"Azərbaycanın müstəqil xarici siyasəti qısqanclıqla qarşılanır"

4-06-2015, 16:22
Oxunub: 738
"MDB iflic keçirmiş insana bəznəyir"


Azərbaycan Dillər Universitetinin Beynәlxalq münasibәtlәr kafedrasının müdiri, siyasi elmlәr üzrә fәlsәfә doktoru, dosent, politoloq Samir Həmidov Etatist.com-a verdiyi müsahibəsində oktyabr ayının 16-da baş tutacaq MDB ölkə başçılarının “Astana” samiti ilə bağlı öncədən hansı gözləntilərin olabiləcəyinə dair öz proqnozlarını bildirib.

Politoloqla müsahibə zamanı “Astana” samiti çərçivəsində hansı nəticələrin əldə olunacağına dair müxtəlif məsələlərə aydınlıq gətirməyə çalışdıq:

- Bu yaxınlarda prezident İlham Əliyev Avropa Birliyinin Şərq Tərəfdaşlığı proqramı çərçivəsində baş tutan Riqa görüşündən imtina etdi. Bəs, cənab prezidentin Astana görüşünə qatılacağı gözlənilirmi?
- Azərbaycanın Avropa ilə və MDB çərçivəsində əməkdaşlığı biri digərini istisna etmir. Avropa İttifaqının Şərq tərəfdaşlığı sammitində prezident İlham Əliyevin iştirak etməməsi obyektiv səbəblərlə bağlıdır. Bu, ilk növbədə, prezidentin də qeyd etdiyi kimi Aİ-nın əməkdaşlıq etmək və Azərbaycana yaxın olmaq istəyi ilə bağlıdır. Başqa sözlə desək, Aİ bizə nə qədər yaxın olmaq istəyirsə, biz də ona o qədər yaxın oluruq. Digər bir amil Aİ-nın Azərbaycana qarşı tətbiq etdiyi təzyiq siyasətidir. Bu siyasət qarşılıqlı münasibətlərə soyuqluq gətirir. MDB çərçivəsində əməkdaşlığı Aİ-na alternativ kimi nəzərdən keçirmək doğru olmazdı. Hər iki istiqamətdə əməkdaşlıq bir-birini tamamlayır. Bununla belə, müxtəlif vaxtlarda Aİ rəhbərliyində və xüsusilə Rusiya tərəfindən Azərbaycanın müstəqil xarici siyasi davranışları qısqanclıqla qarşılanır. Böyük ehtimalla cənab prezident Astana görüşündə iştirak edəcək.

- Astana sammitində xarici işlər nazirləri də görüşəcək. Müzakirə olunacaq məsələlərdən biri də Xəzər dənizinin hüquqi statusudur. Sammitdən Xəzərin hüquqi status ilə bağlı yekun müsbət qərarların qəbul olunacağına hər hansı ümid var?
- Xəzərin hüquqi statusu çox mürəkkəb məsələdir. Xüsusilə son dövrlərdə regionda baş verən geosiyasi proseslər kontekstində daha da həssas xarakter alıb. Zənnimcə, bu razılaşma ilk növbədə İranla əldə edilməlidir. Bundan əlavə, regionda hadisələrin inkişafından bilavasitə asılı olacaq, yəni gərginlik azalarsa Xəzərin hüquqi statusnun müəyyən edilməsi asanlaşa bilər.

"MDB iflic keçirmiş insana bəznəyir"

- 2014-cü ildə MDB dövlət başçılarının Minsk sammitində prezident İlham Əliyev MDB-nin potensialının tükənmədiyini və bu birlik daxilində əməkdaşlığa önəm verdiyini açıqlamışdı. Bu fikirlərdən sonra Astana görüşünün uğurlu keçəcəyini demək olar?
- MDB bir struktur kimi iflic keçirmiş insana bənzəyir, onun yaxın müddətli perspektivdə səmərəli fəaliyyət göstərməsi ehtimalı çox azdır. MDB öz daxilində münaqişə vəziyyətində olan dövlətləri birləşdirdiyi üçün onun fəaliyyəti inersiya üzrə reallaşır.

- Nəzərə alsaq ki, MDB ölkələrinin öncəki Minsk görüşü elə də uğurlu olmadı, məsələn: Ukrayna prezidentinin sammitə qatılmaması və digər həll olunmamış məslələrin hələ də gündəlikdə qalmasını bura aid etmək olar. Ümumiyyətlə, Astana görüşü Qarabağ, Ukrayna, Moldova və Gürcüstan münaqişələrinin həllində hansısa effektiv rol oynaya bilər?
- Astana görüşündə regionda mövcud olan münaqişələrlə bağlı hər hansı irəliləyiş baş verməyəcək. Bu cür problemlər ilk növbədə iki tərəfli əsasla nizamlanmalıdır. Başqa sözlə desək, Rusiya-Gürcüsan, Rusiya-Ukrayna münasibətləri normallaşmadıqca qeyd edilən münaqişələrin çoxtərəfli əsasda həlli mümkün görünmür.

Fərrux Həsənov
Etatist.com
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti