Robert Sekuta: "Vaşinqton Azərbaycana dəstəyini davam etdirəcək"

8-07-2015, 17:44
Oxunub: 716
"Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri də təsdiqləyir ki, iri enerji layihələrinin həyata keçirilməsi üçün siyasi dəstək çox vacibdir"


Rəsmi Vaşinqton qazın hasilatı və nəqlində Azərbaycana köməyini bundan sonra da davam etdirəcək.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bunu ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta energetika naziri Natiq Əliyevlə keçirdiyi görüşdə səsləndirib.

Görüşdə regional, Avropa və qlobal səviyyədə enerji təhlükəsizliyini təmin etmək məqsədilə ABŞ-ın etibarlı enerji istehsalçısı və təchizatçısı kimi Azərbaycanla əməkdaşlıq məsələləri müzakirə edilib.

Energetika naziri N.Əliyev “Cənub" qaz dəhlizinin reallaşdırılması istiqamətində işlərin qrafikə uyğun aparıldığını bildirib. Nazir, bu layihə üzrə Məşvərət Şurasının fevralın 12-də Bakıda keçirilən iclasının əhəmiyyətini xüsusi vurğulayıb. Həmin toplantının layihənin siyasi səviyyədə müzakirəyə çıxarılmasına, bütün tranzit ölkələrdə yarana biləcək mümkün problemlərin müzakirəsinə və çıxış yollarının birgə axtarılmasına şərait yaratdığını diqqətə çatdırıb.

N.Əliyevin sözlərinə görə, Azərbaycan enerji layihələri ilə əlaqədar üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirir. Ölkəmizin bu sahədə möhkəm hüquqi bazaya, güclü tərəfdaşlara və imkanlara malik olması buna şərait yaradır.

Azərbaycanın energetika naziri “Trans-Adriatik” (TAP) boru kəməri layihəsi ətrafında müşahidə olunan problemlərdən də söz açaraq ABŞ-ın bu məsələdə mövqeyini yüksək qiymətləndirib. “Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri də təsdiqləyir ki, iri enerji layihələrinin həyata keçirilməsi üçün siyasi dəstək çox vacibdir. "Cənub" qaz dəhlizi, onun bir hissəsi olan TAP-ın reallaşması üçün də belə dəstək mühüm əhəmiyyət kəsb edir”, - deyə nazir bildirib.

ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta isə bildirib ki, rəsmi Vaşinqton qazın hasilatı və nəqlində Azərbaycana köməyini bundan sonra da davam etdirəcək.

Görüşdə Yunanıstanda cərəyan edən hadisələrin enerji layihələri və dünya bazarında neftin qiymətinə təsiri, Transxəzər qaz kəməri və “Türk axını” layihələri ətrafında da geniş fikir mübadiləsi aparılıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti