Nazir: "Enerji təhlükəsizliyi siyasi amillərdən asılıdır"

3-06-2015, 15:05
Oxunub: 757
Enerji təhlükəsizliyinə təsir edən əsas faktorlardan biri siyasətdi


"Əgər əvvəllər enerji təhlükəsizliyi məsələləri texniki, texnoloji amillərdən asılı idisə, bu gün biz görürük ki, dünyada vəziyyət dəyişir və enerji təhlükəsizliyinə təsir edən əsas faktorlardan biri siyasətdi".

Bunu bu gün Bakıda işə başlayan Xəzər neft-qaz beynəlxalq konfransında çıxış edən Azərbaycanın energetika naziri Natiq Əliyev deyib.

Onun sözlərinə görə, İran məsələsi, Rusiya-Ukrayna münaqişəsi, Səudiyyə Ərəbistanı ilə Yəmən arasında baş verən toqquşmalar və sair amillər bu gün enerji təhlükəsizliyinə daha çox təsir edir: "Buna görə də, bu münaqişələr həm siyasətçiləri, həm də neft-qaz sahəsində çalışan şirkət rəhbərlərini narahat edir. İnvestisiyalar sabit ölkələrə axır. Qeyri-sabitlik olan ölkələrə investisiya yatırıla bilməz".

O, qeyd edib ki, hazırda Avropa enerji resursları çatışmazlığından ciddi narahatdır: "Buna səbəb Ukrayna ilə Rusiya arasındakı münaqişədir. Çünki Rusiya Avropa ölkələrinə enerji resursları tədarük edən əsas ölkədir. Dünyada enerji resurslarına olan təlabat günü-gündən artır və bu artımın davam edəcəyi gözlənilir".

Nazir bildirib ki, dünyada alternativ enerjinin istehsalının artmasına baxmayaraq, neft və qaza olan tələbat da artır: "Bu səbəbdən Azərbaycan enerji resursları baxımından Avropa üçün böyük potensiala malikdir. Ölkəmiz Orta Asiya ölkələri üçün də böyük əhəmiyyət kəsb edir". (Musavat)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti