Azərbaycan Avropa İttifaqı ilə Strateji Tərəfdaşlıq Sazişi imzalayacaq

21-05-2015, 11:23
Oxunub: 523
Görüşdə qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Komissiyasının üzvü, Avropa İttifaqının qonşuluq və genişlənmə üzrə komissarı Yohannes Han ilə görüşüb.

Virtualaz.org Azərbaycan XİN-in mətbuat xidmətinə istinadən bildirir ki, görüş zamanı Elmar Məmmədyarov tərəfindən Yohannes Hana “Bir tərəfdən Azərbaycan Respublikası, digər tərəfdən Avropa İttifaqı arasında Strateji Tərəfdaşlıq haqqında Saziş” layihəsi təqdim olunub.

Azərbaycanın Avropa İttifaqının əksər üzv dövlətləri ilə strateji tərəfdaşlıq münasibətlərinə malik olduğu qeyd olunaraq, bu sənəd əsasında Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın strateji müstəvidə inkişafı üçün imkanların yarana biləcəyi vurğulanıb.

Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqqında məlumat verən E. Məmmədyarov münaqişə ilə əlaqədar Azərbaycanın ədalətli mövqeyinə Avropa İttifaqı tərəfindən aydın və birmənalı mövqe bildirilməsinin vacibliyini diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

“Bir tərəfdən Azərbaycan Respublikası, digər tərəfdən Avropa İttifaqı arasında Strateji Tərəfdaşlıq haqqında Saziş” layihəsi nota ilə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə yüksək nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Federika Mogeriniyə də təqdim olunub.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti