Nərmin Cəfərova

9-02-2013, 10:27
Oxunub: 3125


Uzun bir yolçuluq və bu yolçuluğun yolçuları.

Eyni dərdi, eyni yolu, eyni həyatı bölüşən insanlar. Hər stansiyada bir-bir dostlarını itirirlər. Mükafatını gözləyən uşaqlar kimi sonda heç təsəvvür etmədikləri sürprizlə qarşılaşarlar. Bu acı sürprizdən sonra artıq hansı stansiya olursa olsun bu yolçuluğu durdurmağa can atarlar. Sevgidən, qayğıdan məhrumdurlar. "Atılmışlar" deyirlər onlara, "lazımsızlar". Günahları nədir? Qoca olmalarımı?

Yolum üstündə yerləşirdi onların dərd evi - tək sığınacaqları yer. Həmişə həyətdə gəzişən qocaları görürdüm. Sonu bilinməyən qatarda, tək oturacaqda oturmuş, başını şüşəyə dayamış yalnızları. Həyatının hər acısını görənlər toplusuydu sanki bura. Amma burda olmaqları qədər hələ ən acısını yaşamamışdılar. Üzlərindəki hər cizgi, qırış öz hekayələrini anladırdı sanki. Bir dam altında başqa-başqa həyatlar idi onlarda...


Hər keçdiyimdə pəncərə önündə davamlı oturan, bir ziyarətçisini gözləyən yaşlı qadın diqqətimi çəkirdi. Heç otağından çıxmaz, o pəncərədən - öz acılı dünyasından baxardı bu həyata. Gözləyərdi birilərini. Amma qorxu var idi içində ölümün o gözlədiklərindən tez gəlmə qorxusu. Divarlar sirdaşı, pəncərə tək təsəllisiydi. Üzündəki o qırışlar sanki gözlərilə düşüncələrinin söhbətləşməsindən bir cığır yaratmışdılar üzündə.


Çox marağımı çəkirdi və bir gün onların dərdinə ortaq olmaq üçün getdim ziyarətlərinə. Həyətin qapısından içəri girdiyim an yorğun, üzlərində cığır salmış gözlərin mənə zillənməsi məndə çox fikirlər oyatdı. Amma onların hamısının ağlında bir fikiri var idi, "Görəsən mənim üçün gəlib?". Bu zaman mənə yaxınlaşan xanım tərəfindən bu ziyarətimin kimə görə olunduğu soruşulsada nə deyəcəyimi bilmirdim, kimə görə gəldiyimi deyə bilmirdim. Otaqlara yemək servisi edən xanımların danışığından anladımki 42-ci otaqdakı Səriyyə nənə yenə yeməkdən imtina edib, qapını açmıyıb. Düşündüklərim məni yanıltmadı. Həmişə pəncərə önündə gördüyüm o yaşlı qadın Səriyyə nənə idi. Mən də onun yanına gəldiyimi söylədim. 42-ci otağa yaxınlaşdıq. Qapı açılmayacaqdı bu normal idi. Amma bir ziyarətçisinin olduğunu eşitdiyi an qapı taybatay açıldı. O sərt baxışları "gözlədiyim axı sən deyilsən" deyirdi. Bir neçə saniyəlik gözümü otağa gəzdirdim. Yenə oturacağı pəncərə önündəydi. Çəkməcənin üzərində çərçivədə ailə şəkilləri var idi. Amma o çərçivədə Səriyyə nənə yox idi. Səriyyə nənə o çərçivədən çoxdan çıxarılmışdı. İçəri addımımı atmaq istəyərkən qapı üzümə bağlandı. Çünki, o çərçiviədə olanların yolunu gözləyirdi. Fikirli halda dəhlizlə irəliləyirdim. Axi bu qədər böyük varlıqdan necə imtina oluna bilərdi?

Min cür əzabla bizi böyüdən anadan, öz tikəsindən kəsib bizi doyuran anadan, xəstələndiyimiz an dünyası başına yıxılan anadan biz necə vaz keçə bilərik axı? Bu qədər asandırmı bir insanı 4 divara həbs etmək? Artıq qocalıb, lazım deyilmi ana bizə? Qarşılarına keçəcək qədər hirsli idim Səriyyə nənəni o otağa həbs edənlərə qarşı.


Həyətə təzəcə çıxıb qapıya tərəf yol almışdım ki, yenə gördüklərim məni təəccüb içində buraxmışdı. Axı bu Həsən babaydı. Həmişə parkda gördüyüm, göyərçinlərə dən ata-ata söhbət etdiyim Həsən baba. Skamyada oturmuş fikirli-fikirli təsbehini çevirirdi. Fikrini ağ-qara muncuqlardan ayırıb məni görcək şad oldu. Amma o həmişəki sevinc gözlərində yox idi. O uşaq tək sevinməsi, gülüşü onu çoxdan tərk etmişdi. Suallarla dolu gözlərimdən qaçırırdı gözlərini. Niyə? Hansı səbəblə burdaydı? Həmişə öyünə-öyünə danışdığı oğlundan bu dəfə söz açmırdı. Bəlkə də Həsən babanın burda olmasına səbəb o idi. Çox zəngin iş adamı idi oğlu. Həsən baba onun uğurlarından söz açardı mənə. Amma bu hərəkətindən o özü utanırdı söz açmağa. Onu bura, lazımsız əşya kimi atan oğlunun bu hərəkətindən bir kəlmə belə açmaq istəmirdi. Nifrətindən deyil, həmişə təriflədiyi oğlunu mənə pisləməkdən utanırdı. Bu haqda heç bir söz soruşmadım. O əvvəlki kimi mənlə ünsiyyət qurmurdu. Həmişə parkda quşların civiltisini dinləyən Həsən baba indi səssizliyilə bura məhkum olunmuşdu.

Bu çətin yolçuluğun sakit yolcuları səssiz-səmirsiz yollarına davam edirdilər. Gözlənilməyən anda isti yuavalarından bu soyuq kabinlərə atılmışdılar. Həmişə mışıl-mışıl yatan körpələrinin başında gözləyən analar yenə yuxusuzdur, övladının bir tikə çörəyi üçün gecələr çalışan atalar yenə yuxudan məhrumdur. Onlar yenə öz övladlarını düşünürlər. Amma o övladlar köhnəlmiş oyuncaq kimi valideynlərini qocalar evinə atırlar. Hələ bir parça çörəkdən ötrü şaxta kəsmiş əllərilə limon satan qoca analar... Küçədə qarşımı kəsib xoşbəxtliyim üçün daima dua edən anaya mən pul verməklə onu xoşbəxt edə bilərəmmi? Budumu anların haqq etdikləri həyat?
 "Valideyn" adını qazanan gündən bəri onların həyatı bizim həyatımız olur. Bizim üçün yaşayırlar, çalışırlar, savaşırlar. Valideyn insana allahdan sonra ikinci dostdur. Onların Səriyyə nənə, Həsən baba olmasına əsla amma əsla izin verməyin. Bu dostluğun qədrini bilin!
Şərhlər : 1 Şərh yaz
Rəsulzade Ruslan 28 fevral 2013 21:59  
bu gözel yazıya görə müəllifə təşəkkür edirem.Hamimizin ureyinden oldu,yazan əlləriniz yorulmasın.
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti