Boykot məsələsinə Nigar Köçərlidən cavab: "Başqa kitab evi ilə işləsinlər"

4-06-2015, 11:35
Oxunub: 670
"Nəzərə alın ki, bütün dükanlarımız və anbarımız kirayə götürülüb"


Bu günlərdə "Əli və Nino" mağazalar şəbəkəsi ilə bəzi yazıçılar arasında qalmaqal yaşanıb. Yazıçılar bu mağaza şəbəkəsi ilə iş birliyində olmayan nəşriyyatlarda çap edilən kitabların satışa çıxarılmamasına etiraz edir. Onlar bu barədə bəyanat da yazıblar. 

Həmin bəyanatı təqdim edirik:

"Əli və Nino” mağazalar şəbəkəsi Azərbaycan ədəbiyyatına qoyduğu qadağa davam edir.

Onsuz da zəif olan kitab yayımı şəbəkəsi bu qadağa nəticəsində tamamilə iflic olmuşdur. Mağazalar şəbəkəsinin rəhbərləri isə ictimai etirazları nəzərə alaraq problemi həll etmək əvəzinə səhvlərində israr edir, öz monopolist maraqları naminə müasir dövr Azərbaycan ədəbiyyatının kitablar vasitəsi ilə oxuculara çatdırılmasının qarşısını almaq istəyir. Bu zehniyyətin fakturası Azərbaycan yazıçısına və oxucusuna kəsilir.

“Əli və Nino” mağazalar şəbəkəsinin müstəqil nəşriyyatlarla “centlmen sazişi” nəticəsində Azərbaycan yazıçıları çətin vəziyyətə düşmüşdür. Nəşriyyatlar yazıçılara heç bir qonorar ödəmir, “Əli və Nino” ilə iş birliyində olmayan nəşriyyatlarda çap edilən kitablar isə satışa çıxarılmır. Nəticədə Azərbaycan yazıçıları istismar edilir, onların kitablarından gələn gəlir nəşriyyat və mağazalar şəbəkəsi tərəfindən bölüşdürülür. Biz bu istismar sisteminə qarşı etiraz səsimizi ucaldırıq!”

Biz aşağıda imza edənlər “Əli və Nino” mağazalar şəbəkəsini boykot edirik!

Adı gedən mağazalar şəbəkəsi milli ədəbiyyata layiqli yer ayırana qədər onlara satış üçün kitab verməyəcək, ümumiyyətlə bu şəbəkə ilə bütün münasibətləri kəsəcəyik.

Bütün yazıçı və oxucuları boykota qoşulmağa çağırırıq.

Azad Qaradərəli
Əsəd Cahangir
İlqar Fəhmi
Səhər Əhməd
Çinarə Omray
Mübariz Məsimoğlu
Etimad Başkeçid
Kazım Səlimov
Qəşəm Nəcəfzadə
Cavid Zeynallı
Əsəd Qaraqaplan
Sahilə İbrahimova
Könül Həsənqulu
Səidə Haqverdiyeva 
Murad Köhnəqala
İlham Qəhrəman
Qismət
Cəlil Cavanşir
Şərif Ağayar
Mirmehdi Ağaoğlu
QanTuralı
Ağa Cəfərli
Zaur Xudiyev
Səxavət Sahil
Kənan Hacı
Elnaz Eyvaz
Aliyə
Rövşən Naziroğlu
Müşfiq Xan
Mübariz Örən
İkinci Mahmud
Ömər Xəyyam
Emin Piri
Səbuhi Məmmədli
Ulucay Akif
Mehriban Nağıyeva
Dilqəm Əhməd

Etatist.com əlavə edir ki, "Əli və Nino" mağazalar şəbəkəsinin rəhbəri Nigar Köçərli "Yeni Müsavat"da bu gün yayımlanan müsahibəsində yazıçıların kitabları satılmadığı halda yenə də kitablarını gəlib götürmədiklərini bildirib:

"Satışa götürdüyümüz kitablar üçün bağlanılan muqavilədə müddət göstərilib. Həmin müddət ərzində kitab satılmırsa, gəlib kitablarını götürməlidirlər. Əvvəllər kimsə bizə 500 ədəd kitabından verirdirsə, sonradan 5 il ərzində o kitabın heç 4-5 nüsxəsi belə satılmırdı. Qalanı qalırdı anbarda. İndi təsəvvür edin ki, söhbət 5-6 yazardan getmir. Hazırda anbarımızda 500-ə yaxın yazara aid olan 15-20 min kitab var. Heç kim gəlib götürmək istəmir. Biz də məcburuq ki, müəlliflərdən az sayda kitab götürək və dərhal dükanlara göndərək, anbarda saxlamayaq. Nəzərə alın ki, bütün dükanlarımız və anbarımız kirayə götürülüb".

O həm də bu çağırışı edənlərin ümumiyyətlə, nə kitab aldıqlarını nə də kitab oxuduqlarını bildirib. Qeyd edib ki, əgər kim onların işindən razı deyilsə, başqa kitab evi ilə işləsin.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti