Mikayıl Cabbarov Merin təklifinə cavab verdi

9-06-2015, 10:56
Oxunub: 643
“20 nömrəli məktəb respublikada ən böyük məktəblərdən biridir. Orada 3000-ə yaxın şagird oxuyur, 110-dan çox sinif var."


“Bakıdakı 20 nömrəli məktəbin eskizi Azərbaycanın mövcud qanunvericiliyinə uyğun olaraq təsdiqlənib. İşlər qrafikə uyğun aparılsa 20 nömrəli məktəbin tikintisinin 2016-2017-ci ildə başa çatdırılması planlaşdırılır”.

Bunu təhsil naziri Mikayıl Cabbarov deyib. M. Cabbarov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun 20 nömrəli məktəbin ərazisində park salınması ilə bağlı ideya verməsi haqda məlumatlara da münasibət bildirib:

“Hacıbala Abutalıbov təhsillə bağlı olan adamdır. Mən onun fikri ilə tanış deyiləm. Yəqin ki, anlaşılmazlıq olub. Düşünürəm ki, bu işdə heç bir problem olmayacaq. Məktəbin tikintisinin 2016-2017-ci illərdə başa çatdırılması planlaşdırılır. Bakı Şəhər İcra Hakimiyyəti son illərdə onlarla məktəb tikib, təhvil verib. Həmin məktəblərdə paytaxtda yaşayan on minlərlə şagird təhsil alır. Paytaxt sakini olaraq o şagirdlərin adından Hacıbala Abutalıbova təşəkkürümü bildirirəm”.

Təhsil naziri qeyd edib ki, 20 nömrəli məktəbdə təhsil alan şagirdlər iki ayrı məktəbə yerləşdirilib: “20 nömrəli məktəb respublikada ən böyük məktəblərdən biridir. Orada 3000-ə yaxın şagird oxuyur, 110-dan çox sinif var. Bir neçə innovativ, o cümlədən elektron tədrisi və təhsili tətbiq edən mexanizmlər 20 nömrəli məktəbdə tədris olunur. Çox böyük olduğuna görə orada təhsil alan şagirdləri iki ayrı məktəbdə yerləşdirə bilmişik”.

Nazir həmçinin bildirib ki, kolleclərin ali təhsil müəssisələrinin tərkibinə qatılması prosesi tədricən həyata keçiriləcək: “İlk olaraq Azərbaycan Maliyyə-İqtisad Kollecinin Azərbaycan Dövlət İqtisad Universitetinin tərkibinə verilməsi təklif edilib. Daha sonra Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin Azərbaycan Texniki Universitetinin tərkibinə verilməsi planda var. Ancaq onu qeyd edim ki, bu proses bütün kolleclərə şamil edilmir. Bu, yalnız bir neçə kolleclərə aiddir”.

M. Cabbarov qeyd edib ki, Təhsil Nazirliyi tərəfindən 2015-2016-cı tədris ili üçün bir neçə kollecə dair müvafiq təkliflər Nazirlər Kabinetinə təqdim olunub: “Hazırda aidiyyəti qurumlarla razılaşdırma prosesi gedir. Ali təhsil müəssisələrində müasir Boloniya prosesinin tələblərinə keçid daha tez sürətlə gedir, nəinki orta ixtisas təhsil müəssisələrində. Yeniliyi tətbiq etməklə bu prosesi fəallaşdırmaq istəyirik. Bütün bunlar orta ixtisas təhsil pilləsində tələbələrə verilən təhsil səviyyəsinin yüksəldilməsinə və müasir əmək bazarının tələblərinə cavab verən kadrların yetişdirilməsinə xidmət edir”.

(Apa)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti