Bəxtiyar Vahabzadə Aida İmanquliyeva haqda: O, mənəviyyat simvolu idi

31-07-2015, 13:46
Oxunub: 864
Qısa, lakin mənalı ömür yolu ilə Azərbaycan xalqının, onu sevənlərin gözündə ucalıq zirvəsində ucaldı


Azərbaycanın görkəmli şərqşünası Aida İmanquliyeva 1939-cu ilin 10 oktyabrında Bakı şəhərində ziyalı ailəsində anadan olub. Orta məktəbi qızıl medalla bitirən A.İmanquliyeva Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb şöbəsində təhsil alıb. Moskvada SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda ərəb filologiyası üzrə aspiranturanı bitirib, Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda kiçik elmi işçi, sonra baş elmi işçi, ərəb filologiyası şöbəsinin müdiri, elmi işlər üzrə direktor müavini, həmin institutda direktor vəzifəsində çalışıb.

Fəaliyyəti dövründə mühacir ərəb yazarlarından Mixail Nüayməni, Cübran Xəlil Cübranın əsərlərini tərcümə eləyib, bir sıra elmi məqalələrin müəllifidir.

Bir çox yazıçılar, ictimai xadimlər Aida İmanquliyeva və onun fəaliyyəti haqqında yazılar yazıblar. Etatist.com Xalq şairi Bəxtiyar Vahabzadənin Aida İmanquliyeva haqqında yazdığı "O, mənəviyyat simvolu idi" adlı yazısını təqdim edir:

Bəxtiyar Vahabzadə Aida İmanquliyeva haqda: O, mənəviyyat simvolu idi

- O, mənəviyyat simvolu idi


Mən Aida xanımla əsərləri xasitəsilə tanış olmuşam. Onun yaradıcılıq yolunu səhifələyərək gözümün önündə sistemli, problemin məntiqi konturlarını aydın sezən, elmi təfəkkürü ilə bədii təfəkkürü harmoniya təşkil edən mədəni-intellektual qadın obrazı canlanır. Bu yüksək intellektə, mənəvi əlxaqi kamilliyə malik, erudisiyalı, yaradıcı Azərbaycan xanımı həm də mənəviyyat simvolu idi.

Onun qədim Misir mənşəli adı – Aida sonradan C. Verdinin eyniadlı operasında təsvir edilən məhəbbətə sədaqətli, eşqini hər cür mənafelərdən yüksək tutan safürəkli, fədakar qadın obrazına çevrilmişdi.

Minilliyin dərinliyindən süzülüb gələn bəşəri nur sonradan onun bütün varlığına, yaradıcılıq yoluna işıq saçdı. Bəlkə də adlna sadiqliyiidi ki, o məhz xalqımızın tarixinin, mədəniyyətinin minilliklər boyu dərin köklərə bağlı olduğu Şərq mədəniyyəti və ədəbiyyatını tədqiqat obyekti seçdi. Azərbaycan şərqşünaslığında yeni dövr ərəb ədəbiyyatının ilk tədqiqatçısı və ilk azərbaycanlı ərəbşünas qadın elmlər doktoru adını aldı. Aida xanım özündən sonra çağdaş ərəb ədəbiyyatının tədqiqində yeni bir səhifə, yeni bir yol açdı.

O, çoxsaylı elmi əsərlərində (3 monoqrafiya, 70-dən çox elmi məqalədə) Şərq və Qərb ədəbi-mədəni əlaqələri, ərəb ədəbiyyatında mövcud olan mühacir (məhcər) ədəbiyyatının inkişaf tarixi, ədəbi prosesdə baş verən janr, korma, metod təkamülün analitik təfəkkür prizmasında keçirərək təhlil etmişdir. Onun 1975-ci ildə Moskvada nəşr edilmiş ilk monoqrafiyası XIX əsrin sonu – XX əsrin əvvəllərində Suriya və Livandan ABŞ-a mühacirət etmiş və mühacirətdə geniş yaradıcılıq fəaliyyəti ilə məşğul olmuş, “Qələmlər birliyi” adlı ədəbi cəmiyyət təşkil etmiş o dövrün görkəmli ərəb yazarlarından olan Mixail Nuaymənin yaradıcılığına həsr olunub. “Cubran Xəlil Cubran” adlı əsərində isə məhcər ədəbiyyatının digər nümayəndəsi Cübran Xəlil Cübranın yaradıcılığında romantizm üslubunun inkişaf stixiyası izlənir, əsərləri təhlil olunur, poetic dilinin təkamülü, lirizmi araşdırılır. Aida xanım bu sahədəki tədqiqatlarını davam etdirərək dünya ərəbşünaslığında ilk dəfə olaraq ərəb-Amerika, Qərbi Avropa və rus ədəbi əlaqələrinə toxunur, dünya ədəbiyyatının müxtəli ədəbi cərəyan və üslublarının yeni ərəb ədəbiyyatına təsirini müəyyənləşdirir.

Tanrı insanlığa xas bütün yüksək keyfiyyətləri ona bəxş etmişdi. Təbiətin yaratdığı ən nadir insan portreti simasının cizgilərində öz əksini tapmışdı. O, insani gözəlliyinin kamil mücəssiməsi idi: daxili aləminin zənginliyi, zəkasının itiliyi və zahiri hözəlliyi tam harmoniya təşkil edirdi.

O, ömrünün ən çiçəklənən çağında dünyamızı tərk etdi. Qısa, lakin mənalı ömür yolu ilə Azərbaycan xalqının, onu sevənlərin gözündə ucalıq zirvəsində ucaldı.

Azərbaycan-ərəb mədəni əlaqələrinə dünənimizlə bu günümüz arasında dostluq körpüsü salmaqla yanaşı, hər iki xalqın Aida sevənlərinin qəlbində millətə, Vətənə daimi sevgi təlqin edən bir məşəl yandırıb getdi. Onu daima anmaq və yaşatmaq üçün...

Bəxtiyar Vahabzadə, xalq şairi

Qeyd edək ki, iyul ayının 29-da Milli Fikir Mərkəzi və etatist.com-un heyəti iclas keçiriblər və iclasda "İslam mədəniyyətinin modernləşməsində Aida İmanquliyeva imzası" mövzusunda tədbir keçirilməsi qərarı veriblər. Ətraflı BURADAN oxuya bilərsiniz.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti