"Bilmirdim ki, Aida İmanquliyeva Mehriban Əliyevanın anasıdır" - Müsahibə

3-08-2015, 21:42
Oxunub: 7698
"...Hakimiyyətdən pul qazananlar dövlətin maraqlarını təmin edəcək şəkildə çalışmaqdan imtina edirlər"


Etatist.com inetnet qəzetinin baş redaktoru Şəhriyar Məcidzadə Etatist.com-un apardığı "Dəyərlərimizə qayıdaq" kampaniyası ilə bağlı suallarımızı cavablandırıb.

Həmin müsahibəni təqdim edirik:

- Şəhriyar bəy "Dəyərlərimizə qayıdaq" kampaniyasına başlamısınız. Bu kampaniyanın mahiyyəti və səbəbi nədir?
- Biz demək olar ki, hər gün Azərbaycan mətbuatında dini radikalizmlə bağlı xəbərlər oxuyuruq. Baş kəsmək, adam öldürmək xəbərlərini oxumayan qalmayıb. Azərbaycan dövləti dini radikalizmlə mübarizə aparır, amma alternativ qoymur. Bu sahədə çox ciddi boşluq var. Biz isə bu boşluğu arqumentlərlə doldurmağı təklif edirik. Buna zəmin də var, istinad edəcəyimiz mənbə də var. İndiyə qədər bunu heç kim düşünməyib, araşdırıb ortaya bu şəkildə qoymayıb. Bunu indi biz edirik. Amma qarşımıza problemlər çıxarırlar.

- Nə kimi problemlər?
- Hər gün baş kəsmək, saqqal qırxmaq, Suriyada hökumət qüvvələrilə döyüşən dini radikalları hətta təbliğ etmək cəsarətində olan media qurumları "Dəyərlərimizə qayıdaq" kampaniyası haqqında yayım etmirlər. Xəbəri basdırmağa çalışırlar.

- Sizcə buna səbəb nədir?
- Heç kimi ittiham etmək istəmirəm. Amma yəqin ki, pul-para. Bu gün kiçik bir monitorinq aparılsa media qurumlarının demək olar ki, bəzilərinin dolayı yolla məzhəblərdən tərəf olduqlarını müəyyən etmək olar. Bu təhlükə deyil? - Təhlükədir.

"Radikallıqla mübarizədə qalib gəlmək istəyiriksə..."

- "Dəyərlərimizə qayıdaq" kampaniyası nələrdən ibarətdir. Nəyə istinad verir?
- 1970-ci illərdə Azərbaycanda görkəmli şərqşünas, alim Aida İmanquliyeva mühacir ərəb ədəbiyyatını tədqiq etməyə başlayıb. Eyni zamanda tədqiqatlarında olduqca ciddi tezislər qoymağı bacarıb. Nəzərə alsaq ki, bu tədqiqatlar SSRİ kimi totalitar dövlətdə aparılırdı, deməli bu tezisləri həm də ciddi əsaslandırmaqla, dolayı yolla ifadə etmək lazım idi. Aida İmanquliyeva bunu bacarıb. Sovet hökumətinin mühacir ərəb ədəbiyyatının nümayəndələri olan Cəbran Xəlil Cəbran, Mixail Nüaymə, Reyhaninin yaşadığı dövlətlərlə müsbət münasibətləri var idi. Bu ölkələr sovet meylli idi. Amma Aida İmanquliyeva bu ölkələrdən mühacirət etmiş şəxsləri araşdırmağa qərar vermişdi. Araşdırmaların hamısı demək olar ki, sərvətdir. Mühacir ərəb ədəbiyyatı nümayəndələri İslam ölkələrində təqiblə üzləşdiyi üçün tərk ediblər öz ölkələrini. Ancaq, bu adamların hamısı insana, düşüncəyə, xüsusi ilə təsəvvüfə bağlı sevgiyə, dözümlülüyə əsaslanan əsərlər yazıblar. Hamısında insanın mənəviyyatı, acıları, axtarışları əks olunub. Bu, bu gün bizim üçün çıxış yoludur. Çünki, bizim istinad nöqtəmiz olmalıdr. Radikallıqla mübarizədə qalib gəlmək istəyiriksə Allahın insana verdiyi ən önəmli nemətə - iradə azadlığına əsaslanan düşüncə olmalıdr. İnsanları düşüncəyə çağırmaq, düşündürən ədəbiyyatla təmin etmək, verişilər, filmlər hazırlamaq kifayətdir ki, radikalizmin kökü qurusun. “Bütün insanlar bir-birinin aynasıdır” düşüncəsinin qarşısında qatil olub, baş kəsməyi seçmək çətin məsələdir. Aida İmanquliyeva sovet dönəmində belə müstəqil cəmiyyət və dövlət tezisini ifadə etməkdən çəkinməyib. “Fərd, cəmiyyət, xalq azad olmalıdır” tezisini qoyub. Bu bizə yeni nəsilə istinad nöqtəsidir. Mixail Nüaymənin əsərlərində Türkiyədə qadın hüquqlarına dövlətin təminat verməsi fikri var idi. Türkiyənin sovet dönəmində adını bir mühacir fikir adamına istinadla Azərbaycanda yazmaq cəsarət istəyirdi. Belə bir şəxsiyyət, ana haqqında, onun fəaliyyəti bağlı gənclərin kampaniya aparmasının qarşısında “görkəmli” mediamızın blokada qoyması təəsüf doğurur.

- Dövlətdən maliyyələşən media qurumları da bunu yayımlamır?

- Yayımlamır.

- Səbəb nə ola bilər?
- Səbəbini onlar daha yaxşı bilər təbii. Çünki, bunu məmur oğlu, dövlətin ayırdığı milyonlarla pulu göyə sovuran gənclik etmir. Bunu nə dövlətdən, nə xaricdən bir qəpik də qrant almayan biz edirik.

"...Hakimiyyətdən pul qazananlar dövlətin maraqlarını təmin edəcək şəkildə çalışmaqdan imtina edirlər"

"Bilmirdim ki, Aida İmanquliyeva Mehriban Əliyevanın anasıdır" - Müsahibə

- Amma nəticəsiz görünür... 

- Heç bir şey nəticəsiz deyil... Biz yenə həqiqəti ortaya çıxara bildik. Biz göstərdik ki, hakimiyyətdən pul qazananlar dövlətin maraqlarını təmin edəcək şəkildə çalışmaqdan imtina edirlər vəya necə çalışmalı olduqları haqqında ideyaları yoxdu. Nəyə görə? Bunu özləri tapmalıdırlar. Hər halda Aida İmanquliyeva həm də Azərbaycanın birinci xanımının anasıdır.

- Bu addımınıza görə ailənizdə və ya çevrənizdə qınamırlar sizi? Sərdar Həmidovun oğlu Aida İmanquliyevanın yaradıcılığını birbaşa təbliğ edir...
- Mən kökünü bilmədiyim, arqumentlərim olmayan heç bir şeyi etməmişəm, etmərəm də. Mənim ailəm hər zaman müstəqil Azərbaycan dövlətindən tərəf olub. Dövlətin maraqlarını heç kimə güzəştə getməyib. Müharibə olub, müharibədə savaşıb, müstəqilliyimiz səsə qoyulanda Azərbaycanın müstəqilliyinə səs verib. Mən də bildiyim həqiqətlərə, dövlətimə bu cür vətəndaşlıq mövqeyimlə, xidmət etməyi seçmişəm. Mən Aida İmanquliyevanın tərcümə etdiyi Cübran Xəlil Cübranı ilk dəfə 7-ci sinifdə, Tərtərdə olanda, 1990-cı illərdə buraxılan "Xəzər" jurnalından oxumuşam. O zaman heç bilmirdim ki, Aida İmanquliyeva Mehriban Əliyevanın anasıdır. Aida İmanquliyeva sadə bir ədəbiyyat tədqiq etməyib. Baxın, mən 7-ci sinifdə nə oxumuşdum ki, bu gün bu kampaniyanı aparıram. Aida İmanquliyevanın tədqiq etdiyi Cəbran Xəlil Cəbran nə yazır: Dostlarım və məsləkdaşlarım, bədbəxt o millətdir ki, dindən-şəriətdən bol, inamdan kasaddır! Bədbəxt o millətdir ki, tikmədiyini geyir, əkmədiyi taxılın çörəyini yeyir! Bədbəxt o millətdir ki, talançılarını qəhrəman mərtəbəsinə yüksəldir, təkəbbürlü qəsbkarlarını isə alicənab sayır! Bədbəxt o millətdir ki, igidlərini basdıranda, xarabalıqlarından savayı vəsf etməyə bir şeyi qalmayanda etiraz səsini ucaldır, cəllad təpəsinə döyəndə qiyama qalxır! Bədbəxt o millətdir ki, mənsəb sahibləri – tülkülər, filosofları – hoqqabazlar, sənəti isə - təqlid sənətidir! O millət bədbəxtdir ki, təzə rəhbərin "urra"larla, "bəh-bəh"lə qarşılayır və onu da vaxt gələndə təpikləyib yola salır ki, bir başqasını eyni təmtəraqla, "bəh-bəh"lə yuxarı başa çəksin! O millət bədbəxtdir ki, müdrikləri yaşanmış illərin ağırlığından lal olub, cəngavərləri isə hələ bələkdədir! O millət bədbəxtdir ki, didim-didim didilib, bölüm-bölüm bölünüb və hər bölümü, hər parçası da özünü millət sayır! Mən feodal deyiləm. Bu sözləri oxuyan adamın içində hansı hissələr oyanırsa, o hissləri yaşamışam. Buna görə də bu gün bu addımla məni oyatdığı kimi vətəndaşlarımızı da Aida İmanquliyevanın yandırdığı işıqla oyatmağını istəyirəm.

"Mən vətəndaşlıq vəzifəmi yerinə yetirirəm"

"Bilmirdim ki, Aida İmanquliyeva Mehriban Əliyevanın anasıdır" - Müsahibə

- Şəhriyar bəy, dövlət qurumlarına müraciət etmisiniz bu barədə? 

- Xeyr. Kimsə düşünə bilər ki, mən nəsə gözləyirəm. Mən vətəndaşlıq vəzifəmi yerinə yetirirəm. İstəyirəm ki, bir çox müsəlman dövlətlərindən fərqli olaraq bizim cəmiyyətdə İslamın mahiyyətində olan xoşgörü, dözüm anlayışı doktrin kimi hazırlansın. Dini, məzhəb qarşıdurmasının qarşısında istinad edəcəyimiz ciddi fəaliyyət proqramımız olsun. Bütün bunlara görə istəyirəm ki, ölkəmizin intellektual elitası bu konfransda bizimlə həmrəy olsunlar. Ancaq qeyd edim ki, konfransda iştirak etmələri üçün aidiyyatı dövlət qurumlarına dəvətnamə göndərəcəm.  

- Konfrans üçün seçdiyiniz mövzu maraqlıdır: “İslam mədəniyyətinin modernləşməsində Aida İmanquliyeva imzası”. Nə demək istəyirsiniz bu mövzunu seçməklə.
- Bu barədə ətraflı olaraq konfransda məruzə edəcəm. Amma qısa olaraq onu demək istəyirəm ki, Qərb intibah dövrünü ədəbiyyatla başladı. Yazarlar, filosoflar kilsənin təsirindən çıxdığı dövrdən reneseans başladı. Çünki texnoloji inkişaf belə düşüncənin məhsuludur. Bir düşüncəyə əsaslanan Qərbə baxın, bir də bu gün münaqişələr içində batan, düşünmək yerinə dini inancını siyailəşdirən Şərqə. Martin Lüter Almaniyada İncili tərcümə edənə qədər alman dövləti yox idi. Feodal alman dövlətləri var idi. Amma düşüncə Bismarkı yetşdirdi. Bizdə Martin Lüter yoxdur. Amma istinad edəcəyimiz Aida İmanquliyeva var. Heç deyilsə onun tədqiqatlarından yola çıxaq.

- Tədbirin zamanı avqustun 6-sı seçilib. Bu tarixin xüsusi bir önəmi var?
- Bəli. Heç bir şey elə-belə seçilməyib. Hər şeyin mənası var. 1998-ci ilin avqust ayının 6-da Heydər Əliyev "Qlavliti" ləğv etdiyi üçün, bu tarixdən sonra senzura rəsmi olaraq aradan qaldırılır. Biz bu tarixi simvolik olaraq seçmişik ki, ifadə azadlığımızdan istifadə edək.

- Son sualım: tədbirin aparıcısı kim olacaq?
- Bu sualınıza konkret olaraq cavab verə bilməyəcəm. Çünki, sürpriz olmasını istəyirəm. Bir şeyi dəqiq deyə bilərəm ki, o hər kəsin tanıdığı biridir.

Qeyd: Kampaniya ilə bağlı daha ətraflı BURADAN oxuya bilərsiniz.
Kamran Həsənli
Etatist.com
Şərhlər : 1 Şərh yaz
Vasmoy 4 avqust 2015 15:57  

Salam. cox gozel musahibedi . Sehriyyar bey doqrulari danisan birisidir.Esq olsun

İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti