə isə düşüncə. Qərb intibah dövrünü məhz ədəbiyyatla başladı. Ədəbiyyat düşünməyi və fəlsəfəni doğurdu. Fəlsəfə isə insanların təbii ehtiyaclarını texnoloji proqressə çevirdi. Bu gün bütün İslam dünyasının qarşısında sual dayanır: Niyə Qərb texnoloji inkişafa getdiyi halda Şərq bu inkişafdan dayandı? Niyə Qərb geyimdən nəqliyyata qədər hər şeyi icad etdiyi halda, Şərq bir-birilə danışa bilmək üçün Qərbin icad etdiyi adi bir telefona möhtacdır? Çünki Şərq 500 ildir ki, fundamental ehtiyaclar barəsində düşünən yazarların, şairlərin yetişməsinə imkan vermir. Çünki Şərq “günah” qorxusu səbəbindən özünün ən aydın beyinlərinə asanlıqla “kafir”, “dindən dönmüş”, “azmış” damğaları vurmaqdan çəkinmir. Və beləcə aydın beyinlərindən xoflanan cahillər bu gün də düşüncə adamlarını aşağılamaq üçün şeiri, ədəbiyyatı haram sayan fətvalar verir, nə yazıq ki, düşüncəni tərənnüm edənlərə “bu fəlsəfədir” deyib haram sayanlar var. Ancaq İslam bütünlüklə düşüncənin, axtarışın, saf niyyətin dinidir. Quranda bununla bağlı kifayət qədər ayə var. Bir ayəni diqqətinizə çatdırmaq istəyirəm: Yaradan, heç yaratmayan kimidirmi? Artıq öyüd alıb düşünməzsinizmi? (Nahl surəsi, 17)

Dünyada elə bir yenilik yoxdur ki, o, öz dövründə etirazla, təqiblə qarşılaşmasın. Yuxarıda sadaladıqlarımı arqument kimi gətirib aydınlarının, yazarlarının, düşünürlərinin ayaqlarına çəkinmədən daş bağlayanlar məgər İslam dinin ilk illərini xatırlamırlar? Ərəbistan yarımadasında həmin o düşünürlər, aydınlar, yazarlara yuxarıdan aşağı baxırdılar. Ən yüksəkdə görünənlər isə tacirlər, “bütlərə səcdə edin” deyən mövhumatçılar idi. Elə buna görə də İslam gələndə nazil olan ilk ayə “oxu” idi. Çünki, cahillik qaranlığından oxumaq, düşünmək xilas edəcəkdi insanları. Bunu deyəndə həmin o mövhumatçılar bu gün Şərqdə düşünürləri, aydınları “dindən dönmüş” kimi göstərənlər kimi peyğəmbəri “dəli şair” adlandırırdılar. Son 500 ildə Şərq aydınlarını təqdib edənlər kimi yenilik, intibah, ümid gətirdiyi üçün peyğəmbəri təqib edir, onun başına daş atırdılar.

İndi biz bu müqayisələrə istinad axtararkən 45-50 il bundan əvvəl Aida İmanquliyevanın yazdığı ədəbi Qərb və Şərq ədəbiyyatının müqayisəsinə istinad verə bilirik.

A.İmanquliyevanın üç monoqrafiyası, Mixail Nuaymə, Qələmlər birliyi, Cübran Xəlil Cübran, Yeni ərəb ədəbiyyatı korifeyləri və yazmış olduğu 70-dən çox elmi məqalənin işığında bu gün biz açıq şəkildə deyə bilərik ki, İslam mədəniyyətinin modernləşməsinin birinci addımı, birinci şərti ədəbiyyatdır. A.İmanquliyeva araşdırma mövzusu olan mühacir ərəb ədəbiyyatı nümayəndələri - M.Nuaymə, Cübran Xəlil Cübran, Reyhaninin yaradıcılğında Qərb təsirini ona görə yüksək qiymətləndirirdi ki, onların yaratdığı ədəbiyyat nümunələrində milli assimiliyasiya və Qərb düşüncəsinin kortəbii təqlidi yox idi. Aida İmanquliyeva bunu belə ifadə edirdi:

“Qələmlər birliyinə daxil olan çağdaş yazarlar, ərəb dilinin, ərəb şeirinin, nəsrinin, tərzinin və mahiyyətinin yenilənməsinə xidmət edirdi. Lakin bu yenilənmə Qərb ədəbi örəklərinin kor təqlidi deyil ərəb ədəbiyyatının yaradıcı şəkildə olğunlaşması idi”. 

Aida İmanquliyeva nəyə görə mühacir ərəb ədəbiyyatına üstünlük verirdi?

"Aida İmanquliyeva araşdırmalarında önəmli mesajlar verib" - TAM MƏTN

A.İmanquliyeva özünün Şərq və Qərb ədəbi-mədəni təhlilində vurğulayır ki, yalnız hər iki mədəni təsəvvürün birliyinin təhlili nəticəsində dünyanın ədəbi sürəci haqqında əhatəli təsəvvür yaratmaq mümkündür. Xüsusi olaraq bildirirəm ki, A.İmanquliyeva öz yaradıcılığında mühacir ərəb ədəbiyyatına ona görə üstünlük verirdi ki, ilk dəfə idi Şərqdən köçmüş yazarlar Qərbdə çeynənmədən öz xalqlarını təmsil edirdilər. Üstəlik Qərb və Şərqin dünya görüşünü özlərində sintez etmişdilər. Şərqin nağılvari və sehirli müşahidəsi Qərbin rassional və elmi əsasları ilə cəmləşmişdi. A.İmanquliyeva bunu belə ifadə edirdi:

“Mühacir yazarlar yeni ədəbi üslubun yaradıcıları idi. Onlar mümkün olduğu qədər bu üslubu ağır söz düşümündən, müxtəlif süni bəzəmə yığınlarından, bununla bərabər klassik gələnək və dəyərlərə sayğı sərgiləyirdilər”.

Aida İmanquliyeva öz yaradıcılığında sadəcə Şərq və Qərbin ədəbi mühitinin yetirmələrinin yaradıcılığını təhlil etməyib. Eyni zamanda bu təhlillərin içərisində çıxış yollarını müəyyən edir və hədəflər sıralayırdı. O, kitablarının birində açıq-aşkar bu hədəflər üçün mübarizənin vacibliyini vurğulayır və bizə - Azərbaycanın gələcək nəsillərinə səslənirdi:

“Sadəcə ədalətin, qardaşlığın və sevginin hakim olduğu insan cəmiyyətinin yaradılması üçün mübarizə aparmaq lazımdır”.

O, bu ifadəsində gələcək nəsillər üçün sadə şərqşünas alim yaradıcılığında dayanmırdı. O, praqmatik və rassional əsasda Şərqin yenidən həyata qayıda bilməsi üçün düşüncə azadlığına ehtiyacı olduğunu bildirir və bunun üçün ən yaxşı vasitəni, öz dili ilə desək, ədəbiyyatı göstərirdi. Özü bunu belə ifadə edir:

“Şərq və Qərb bir-birinin bərabər hüquqlu, qarşılıqlı əlaqə və qaşılıqlı sayğı ortamında zənginləşdirə bilər. Mənəviyyatın gerçək təkan verici gücü olan kompleks fəlsəfi fikirləri asan şəkildə, geniş kütlələrə çatdıra bilən ədəbiyyat isə mədəniyyətlər arası dialoq üçün ən yaxşı vasitələrdən biridir.”

Nəzərə almaq lazımdır ki, Aida İmanquliyeva bu fikirlərini gələcək nəsillərə ötürdüyü zamanlarda o, totalitar bir ölkənin vətəndaşı idi, fikirlərin senzuradan keçirildiyi, insan hüquq və azadlıqlarına qəsd edilən bir cəmiyyətdə yaşayırdı. Ancaq o, 50 il sonra ölkəsinin gələcəyini müəyyən etmək iqtidarına sahib olması üçün araşdırmalarında önəmli mesajlar verib və çıxış yollarının izlərini qoymağa müvəffəq olub.

Onun araşdırdığı adamların hər birinin adı bu gün dini dözümlülüyün, sevginin və ən önəmlisi azadlığın rəmzinə çevrilib. O, bizə - gələcək nəsillərə vərasət kimi saxladığı araşdırmalarında azad düşüncənin izini qoyur və bizə istinad mənbələri təmin edirdi.

Kimləri araşdırıb Aida İmanquliyeva: Cübran Xəlil Cübranı, Mixail Nuayməni, Əmin əl Reyhanini. Həmin bu şəxslərin yaradıcılığına, ifadə tərzlərinə diqqət yetirsək əmin ola bilərik ki, o, bizə simgəsəl şəkildə Tanrının bəxş etdiyi ən önəmli nemət olan iradəni, azadlığı miras qoyub. Tanrı bütün canlıları, təbiəti, heyvanlar aləmini, bitkiləri seçim hüququndan məhrum edib, külli iradəyə təslim edərkən, yalnız insana iradə azadlığı bəxş edib. Yalnız iradə azadlığı dünyanı sevgiyə və birliyə apara bilər. Yalnız iradə azadlığı yaradıcılığın təkanverici qüvvəsidir. Aida İmanquliyeva bizə bu mirası qoyub.

Onun yaradıcılığında araşdırılan müəlliflərin üçü ərəb ölkələrindən Amerika, Avropaya köçmələri ilə Şərqin ruhunu və Qərbin məntiqini birləşdiriblər. O, öz yaradıcılığında dönə-dönə altını cizirdi ki, Şərq şeirin və dinin beşiyi olmaqla kifayətlənməməlidir, elmi-texniki proqressə nail olmağı da bacarmalıdır. Bütün bunlara isə insan ruhunun dərinliklərini, insan təbiətini və insan ehtiyaclarını ön sıraya çəkməklə insan düşüncəsinin qələbəsi ilə nail olmağı göstərirdi.

Nə üçün Aida İmanquliyeva romantizmi təqqiqatının obyektinə çevirmişdi?

Çünki, romantik poeziyanın üç sütunu var: Həqiqət, gözəllik və xeyir. Bu ədəbi xəttə məişət hədəfləri mövcud deyil. Bu ədəbi xəttə bütün insanları birləşdirən ali ideallar var. Aida İmanquliyeva deyirdi:

“Romantiklər dünyanı ilhamla yaradıcı şəkildə tərənnüm edir, hadisə və predmetlərin üzərindən adilik pərdəsini götürərək, onların arxasındakı gözəlliyi aşkara çıxarırlar.”

Cübran Xəlil Cübran deyirdi ki, “filosofun ruhu onun düşüncələrindədir. Şairinsə ruhu onun ürəyindədir.” Aida İmanquliyevanın onu tədqiq obyekti kimi seçməsinin səbəblərindən biri də bu idi ki, o, gözəlliyi ümumi bir ideal olaraq təsvir edir və deyirdi:

“İnsan təbiət kimi gözəlliklə vəsfləndirilib. Gözəllik adlı-sanlı zəngin adamların imtiyazı deyil. O, bütün insanların müqəddəs mülkiyyətidir”.

Aida İmanquliyevanın mirası

Əl Reyhaninin yaradıcılığını qiymətləndirərkən Aida İmanquliyeva deyir: “Azadlığı əl Reyhani fövqəladə dərəcədə geniş başa düşür. Bu həm şəxsiyyət azadlığı, həm yaradıcılıq azadlığı, həm də xalqın əsarətdən azad olmasıdır.” Üçpilləli azadlıq tərifi ilə totalitar bir dövlətin var olduğu Azərbaycanda o, bizə yol cızır. “Şəxiyyət azadlığı”, “yaradıcılıq azadlığı”, sonra isə “xalq azadlığı” deyir. Aida İmanquliyevaya görə şəxsiyyət azadlığı onun öz acizanə ehtiyaclarından qurtulmasındadır. Elə buna görə də o, xeyirxahlığı məhz insanı düşüncəyə səsləməkdə görür. “Gündəlik qayğılarla yaşayan insanlar çox zaman gözəlliyin yanından ötüb keçirlər. Şairin borcu onların diqqətini gözəlliyə yönəltməkdir”, bildirərkən məişətə bağlanmış böhranlı durumdan çıxarıb özünüdərkə səsləyir.

Diqqət edin, o, bunu belə göstərir:

“Dünyanın dərki əslində qəlbin dərinlilərindəki gizli qatların oyanışı sayəsində mümkün olar”.

Bu günümüzün reallığı ilə baxsaq siyasi axınların, cərəyanların ölkəmizə təsir etmə imkanları məhz düşüncəmizin kimsəsizliyindədir. Biz özünüdərkdən məhrum edilmişik. Özünü dərk etməyən insan, dünyada öz vəzifəsini anlaya bilməz, bütün dəyərləri saxta əsaslar üzərində olar. Beləliklə də onun imanı sevgiyə dayanmadığı üçün zülmə əsaslanar. Ona görə Aida İmanquliyeva insanları gündəlik qayğılardan qurtulmağa çağırır. Və qurtarıcı olaraq məhz ədibləri görür. İfadə edir ki, “şair missiyası görücü, həqiqət carçısı və peyğəmbər missiyasıdır.”

Onun araşdırmalarının tədqiqində Şərqin özünə qayıtmasından daha çox özünüdərk amillərinin canlanmasını başlaya bilər. İslam mahiyyətində zorakılıq olmayan dindir. Bu, peyğəmbərin hədisində də öz əksini tapmaqdadır. İslam peyğəmbəri “məcbur etməyin, sevdirin” deyəndə insanın yalnız özünü dərk edəndə ətrafındakı gözəlliyi qavraya və gözəlliyi tərənnüm edə biləcəyini nəzərdə tuturdu və bunun yolunu göstərirdi. Mahiyyətində gözəl olan bir dini məcburiyyətlə qəbul etdirməyə nə ehtiyac var idi ki?! Elə bunun üçün də A.İmanquliyeva gözəllik qavramından danışarkən bildirir ki, “Gözəlliyin qavramı insanı yüksəldir və nəcibləşdirir. Onu xeyixahlığa və təmənnasızlığa qovuşdurur.”

Xeyixahlıq bir əməl olduğu kimi, həm də özünü başqasında axtarmaqdır. Buna görə də insan yalnız düşüncəyə təslim olduqda hər şeyin pərdəsini qaldırır və mahiyyətinə baxır. Əməl, əməl üçün edildikdə isə təkəbbür baş qaldırır. İslamın təməl qaydalarında müəyyən edilmiş dəyər isə budur ki, “Allah təkəbbürlüləri sevməz.” A.İmanquliyeva bunu belə ifadə edir:

“İnsana edilən xeyirxahlıq zahiri mərasimlərə xidmət etməkdən yüksəkdə durur və buna görə onu mükafatlandıran Allah üçün daha əziz, daha istəniləndir”.

"Aida İmanquliyeva araşdırmalarında önəmli mesajlar verib" - TAM MƏTN

Nəticə:

Bu araşdırmaların tədqiqində müəyyən edə bilmişik ki, İslam mədəniyyətinin modernləşməsinin qarşısında dayanan ən başlıca amil özünüdərkin yoxluğudur. Bunun üçün A.İmanquliyeva mühafizakər düşüncədən xilas olmağın yolunu məhz düşüncəni tətikləyəcək ədəbiyyatda görür. İslam mahiyyətində gözəl dindir. Xoşgörü və dözümlülük həm Quranda, həm hədislərdə təsdiq edilir. “İslam mədəniyyətinin modernlərşməsi” deyərkən biz, mövcud şəriəti və İslam qaydalarını dəyişməkdən danışmırıq. Əksinə, o qaydaların üzərində düşünməyə və düşüncə azadlığını təmin etməyə çağırırıq. Düşüncəsiz, kor-koranə Allahı zikr etmək, Allahın xəlq etdiyi varlığın gözəlliyini tərənnüm etmək mümkün deyil. Bütün insanlığa və yaradılanlara sevgini qavramaq üçün ən vacib amil düşüncədir.

Biz, hesab edirik ki, Şərqin yetirmələri olan Cübran Xəlil Cübran, Əmin əl Reyhani və Mixail Nuaymənin yaradıcılığında Aida İmanquliyeva tədqiqinin əsas motivi bizə düşüncə işığını geri qaytarmaqdır. Bu adamlar azadlığı, dəyərləri, insan davranışlarını, xeyir və şəri, insanın yaradılma səbəbini və digər bütün bəşəri mövzuları ələ almış və yazılarında göstərmiş şəxsiyyətlərdir. Biz, yaradıcılığa, düşünməyə, axtarışlara təkan vermək üçün Şərqin bugünkü ağır durumundan xilasını ədəbiyyatda görürük. Məhz ədəbiyyat bizi düşüncəyə qaytaracaq. Məhz ədəbiyyat bizi tənqid etməyə, razılaşıb-razılaşmamağa, fikir plüarizminə və dözümlülüyə nail edəcək. Biz cəmiyyətimizi bilinməzlik qorxusundan azad etmək üçün ilk addımı Şərq və Qərbin sintezininin rəmzinə çevrilən A.İmanquliyevanın tədqiq etdiyi şəxsiyyətləri tanımaq və tanıtmaq üçün atırıq.

Ruhunuza azadlıq verin! O, öz yolunu tapacaq!

Məruzəmi bugünkü mövzumuzun əsl səbəbkarı olan Aida İmanquliyevanın sözlərilə davam etdirirəm: Tənqidçinin vəzifəsi zövqü inkişaf etdirməkdir. Bununla da əsl tənqidçi cəmiyyətin tərbiyəçisi və müəllimi olur.

1517-ci ildə alman rahibi Martin Lüter özünün məhşur 95 tezisini yayımlayıb, indulgensiyaya qarşı çıxır və Roma Papasının günahlardan azad etmə səlahiyyətinin olmadığını bəyan edir. Martin Lüter deyirdi ki, Tanrı ilə insan arasında Roma Papası vasitəçi ola bilməz. O, deyirdi ki Tanrı Papaya günah bağışlamaq səlahiyyəti və hökmü verməyib. Martin Lüter kilsə hökmü ilə xilas olmağın imkansız olduğunu bildirir və bunun yeganə yolunu inancda görürdü. O, bununla kifayətlənməyib 11 həftə içində İncili alman dilinə tərcümə edib, klasik alman dilinin əsasını qoydu. Bu düşüncə hərəkatı alman dövlətini gücləndirdi, feodallaşmanın qarşısını aldı. Vahid alman xalqı yaratdı. Üstündən bir müddət keçəndən sonra Qərbin inkişafını dayandıran feodalaşma və mövhumatçılıq Martin Lüterin 95 tezisinin üstündə inkişafla əvəzləndi. Və 1648 ildə Vestfal müqaviləsi ilə özünü siyasi mənada ifadə etdi.

Bu gün biz cəmiyyətimizdə Suriyaya, Əfqanıstana gedən vətəndaşlarımızın, dini, məzhəb zəminində bir-birinə ittiham səsləndirən və özünü “alim”, “fətvaçı” adlandıranların qarşısına bir tezislə çıxa bilərik - iradə azadlığına əsaslanan düşüncə ilə...

Allah Quranında insanları daimi olaraq Allahın hikmətləri haqqında düşüncəyə səsləyir. Eyni zamanda Aida İmanquliyevanın tədqiqatlarında bu amil ədəbi formada ifadə olunub. Bu tədqiqatlar mütləq ciddi və əhatəli şəkildə araşdırılmalı və konsepsiya halına salınmalıdır. Çünki ədəbiyyat olduqca radikalizmə yer qalmayacaq. Sübut isə İslamın yayıldığı coğrafiların müqayisəsidir. Mahtumqulinin, Füzulinin, Nəsiminin, Mövlananın, Əhməd Yəsəvinin və digər dövrün ədiblərinin olduğu coğrafiyalarla, İslamın yayıldığı digər coğrafiyalara, məsələn, Sudan, Somaliyə diqqət edin. Ədəbiyyatın olmadığı ərazilər bu gün də radikallığın meydanıdır.

Sizi geriyə aparan hər şeyi tənqid etməyə çağırırıam!

Etatist.com-un qeydi: Konfrans haqqında daha ətraflı BURADAN oxuya bilərsiniz.
Etatist.com
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti