Gənclər prezidentin müşavirəsindən danışdı

13-02-2013, 15:51
Oxunub: 2655


Fevral ayının 12-də prezident İlham Əliyevin "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda məmurlara xəbərdarlıq etməsinə gənclər münasibət bildirib.

Etatist.com-a açıqlamasında Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı, prezidentin bu çıxışının inandırıcı olmadığını bildirdi. T.Abbaslı dedi ki, "Prezident burda özünü hüquqi dövlətin başçısı kimi yox, xaç atası kimi aparırdı. Yəni, "əsas o deyil, siz qanunları pozmusuz, ya pozmamısınız. Mənim qanunlarımdan qırağa çıxsaz sizi cəzalandıracam"".

"Hüquqi dövlətin prezidenti o ifadələri işlətdikdən sonra, qanunu pozan istənilən şəxs cəzalandırılmalı idi. Amma prezident nə dedi? Dedi "mənə qarşı olsanız sizi cəzalandıracam. Bir də eşitsəm ki, kimsə nəsə edib...". Bu o deməkdir ki, indiyə qədər etdiklərinizi bağışlayıram. Məhkəməsiz, istintaqsız, qərarsız. Mən bundan yüksəyəm və sizi bağışlayıram. Bundan sonra bağışlamayacam." Tural Abbaslı belə deyib.


Müsbət Dəyişiklik Gənclər Hərəkatının üzvü Bəxtiyar Hacıyev prezidentin çıxışının PR addımı olaraq yaxşı düşünüldüyünü bildirib. Onun sözlərinə görə, bu çıxışı sadə insanlar arasında kifayət qədər müsbət qarşılayanlar olub: "Mən bu çıxışı sırf siyasi PR texnologiyası baxımından izlədim və vətəndaşların reaksiyalarını müşahidə etdim. PR addımı olaraq yaxşı düşünülmüşdü və sadə insanlar arasında, internet istifadəçiləri arasında kifayət qədər müsbət qarşılayanlar var idi. Amma bu PR planı xeyli ciddi qüsurlarla hazırlanmışdı, ABŞ-da belə addımlar hazırlananda adətən "bəs rəqiblərimiz bundan bizə qarşı necə istifadə edə bilərlər? Onların bu addımı bizə qarşı istifadə etməkləri üçün ciddi arqumentlərə yer qoymuşuqmu?" kimi suallar soruşulur. Prezident İlham Əliyevin çıxışında belə arqumentlərə əsas verən çox boşluqlar vardı. Məsələn, hərhansı bir siyasətçi belə bir sual soruşa bilərdi: "Məmur övladları xuliqanlıq edirlərsə, bu ölkə rəhbərliyinə məlumdursa, indi niyə həbs edilmirlər?" 


Düşünürəm ki, siyasi PR üçün prezident İlham Əliyevin İsmayıllı İcra Hakimiyyətinin başçısını danlaması, İsmayıllıdakı hadisələrə səbəb olan məmur övladını isə cəzalandırması ola bilərdi. Bu, prezidentin sadə Azərbaycan vətəndaşlarının tərəfində olduğu mesajını verə, özü ilə qudurğan məmur övladları arasında məsafə saxlamasına yardımçı ola bilərdi. "Bir daha xuliqanlıq etsəniz, cəzalandırılacaqsınız" mesajı isə bu effekti vermir".


Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı, prezidentin toy və ad günləri barədə xəbərdarlıq etməsinin müşavirədəki vacib qərar olduğunu qeyd edib.

R.Hacılı, Azərbaycanda nəinki böyük məmurlar, hətta kiçik məmurların yaxın qohumlarının da çox ciddi qudurğanlıq etdiyini vurğuladı: "Bu məsələni bu günə qədər dəfələrlə biz demişdik. Azərbaycanda nəinki böyük məmurlar, hətta kiçik məmurların övladları və yaxın qohumları da çox ciddi qudurğanlıq edir və bu Azərbaycanda qanunların pozulması üçün zəmin yaradan əsas faktordu. Azərbaycanda belə bir vəziyyət yaranıb ki, bir stabil təbəqə var, bu çox azdır. Bir də yuxarı və aşağı təbəqə. Yuxarı təbəqə də azdır, amma aşağı təbəqə çoxdur. Yuxarı təbəqədə yerləşən adamların bu cür davranışı, aşağı təbəqə adamları üçün alçaldılma təhqir edilmə anlamına gəlir. Bu isə cəmiyyəti partlayışa, üsyana gətirib çıxaran faktordu.

İsmayıllı hadisələri bunu sübut etdi. Yuxarda baş verənlər göstərdi ki aşağı təbəqə alçalmanı və təhqdir edilməni bir mərhələyə qədər normal qarşılayacaq. Ona görə prezidentin narahatçılığı normaldır və mən təəssüf edirəm ki, bu hal baş verəndən sonra narahatçılıq yarandı. Bunun əvvəldən qarşısını almaq lazımdır.

O ki, qaldı nişanlar, toylar məsələsinə. Siz dünyanın inkişaf etmiş ölkələrində görə bilməzsiniz ki, bizdəki kimi əlinə düşən kiçik vəzifədən istifadə edib özünə böyük imarət tikən varlı insan var. Avropalılar, amerikalılar bundan qaçır. Yəni, digər təbəqəni qıcıqlandırmamaq üçün, özünə qarşı düşmən etməmək üçün və özünü sığortalamaq üçün ən əsası dövlətin mənafeyini qorumaq üçün imarətlər tikməkdən qaçırlar. Mənə elə gəlir, prezident bu məsələni də gündəmə gətirməli idi ki, gecəqondurların yanında iki mərtəbə, üç mərtəbə villalar tikmək, bahalı maşınları insanların üzərinə sürmək kimi halların baş verməsi də eyni vəziyyətə gətirib çıxaracaq. Hansı ki, qarışıqlıq olan kimi insanlar bu maşınları, villaları yandırmaq haqqında düşünür".

 

Klassik Xalq Cəbhəsi Partiyası sədrinin gənclər üzrə müşaviri Sərxan Carçı isə, prezidentin artıq üçüncü dəfədir ki, belə xəbərdarlıqla çıxış etdiyini bildirdi: "Prezident dünən ki müşavirədə maşın plyonkalarına da münasibət bildirdi. Amma artıq üçüncü dəfə idi maşın plyonkalarına münasibət bildirirdi. Belə bir yaxşı atalar sözü var ki, "sözün keçməyən yerdə, sözünü dəyişmə, yerini dəyiş”. Məncə artıq prezidentin yerini dəyişmənin vaxtıdır."

Şərhlər : 1 Şərh yaz
ANAR 13 fevral 2013 17:24  
BİZ CƏNAB PREZİDENTİN BU ÇIXIŞINI ALQIŞLAYIRIQ ƏLBƏTDƏKİ ,QANUN HAMI ÜÇÜN EYNİ OLMALIDIR.
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti