"Neftdən asılılığı böyük dərəcədə azaltmışıq" -İlham Əliyev

2-06-2015, 10:27
Oxunub: 378
"Azərbaycanın düşünülmüş addımları Avropanın enerji xəritəsini yenidən tərtib edir"


“Biz artıq 21-ci əsrin layihəsini - Cənub Qaz Dəhlizini həyata keçiririk”.

Bunu Bakıda keçirilən 22-ci Beynəlxalq “Xəzər Neft və Qaz 2015” (“Caspian Oil and Gas 2015”) sərgisinin rəsmi açılış mərasimində çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi də strateji layihədir: “Neft-qaz strategiyası uğurla həyata keçirilməsəydi, bu işləri görə bilməzdik. Neft-qaz və onların ixracı sahəsində Azərbaycan strateji valyuta ehtiyatları əldə etdi. Azərbaycan iqtisadiyyatı son 10 ildə 300 faiz artıb, sosial məsələlər həllini tapıb. Biz düşünülmüş iqtisadi siyasət apararaq neftdən asılılığı böyük dərəcədə azalda bilmişik. İqtisadiyyatımızda neft amili 30 faiz təşkil edir. Biz Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində böyük uğura imza atmışıq. Artıq neft amilindən daha az asılıyıq. Neftin qiyməti 2 dəfə düşsə də, bu il 5% iqtisadi artım əldə etmişik”.

Prezident bildirib ki, qarşıda duran əsas vəzifə iqtisadiyyatı şaxələndirmək, neft-qaz amilindən asılılığı daha da azaltmaq, icra edilməmiş böyük infrastruktur layihələrini reallaşdırmaqdır: “Bununla bərabər, enerji sektorunda da qarşıda duran vəzifələr həllini tapacaq. Çünki bunun üçün çox böyük əsas var. Neft-qaz sahəsində beynəlxalq əməkdaşlıq göstərir ki, Azərbaycanın xarici əməkdaşlığı səmərəli qurulub. Xüsusilə BP bizim əsas tərəfdaşımızdır, həm "Əsrin Müqaviləsi", həm də "Şahdəniz" layihəsində aparıcı sərmayədardır. Bu əməkdaşlığın 20 ildən çox tarixi var. SOCAR və BP əməkdaşlığı bundan sonra daha neçə on illiklər davam edəcək”.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanda neft-qaz müqavilələri qanunla qorunur: “Bu gün keçmişə baxaraq deyə bilərik ki, Azərbaycan enerji sahəsində layihələri vaxtlı vaxtında icra edib”.

"1994-cü ildə ilk belə sərginin keçirilməsi çox mühüm idi, o ildən sonra Azərbaycan inkişaf etməyə başladı. Azərbaycan 1992-1993-cü ildə böhranla üzləşmişdi, neft sənayesində böhran vardı. 1994-cü ildə birinci sərgi Azərbaycanı dünyaya tanıtdı"- deyən dövlət başçısı deyib ki, bu sərgilər Azərbaycanın artan enerji potensialını dünyaya nümayiş etdirir:

“Sərgidə 300 şirkət iştirak edir. Ötən müddətdə sərgiyə maraq azalmayıb. 1994-cü ildə birinci Xəzər Neft və Qaz Sərgisindən sonra Azərbaycanın neft strategiyası yaradılıb. 1994-cü ildə ilk neft müqaviləsi imzalanıb. O müqavilə imzalanmasaydı, Azərbaycanın inkişafını təsəvvür etmək çox çətin olardı. Baxmayaraq ki, Azərbaycan o dövrdə riski ölkə sayılırdı, ancaq həm investorların, həm də Azərbaycanın maraqları üst-üstə düşürdü. Bu, Azərbaycanın inkişafını təmin etdi”.

Dövlət başçsısı deyib ki, Azərbaycanın təsdiqlənən qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Bir neçə yataqda iş aparılır, inanıram ki, təsdiqlənən ehtiyatlar daha böyük olacaq. Onun sözlərinə görə, enerji marşrutlarının şaxələndirilməsinin böyük önəmi var:

“Bu yaxınlarda Avropa İttifaqının enerji siyasətində gedən proseslər göstərir ki, Azərbaycan çox önəmli tərəfdaş kimi qəbul edilir. Biz bunu yaxşı bilirik, öz rolumuzu yaxşı anlayır və məsuliyyətimizi dərk edirik. Azərbaycan Avropa üçün etibarlı tərəfdaş kimi fəaliyyət göstərir. Bütün bunlar Avropa və Azərbaycan arasında münasibətləri daha da yüksək səviyyəyə qaldıracaq. Biz istəyirik ki, Avropa İttifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlıq formatı təşkil olunsun”.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın düşünülmüş addımları Avropanın enerji xəritəsini yenidən tərtib edir: “Bu, ölkəmizi gücləndirəcək, yeni siyasi və iqtisadi dividentlər gətirəcək, nəticədə Azərbaycan xalqının daha yaxşı yaşaması təmin olunacaq”.

Dövlət başçısı Azərbaycanda islahatların davam etdiyini söyləyib: “Azərbaycanda böyük beynəlxalq tədbirlər, toplantılar da keçirilir. Biz qısa müddətdə - iki ildə Birinci Avropa Oyunlarına hazırlığı başa çatdırdıq. Bu, Azərbaycanın qüdrətini göstərir”. (Apa)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti